Onlayn ictimai-siyasi qəzet
İranın azərbaycanlı prezidentinin ilk rəsmi səfərini Bakıya edəcəyi haqda gözləntilər var, lakin mütəxəssislər bunu bir neçə səbəbdən istisna edirlər - rəy
İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk rəsmi səfərini hansı ölkəyə edə biləcəyi haqda müxtəlif iddialar var. Bir iddiada isə bildirilir ki, təbrizli Pezeşkian ilk rəsmi səfəri Azərbaycana edə bilər. Bu barədə İran mediası məlumat yayıb. Qeyd olunub ki, səfər ən yüksək statusa malik olacaq.
“Yeni Müsavat” yada salır ki, iyulun 9-da Prezident İlham Əliyev Pezeşkiana zəng edib və seçkidə qələbə münasibəti ilə onu təbrik edib. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Telefon söhbəti əsnasında İlham Əliyev Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib.
Yeri gəlmişkən, İranla aparılmış danışıqlar nəticəsində iyulun 15-dən Azərbaycanın Tehrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür.
Bu yaxınlarda isə “The Telegraph” nəşri İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif etdiyi barədə xəbər yaymışdı. Amma nə Bakı buna reaksiya verdi, nə Tehran təkzib etdi...
Ekspertlərə görə, Pezeşkian andiçmə mərasimindən sonra çox güman ki, Türkiyəyə səfər edə bilər. O da vurğulanır ki, Azərbaycana səfər edərsə, Pezeşkian mütləq Ermənistana da gedəcək. Amma onun türk kimliyi səbəbindən Azərbaycana səfərin daha əvvəl baş tutacağını güman etmək olar. İranın mərhum Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Prezidenti İlham Əliyevin ilk görüşü 2021-ci ildə Aşqabadda (Türkmənistan) İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutmuşdu. İbrahim Rəisi ilk rəsmi səfərini isə Çinə etmişdi. Yeni seçilmiş hökumət və dövlət başçılarının ilk rəsmi səfərini qonşu ölkələr etməsi ənənəsi var. Məsələn, Paşinyan hökumət başçısı kimi ilk rəsmi səfərini Tiflisə etmişdi. Bəs ekspertlər bu barədə nə düşünür?
İran siyasəti üzrə araşdırmaçı-yazar Fikrət Fəraməzoğlunun “Yeni Müsavat”a dediyinə görə, Məsud Pezeşkianın ilk rəsmi səfərini Bakıya edə biləcəyi istisna edilməsə də, real görünmür: “Düzdür, o, seçildikdən sonra Azərbaycan Prezidenti tərəfindən Bakıya dəvət olunub. Bundan başqa, Pezeşkian həmçinin COP29 tədbirlərində iştirak üçün də ayrıca dəvət alıb. Lakin bu, hələ onun ilk səfərini Azərbaycana etməsi anlamına gəlməz. Əvvəla ona görə ki, indiyə qədər Tehranda heç bir yeni prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməyib. İkincisi, Pezeşkianın Azərbaycan əsilli olması onun Bakıya ilk səfər etməsini də şərtləndirmir. Bu, onun haqqında ”etnik təəssübkeşlik" deyimlərinin çoxalmasına səbəb ola bilər".
Siyasi təhlilçinin sözlərinə görə, üçüncüsü, hazırda İran Azərbaycanla çox ciddi problemlər yaşamır və əvvəlki gərginlik geridə qalıb: “Düzdür, SEPAH-a bağlı media mütəmadi olaraq rəsmi Bakını ittiham etməkdən çəkinmir. Lakin bütün bunlar hələ ki, ümumi fonda elə də ciddi qarşılanmır. Ona görə də, Bakı ilə Tehran arasında həll edilməmiş məsələlər azdır və bu problemləri aradan qaldırmaq üçün Pezeşkianın ilk olaraq Bakıya səfər etməsinə də zərurət görünmür. Zənnimcə, Pezeşkianın Azərbaycana səfəri ən yaxşı halda gələn ilin ortalarında baş tuta bilər. Buna kimi isə onun Braziliya, Çin, Venesuela və digər bu qəbildən olan ölkələrə səfər edəcəyi daha inandırıcıdır. Böyük ehtimalla Pezeşkianın ilk rəsmi səfəri Rusiyaya olacaq”.
Fikrət Fəraməzoğlu
F.Fəraməzoğlu bunu yaxın vaxtlarda Rusiya və İran arasında bütün sahələrdə əməkdaşlığa dair sazişin imzalanmasının nəzərdə tutulması ilə əlaqələndirir: “İki ildir üzərində iş gedən və bütün vacib sahələri əhatə edən bu sənədin imzalanması hər iki tərəf üçün vacibdir. Ona görə ki, bu sənəddən sonra İran təkcə Rusiya ilə deyil, eyni zamanda Avrasiya İqtisadi İttifaqında da xüsusi yer alacaq. Bu sənəd, həm də İranla Rusiya arasında strateji müttəfiqliyin təsdiqlənməsi olacaq”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Pezeşkianın ilk səfərini Azərbaycana etməsini arzulayır: “Buna çox sevinərdik. Bir təbrizli lider Bakıya qonaq gəlir və nümunəvi addım atır. Sözsüz ki, Azərbaycanda xoş qarşılanacaq, hər iki prezident ana dilimizdə danışacaqlar. Amma siyasət hisslər və mənəvi elementlərdən ibarət deyil, məsələyə İran dövlətinin baxışından yanaşmağa məcburuq. Çünki İranın xarici siyasət kursunu ölkənin ali rəhbəri müəyyən edir. Yəni Xamenei ilk rəsmi səfərin hara olacağına qərar verə bilər. Onun da bu günlərdə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, bunun Ermənistanın ziyanına olduğunu deməsi belə təsəvvür yaradır ki, Pezeşkianın ilk səfəri Azərbaycana olmaya bilər”.
E.Mehdiyev səfəri istisna etməsə də, onun hesablamalarına görə, ilk rəsmi ziyarət İraqa, Rusiyaya və ya Çinə ola bilər: “Pezeşkianın Azərbaycana ilk səfərini etməsi İranın daxilindəki bəzi qüvvələrin də xoşuna gəlməz. Bunu da nəzərə almalıyıq. Biz onun azərbaycanlı olduğunu qiymətləndirməklə bərabər, İran Prezidenti olduğunu unutmamalıyıq. Bütün hallarda çoxmillətli, mürəkkəb siyasi sistemi olan, müxtəlif güc qruplarının bir-biri ilə rəqabətə girişdiyi bir dövlət olmasını diqqətdən qaçırmamalıyıq. Ona görə də ilk səfəri etsə də, etməsə də ondan umu-küsülük etmək lazım deyil. Ən azından o dəqiqdir ki, Pezeşkian Prezident Əliyevin dəvətini qəbul edib və Azərbaycana mütləq səfər edəcək. Eyni zamanda, Azərbaycan liderinin də Tehrana səfəri gözləniləndir”.
Qeyd edək ki, avqustun 21-də İran parlamenti yeni prezidentin təklif etdiyi bütün nazirləri təsdiqləyib. Məsud Pezeşkianın təklif etdiyi bütün nazirlər İran İslam Şurasından etimad səsi alıb. Pezeşkian öz kabinetini müdafiə edərkən vurğulayıb ki, Xamenei və ölkənin kəşfiyyat orqanları artıq siyahıya razılıq veriblər.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ