Onlayn ictimai-siyasi qəzet
“Bakının Baş planında əsas hədəflərdən biri şəhərin istənilən hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır”.
Musavat.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.
O qeyd edib ki, hazırda bütün dünyada “15 dəqiqəlik şəhər” prinsipi tətbiq edilir:
“Bu prinsip o deməkdir ki, şəhərdə bərabər keyfiyyətdə infrastruktur təmin edilsin”.
Anar Quliyevin sözlərinə görə, Baş planda mobillik məsələsinə geniş yer ayrılıb:
“Baş plan nəqliyyat məsələlərinin həlli, küçə şəbəkəsinin inkişaf etdirilməsi, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın hərəkəti kimi məsələləri əhatə edir. Bakıda bir çox mərkəzi hissələrdə sürətin azaldılması nəzərdə tutulur. Bakı insanyönümlü və insanların rahatlığını təmin edən şəhər olmalıdır”.
Qeyd edək ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il dekabrın 30-da Bakının 2040-cı ilədək inkişafına dair konseptual xarakterli Baş planın təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafının ümumi strategiyası kimi qəbul olunur.
Bununla belə, ekspertlər hesab edir ki, Baş planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün göstərildiyindən daha artıq vəsait tələb olunur.
İqtisadçı-ekspert Eyyub Kərimli Musavat.com-a deyib ki, Baş plan özündə geniş tədbirlər planını əks etdirir:
“Qeyd edilən məsələlərin icra edilməsi üçün əsas iqtisadi resurslar tələb olunur. Bununla bağlı düşünürəm ki, şəhərdə velosiped zolaqları və digər zolaqların ayrılması həyata keçirilə bilsə, mikromobillik istiqamətində fəaliyyət həyata keçirilsə, nəzərdə tutulan nəticələrə çatmaq mümkün olacaq. Bunun üçün həm də kompleks tədbirlər həyata keçirilməlidir. Bu, tək nəqliyyat məsələsi deyil, digər kompleks tədbirlər də baş tutmalıdır. Burada təhsil müəssisələrinin vətəndaşların yaşadığı əraziyə yaxın yerləşdirilməsi, universitet kamplarının olması və s. kimi geniş tədbirlər görülməlidir. Buna ayrılan maliyyə vəsaiti də çox böyükdür. Hesab edirəm ki, 13 ildə bu layihənin həyata keçirilməsi bir o qədər də asan başa gəlməyəcək. Çünki burada böyük vəsait tələb olunur. Baş planın hədəfləri Bakı üçün çox dinamik və iqtisadi cəhətdən əlverişli şərait yaradacaq”.
O ki qaldı sürətin azaldılmasına, ekspert bildirib ki, beynəlxalq təcrübəyə baxa bilərik:
“Məsələn, Londonda sürət həddi 30-40 km/saatdır. London küçələri bizim küçələrdən də dardır. Çünki köhnə şəhərdir. Amma orada tıxac problemi müşahidə olunmur. Əvvəldə qeyd etdiyim kimi, sürət həddinin azalması, tıxacın qarşısının alınması əsas prinsiplərdən biridir. Tutaq ki, hansısa avtomobil Heydər Əliyev prospektində 70-80 sürətlə gedirsə, sonra daralma baş verir, burada da işıqforlar həmin axını tənzimləyə bilmir. Lakin aşağı sürətlə gələn maşın axını həmin işıqforların vaxtı çatana kimi rahat keçə biləcək. Odur ki, kompleks tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Yəni həm nəqliyyatın əlçatanlığı problemi, həm də digər infrastruktur obyektlərinin düzgün yerləşdirilməsi önəm daşıyır”.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ