Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukrayna ərazilərini işğal etmək üçün uydurduğu bəhanələrdən biri də bu ölkədə yaşayan rus icmasını “yerli nasistlərdən müdafiə etmək” idi.
Müharibənin başlanğıcında Kremlin sərəncamında olan media qurumları “denasifikasiya” terminindən çox istifadə edirdilər, belə qələmə verirdilər ki, guya bu ölkədə yaşayan ruslar az qala soyqırım təhlükəsi qarşısındadırlar.
Əslində isə bu sahədə elə də ciddi problemlər yox idi. İnsanlar iç-içə asudə yaşayırdılar. Sadəcə, bu ölkədəki, eləcə də keçmiş SSRİ respublikalarında mövcud olan rus icmaları Kremlin əlində təzyiq və şantaj aləti olduğundan, bir gün onların istifadə zamanı gəlmişdi.
SSRİ adlanan sözdə federasiyaya daxil edilmiş, əslində isə müasir Rusiya imperiyasının müstəmləkələri olan ölkələrin elə biri yoxdur ki, orada rus icmaları olmasın. Bu şəxslər heç də həmin ölkələrin aborigen əhalisi deyillər, onlar oraya son yüzilliklərdə, ən çox da sovet dövründə köçürülüblər.
Azərbaycan və Ermənistandakı rus icmaları Rusiya imperiyasının Qafqazı işğal etməsindən sonra əmələ gəlib. Türkmənçay müqaviləsindən sonra rus çarının əmri ilə Azərbaycana və Ermənistana çox sayda rus ailəsi köçürülüb. Həmin ailələrə bu ölkələrdə məskunlaşmaq üçün lazımi şərait yaradılıb. Onlar yerli əhali ilə müqayisədə üstün imtiyazlara malik olublar, köklənib, çoxalıblar və imperiyanın cənub sərhədlərinin qalası halına gəliblər.
Bu proses sovet dövründə də davam edib. SSRİ-nin sərhədlərini qoruyanlar, ölkəmizdəki hərbi hissələrdə xidmət edənlər əsasən rus hərbçilər olublar. Sənaye müəssisələrində işləmək üçün də minlərlə rus Bakıya, Sumqayıta gətirilib.
Məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ruslar Azərbaycanda üçüncü ən böyük etnik qrupdur və müasir Rusiyadan kənardakı ən böyük rus icmalarından biridir.
Hazırda ölkəmizdə 100 mindən artıq rus yaşaylr.
Maraqlıdır ki, rus icmasının ən azsaylı olduğu postsovet ölkəsi Ermənistandır. Bu ölkədə 2022-ci ilə qədər təxminən 12 min nəfər rus yaşayıb və respublika əhalisinin 0,39%-ni təşkil edib. Onsuz da monoetnik ölkə olan, başqa etnik azlıqları öz içində barındırmayan Ermənistanda artıq ruslar da xor görülür. Bu səbəbdən Ermənistanda yaşayan ruslar, xüsusilə də gənclər və ortayaşlılar Rusiya Federasiyasına mühacirət edirlər.
2014-cü il siyahıyaalmasına görə, Gürcüstanda ruslar üçüncü ən böyük etnik azlıqdır. İqtisadi tənəzzül və etnik gərginlik, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi bu ölkədə rusların sayına mənfi təsir göstərib. Son illərə qədər cavan ruslar Gürcüstanı tərk edir, yerdə yaşlı ruslar qalırdı. Ancaq 2020-ci illərdə Gürcüstanda rus əhalisi artmağa başlayıb. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ölkə Rusiyanın siyasi mühacirətinin mərkəzlərindən birinə çevrilib.
Qazaxıstanın əksər bölgələrində ruslar ikinci ən böyük milli komponentdir. Rus əhali daha çox Şərqi Qazaxıstanda (37,1%), Karaqandada (36,5%), Pavlodarda (36,5%), Akmola (33,6%) vilayətlərində və Almatı şəhərində (27,5%) yaşayır.
Bu vilayətlər Rusiya ərazisinə bitişikdir deyə Qazaxıstan hökuməti bir gün oraların “yeni Donbas”a çevriləcəyindən çəkinir. Rusiyanın Dövlət Dumasında bəzən Qazaxıstana acığı tutan şəxslər bu faktordan istifadə edərək Astanaya təhdid sovurur, təzyiq göstərirlər.
Prinsipcə, Moskvadan çox uzaqda olan Qırğızıstanda rusların sayı az olmalı idi. Ancaq qırğızlar demişkən, “orustar” Qırğızıstanda üçüncü ən böyük milli qrupdur. 2021-ci ilin əvvəlində onlar ölkə əhalisinin 5,14%-ni (341 351 nəfər) təşkil edib. Kreml bu əhali qrupunun rahatlığı üçün rus dilinə xüsusi status verilməsini tələb edir.
Görünür, Moskva Özbəkistanı digər respublikalardan fərqləndirib deyə, bu ölkəyə daha çox rus əhali köçürüb. Bu gün Özbəkistanda 1 milyondan çox rusiyalı yaşayır. Bunlardan təxminən 850-900 mini etnik rus, təxminən 300 mini tatar və başqırddır. Sonuncular da bu ölkəyə sırf qırmızı imperiyanın milli siyasətinin komponenti kimi köçürülüblər. Daşkənd vilayətində və şəhərində 580 minə yaxın rus yaşayır. Bundan başqa, onlar kompakt şəkildə Səmərqənd, Nəvai və Buxara vilayətləridə, eləcə də Fərqanə vadisinin şəhərlərində məskunlaşıblar.
Vaxtilə Türkmənistanda əhalinin 6,7%-i ruslar olub. Türkmənistan müstəqillik qazanandan sonrakı ilk illərdə onların xeylisi Rusiyaya mühacirət edib.
Tacikistanda hazırda təxminən 35 min nəfər (respublika əhalisinin 0,5 faizi) rus yaşayır. Sovet vaxtı bu rəqəm daha böyük olub. Ancaq ruslar son 30 ildə tədricən ana vətənlərinə qayıdıblar.
Moldovada ruslar ölkənin ən böyük milli azlıqlarından biridir. 2014-cü ilin siyahıyaalınmasının nəticələrinə görə, ruslar respublika əhalisinin 4,1%-ni təşkil edirdi və ölkədə beşinci ən böyük millət idi. Moldovada ruslar arasında millətlərarası nikahların yüksək nisbəti sovet dövrü üçün xarakterik olub. Moldovanın müstəqilliyi ilə rus gəncləri daha tez-tez moldovalılarla evlənməyə başlayıblar. Sovet dövründə Moldovada 600 minə yaxın rus yaşadığı halda, hazırda, Dnestryanı bölgə istisna olmaqla, 366 minə qədər rus yaşayır.
Belarus da rusların çox yaşadığı postsovet ölkəsidir. Belarusda ikinci ən böyük milli qrup olan ruslar, 2019-cu ilin siyahıyaalınmasına əsasən, ölkədə 706 992 rus yaşayır və bu, respublika əhalisinin 7,5%-ni təşkil edir. Əhalinin cəmi 8%-i özünü rus hesab etsə də, 40%-i rus dilini ana dili sayır. Belarusların 70%-i isə əsasən rus dilində danışır, yazır.
Ukraynadakı ruslarla bağlı məsələ isə tamam başqa müstəviyə keçib, rəqəmlər və münasibətlər çox dəyişib.
Beləliklə, Kreml bu ölkələrə təzyiq etmək üçün “rus icmasınının sıxışdırılması” kimi kartı kozıra çevirə bilər.
Ancaq Rusiyada başlanmış anti-miqrant kampaniyası tədricən həmin ölkələrdəki rusların sayını da minimuma endirəcək.
Araz Altaylı, Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ