İnsanlara hürriyət, millətlərə istiqlal!

Peçenyedən dəmir parçası, pirojkidən insan dişi çıxır - Hara şikayət edək? 

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.

Bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib.

"Bu, uşaqlar üçün alınan "Bolluq LTD" MMC məhsuludur. Sizcə, bunu uşaq yesə, sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün", - deyə M.Süleymanov bildirib.

Məsələ ilə bağlı "Bolluq LTD" MMC-nin Keyfiyyətə nəzarət və laboratoriya departamentinin müdiri Məmməd Dünyamalıyev Qafqazinfo-ya açıqlamasında deyib ki, şikayət araşdırılıb və həmin məhsulun "Bolluğ"a məxsus olmadığı üzə çıxıb:

"Məlumat bu gün səhər bizə daxil olub. Həmin məhsulun foto müşahidəsi aparılanda elə görünür ki, qeyd olunan peçenye yağlıdır və onun tərkibi iki lay qatdan ibarətdir. Amma orada göstərilən məhsul isə üç qatlı tort məhsulunun strukturudur. Yəni ambalaj bizimdir, amma orada qoyulan məhsulun isə bizim məhsulla uzaqdan-yaxından əlaqəsi yoxdur. Dəfələrlə belə hallar baş verib. Yəni selofan bizim olur, içinə isə suxarı məhsulu tökürlər ki, bu, "Bolluğ"un məhsuludur, içindən iy gəlir və s. Məhsulu araşdırdıqda isə görürsən ki, suxarı qırıntılarının heç bizim istehsalımızla əlaqəsi yoxdur. Bunlar hamısı şantaj xarakterlidir və yaxud müəyyən bir vəsait almaq üçün edilir".

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a bildirib ki, əvvəllər də belə hallara rast gəlinib.

Onun sözlərinə görə, dietik çörəkdən 5 sm uzunluğunda dəmir parçasının və ya pirojkinin içərisindən insan dişinin çıxması ilə bağlı müraciətlər daxil olub:

"Falqası açılmamış məşhur kofe firmasının içindən suxari ovuntusunun çıxması kimi hallara rast gəlinib. Bu cür hallar istehlakçılarda narahatlıq yaradır və məhsulun keyfiyyəti ilə bağlı suallar doğurur.

Bundan əlavə, bəzi şəxslər bir şirkətin nüfuzunu zədələmək və ya ondan pul qoparmaq məqsədilə çörəyə iynə ilə insan və ya at tükü salır, çörəyi sıxıb buraxdıqdan sonra isə həmin tük çörəyin içərisində qalır və sonra şəxs bunu şantaj vasitəsi kimi istifadə edir. Azad İstehlakçılar Birliyi bu cür halları ifşa edərək qarşısını alıb. Belə şeyləri əsasən işdən qovulmuş, narazı qalmış və ya eyni bazarı paylaşan başqa firmaların adamları edir".

Eyyub Hüseynov deyib ki, əgər ərzaq məhsulunun içərisindən dəri və ya digər yad cisimlər tapılarsa, bu, sanitariya qaydalarının pozulması deməkdir.

O bildirib ki, istehlakçılar 1003 qaynar xəttinə zəng edərək, əllərində kassa çeki olmaq şərti ilə şikayət edə bilərlər.

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR