İnsanlara hürriyət, millətlərə istiqlal!

“Polkovnik”, “jurnalist”, “ekspert” - MİDA evləri adı ilə 430 minlik dələduzluğun TƏFƏRRÜATI

Özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) şəhərsalma və layihə planlaşdırma şöbəsinin müdir müavini kimi təqdim edərək 26 nəfərə qarşı dələduzluqda ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Musavat.com xəbər verir ki, Mirdaməd Əzizovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib.

Mirdaməd Əzizov özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin yanvarından 2024-cü ilin fevralınadək olan müddətdə Mənzil İnşaatı Dövlət Agentliyinin paytaxtın Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər üçün güzəştli elektron kabineti yaratmaq, həmçinin sərfəli şərtlərlə dəyərindən ucuz qiymətə mənzillərin alınmasına köməklik göstərilməsi ilə bağlı ona müraciət edənlərə özünü səlahiyyətli və vəzifəli şəxs kimi təqdim edib.

DAMED.jpeg (63 KB)

“Yeni Yasamal” yaşayış kompleksindəki mənzillərin alınmasını həll etmək imkanının olduğunu bildirib, həmin şəxslərdə güzəştli şərtlərlə mənzil almalarına köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, müxtəlif məbləğlərdə pul tələb edib.

Cinayət işi üzrə 26 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.

Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

26 nəfərdən ümumilikdə 431 min 600 manat pul aldığını etiraf edən Mirdaməd əməlindən peşman olduğunu bildirib.

O, mənzillərin alqı-satqısı sahəsində ekspert kimi çıxış etdiyini, televiziya kanallarında, mətbuatda və sosial şəbəkələrdə bu məsələlərlə bağlı çıxışlarının olduğunu deyib. Mirdaməd eyni zamanda BMT-nin insan hüquqları və azadlıqları üzrə komitəsinin eksperti olduğunu da qeyd edib.

Mirdaməd polkovnik formasında olması ilə bağlı məsələni isə belə izah edib ki, Rusiya xüsusi xidmət orqanlarına aid vəsiqə və forma əldə edərək insanların etibarını qazanıb.

Təqsirləndirilən Mirdaməd saxlanılan zaman onun maşınında Rusiya xüsusi xidmət orqanlarının vəsiqəsi, polkovnik rütbəsi olan hərbi geyim və bir neçə jurnalist vəsiqəsi aşkar edilib.

Məhkəmə istintaqı dövründə Mirdaməd zərərçəkmiş şəxslərin pulunu ödəməyib, onlarla barışıq əldə etməyib.

Hökmə əsasən, Mirdaməd Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR