İnsanlara hürriyət, millətlərə istiqlal!

Plastik cərrahlarla bağlı yoxlamaların yeni detalları - Vəkildən gündəm yaradan AÇIQLAMALAR

“Xəzər Konsaltinq” Vəkil Bürosunun üzvü Samir Xudaquliyev “TV Müsavat”a müsahibə verib.

Musavat.com-un xəbərinə görə, o, plastik cərrahiyyə ilə bağlı bir sıra mühüm açıqlamalar verib.

- Samir bəy, son bir neçə aydır ölkə gündəmində ən çox müzakirə olunan mövzulardan biri plastik cərrahlar və uğursuz əməliyyatlarla bağlı məsələlər idi. Çox sayda şikayətlər, əməliyyatlardan sonra ağırlaşmalar, dünyasını dəyişənlər... Son olaraq da lisenziyası ləğv edilmiş plastik cərrahlar. Bildiyim qədərilə, həkimlər bununla bağlı sizə çox müraciət edir. Elə bu səbəbdən mövcud vəziyyəti sizinlə dəyərləndirmək istədik.

İlk olaraq bilmək istərdik ki, lisenziyası ləğv edilən cərrahların fəaliyyəti necə olacaq?

- Bəli, uzun müddətdir ki, həkimlərin həm ümumi sertifikasiyası, həm də plastik cərrahiyyə sertifikatı ilə məşğulam, bu sahədə bir sıra hüquqları pozulmuş həkimlərin hüquqlarının bərpasına yardım göstərmişəm.

Hazırda hamıya məlum olduğu kimi, plastik cərrahiyyə sertifikatı ləğv edilmiş həkimlərlə bağlı təkrar yoxlanış həyata keçirilir. Hansı ki, qanunvericilikdə sertifikasiya sənədinin vaxtından əvvəl ləğvi nəzərdə tutulmayıb. Çünki sertifikasiya sənədi həm keçirilmiş kursu, həm də verilmiş imtahan nəticələrini təsdiq edən sənəddir.

Hazırda bu cür sertifikatı ləğv edilmiş bir neçə həkim bizə müraciət edib. Onların məhkəməyə müraciət etmək üçün sənədləri hazırlanır. Bundan əlavə, yaradılmış Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini ləğv etmək səlahiyyəti qanunvercilikdə nəzərdə tutulmayıb. Əvvəl də bu cür yanlışlıqlara yol verilmişdi. O zaman da cənab nazirin müdaxiləsi ilə bu yanlışlıqların qarşısı alınmışdı.

- Bəs lisenziyası ləğv edilmiş həkimlər araşdırmaların nəticəsi məlum olana qədər öz əmək fəaliyyətini davam etdirə bilərmi?

- Bəli. Hazırda icazə sənədləri ləğv edilmiş həkimlərin öz əmək fəaliyyətlərini davam etdirməsinə qanun icazə verir. Onların məhkəmə mübahisəsi gedişində də öz fəaliyyətlərini davam etdirmək hüquqları mövcuddur. Belə ki, bu məqsədlə məhkəmə tərəfindən iş baxılıb qurtarana qədər onların işləməsinə icazə verilə bilər.

- Son dövrlərdə həkim səhvləri ilə bağlı cinayət işlərinin sayında artım olduğunu demək olarmı? Elə son bir ildə mediada yer alan məlumatlara əsasən bu fikri bildirmək olarmı?

- İstər əvvəl, istərsə də hazırda həkim səhvlərinin statistikası reallığa uyğun deyil. İndi həkim səhvlərinin çox olması ilə bağlı süni şişirdilmə tendensiyası yaranıb. Bunu əvvəllər və hazırda həkim səhvlərinə dair verilmiş ekspert rəylərinin statistikasına baxdıqda görmək olur və arada açıq-aşkar fərq ortaya çıxır.

Necə ola bilər ki, 5 ay əvvələ qədər səhvi olmayan həkimlər indi səhv etmiş ola bilər? Əvvəllər haqlı xəstələrin, zərərçəkmiş şəxslərin hüquqlarının bərpasına biganə yanaşılırdısa, indi daha çox həkimlərin hüquqlarının pozulması halı baş verir. Mən hüquqlarını müdafiə etdiyim həkimlər barəsində açılmış cinayət işlərinə əsasən bunları deyə bilərəm.

Düşünürəm ki, hüquq-mühafizə orqanlarının və Ekspertiza idarəsinin rəhbərliyi bu məsələdə həssas yanaşıb, real olaraq, səhvə yol verməmiş həkimlərin əsassız məsuliyyətə cəlb edilməsinin qarşısını alacaqlar.

Şəxsi müşahidələrimə görə deyə bilərəm ki, həkimlər xüsusi həssas təbəqə olmaqla xaricdə işləməyə və yaşamağa meyilli şəxslərdir. Onların kütləvi şəkildə ciddi səhvləri olmadığı halda məsuliyyətə cəlb edilməsi həkimlərin kütləvi axınına və 3-5 ildən sonra ciddi həkim mütəxəssis qıtlığı yaranmasına gətirib çıxara bilər.

44 gün sürən Vətən müharibəsində, dünyanın çıxılmaz vəziyyətdə qaldığı pandemiya dövründə həkimlərimiz əsl peşəkarlıq nümayiş etdirdilər. Var gücləri ilə öz peşələrinin öhdəsindən layiqincə gəldilər. Ona görə öz həkimlərimizə sahib çıxıb onları qorumalıyıq.

- Bəs plastik cərrahlara müraciət edən pasiyentlər əsasən nələrə diqqət etməlidir? Plastik əməliyyatların riskli tərəfləri hansılardır?

- Ümumiyyətlə, dünya praktikasında plastik cərrahların səhvindən ölüm fakları 10-12 faizdir. Bu da böyük rəqəm deyil. Çünki cərrahlar həyati vacib olan orqanlarla işləmədiyinə görə onların işində risk çox aşağıdır. Plastik cərrahiyyə əməliyyatlarında ölümlərin əksəriyyəti anestezioloji səhvlərlə bağlı olur.

Plastik cərraha müraciət edəndə onun əl işlərinə baxmaq kifayət edir. Pasiyentlər əsasən cərrahın yanında hansı anestezioloqun olduğunu araşdırmalı, maraqlanmalıdırlar. Amma bu, Azərbaycanda əksinə olur. Əksəriyyət həkimi araşdırır. Çox vacib və önəmli müdaxiləni, işi görən anestezioloqdur.

- Uğursuz əməliyyat zamanı pasiyentin hüquqları necə qorunmalıdır? Cərrahlar hansı məsuliyyəti daşıyır?

- Uğursuz əməliyyat həkim səhvindən və ya əməliyyat zamanı hər hansı bir fəsaddan da baş verə bilər.

İnsanların da tibbi savadının olması lazımdır. Birmənalı şəkildə uğursuz əməliyyatdan sonra həkimi ittiham etmək olmaz. Uğursuz əməliyyatdan sonrakı məsələləri hüquq-mühafizə orqanları araşdırır. Pasiyentlərin və ya zərərçəkmiş şəxslərin hüquqi varislərinin hüquqlarını məhkəmələr, hüquq-mühafizə orqanları qoruyur.

Afaq Mirayiq,
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR