İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “təhdid” eyhamı, “müdafiə üçün” alınan silahlar

Ermənistan baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində Azərbaycandan hər hansı təhdidin gələ biləcəyinə eyham vurub.

“Azərbaycan Respublikasının rəsmi ritorikası getdikcə daha çox belə bir tezis üzərində cəmlənir ki, Ermənistan Respublikası özünü silahlandırır, Azərbaycana hücum etməyə hazırlaşır və buna görə də Azərbaycanın özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək hüququ var. Ya Azərbaycan doğrudan da Ermənistanın ona hücum etmək niyyətində olduğunu düşünür, ya da özü hücum etmək niyyətindədir və buna zəmin yaratmağa çalışır”, - Paşinyan iddia edib.

Rəsmi Bakının cavabı isə gecikməyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sorğusuna cavabında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

“Ermənistan baş nazirinin 2025-ci fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir. 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir”, - A.Hacızadə vurğulayıb.

O qeyd edib ki, Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

xeyal.jpg (31 KB)

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a şərhində bildirib ki, Ermənistanın ritorikasında ciddi dəyişiklik görünmür:

“Davamlı olaraq eyni fikirlər, eyni məzmunlu bəyanatlar verilir. Ermənistan tərəfdən siyasi “həyasızlıq” günü-gündən artmaqdadır. Sülhə təhdid olan addımlar atılır. Nikol Paşinyan 17 maddəlik sülh müqaviləsinin 15 maddəsinin razılaşması ilə öyünür, amma kimin səyləri ilə buna nail olunduğunu vurğulamır. Yerdə qalan iki bəndlə bağlı Azərbaycandan asılı olan heç nə yoxdur.

Azərbaycan həmin iki maddə ilə bağlı razılaşmanın əldə edilməməsində Ermənistanın mövqeyini dəfələrlə vurğulayıb. Adı Avropa İttifaqının mülki missiyası olsa da, faktiki olaraq NATO qüvvələrinin bölgədən çıxarılması təmin olunmalı, eyni zamanda qarşılıqlı iddialardan əl çəkilməlidir. Ermənistanın qarşılıqlı iddialarla bağlı səsləndirdiyi fikirlər əsassızdır. Azərbaycana zərər vurulub, ərazilərimiz 30 il ərzində işğal altında saxlanılıb.

Ermənistan qarşılıqlı iddialardan əl çəkməyin önəmini hər dəfə vurğulayır, sanki Azərbaycana qarşı hər hansı iddiadan əl çəkə bilər. Ermənistanın Azərbaycana qarşı hər hansı iddiası ola bilməz. Beynəlxalq hüquq, tarixi faktlar, reallıqlar, 30 illik işğalın nəticələri buna sübutdur. Eyni zamanda Azərbaycanın iki prinsipial məsələ ilə bağlı tələbi var: ATƏT-in Minsk Qrupundan imtina etmək; konstitusiya dəyişikliyi. Bu tələblərin yerinə yetirilməsi Ermənistanın üzərinə böyük öhdəlik qoyur. Bunu Ermənistan etməlidir.

İki keçmiş münaqişə tərəfindən biri olan Azərbaycan Minsk Qrupundan imtina etdiyini açıq bəyan edib. Ermənistan zaman azlığını əsas gətirsə də, İkinci Qarabağ müharibəsindən artıq 5 il keçib. Bu müddət ərzində Ermənistanın hazırkı hakimiyyətinin təbliğat üçün kifayət qədər resursu olub. 2021-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri göstərdi ki, ölkə əhalisi revanşizmə qarşıdır, müharibə istəmir. Paşinyan bundan istifadə edə bilərdi, amma etmədi. O, bundan sadəcə öz hakimiyyətini qoruyub saxlamaq üçün istifadə etdi. Bir sözlə, Nikol Paşinyan ikiüzlü, saxtakar, qeyri-səmimi bəyanatlar verməkdə davam edir”.

Ermənistanın silahlanması ilə bağlı Paşinyanın səsləndirdiyi fikirləri şərh edən politoloq vurğulayıb ki, əldə edilən silahlar müdafiəni gücləndirmək üçün deyil:

“Ermənistan Yunanıstandan S-300 alıb. Ermənistanın sərhədinin bir tərəfindən digərinə 100 kilometr məsafə yoxdur. Amma S-300-lər 300, 400, hətta 500 kilometr məsafədə hədəfləri vurur. Bundan başqa, Ermənistan Hindistan istehsalı “Akash” zenit-raket kompleksləri (ZRK), “Pralay” raketləri, Yunanıstandan “Top-M1” raket kompleksləri (Rusiya istehsalı) alır. Görünən odur ki, məqsəd müdafiə qabiliyyətinin gücləndirilməsi deyil. Ermənistan faktiki olaraq müharibəyə hazırlaşır. Yüzlərlə kilometr məsafədəki hədəf ancaq Azərbaycan ola bilər, çünki Ermənistan Türkiyə ilə müharibə apara bilməz.

İranla münasibətlər çox yaxşıdır. Gürcüstanla da münaqişə üçün səbəb yoxdur. Yəni Paşinyan sələfləri kimi Azərbaycanı ittiham edir. İşğalçı tərəf olsa da, Ermənistan hər zaman Azərbaycana qarşı ittihamlar irəli sürüb. Azərbaycan dəfələrlə bəyan edib ki, bizim üçün münaqişə və müharibə bitib. Biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Ermənistanla aramızda yalnız sülh sazişinin imzalanması məsələsi qalıb.

Ermənistan sazişi imzalamaq niyyətini ortaya qoyursa, səmimiyyət göstərsin. O ki qaldı Qərbi Azərbaycan mövzusuna, biz öz nümunəmizi ortaya qoymuşuq. Ermənistandan da analoji addımı gözləyirik. Qarabağı könüllü tərk edən erməniləri dialoqa çağırdıq, görüşlər keçirdik, amma onlar kimlərinsə oyununa uyaraq Azərbaycan ərazisini tərk etdilər. Onlara verilən vədlər yerinə yetirilmədiyi üçün günahı Azərbaycanda axtarırlar. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması sırf beynəlxalq hüquqi məsələdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR