Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların başlayıb. 4 saat davam edən danışıqların ikinci raundunun bu gün, mayın11-də davam edəcəyi bildirilir.
Maraqlıdır ki, nazirləri apardığı sülh danışıqları həm Ermənistandan, həm də Azərbaycandan verilən kəskin mesajların fonunda baş tutub. İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən ermənilər açıq şəkildə sülh danışıqlarına qarşı çıxıblar. Azərbaycan Prezidenti İlham Əliyev isə Şuşada yurd-yuvalarına yeni köçürülmüş sakinlərlə keçirdiyi görüşdə olduqca ciddi mesajlar verib. O, delimitasiya və demarkasiya prosesinin Azərbaycanın irəli sürdüyü şərtlərlə həyata keçirildiyini, bundan sonrakı addımların da məhz Bakının müəyyənləşdirdiyi çərçivədə atılacağını bildirib. Prezident həmçinin ABŞ və Fransanın ermənipərəst mövqe sərgilədiklərini dilə gətirərək vurğulayıb: “Bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq”.
Sual oluna bilər: Hər iki tərəfdən səsləndirilən bu kəskin ritorika Almatıdakı sülh danışıqlarına mənfi təsir göstərə bilərmi? Deyək ki, İrəvandakı keşiş üsyanının arxasında Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını pozmaq istəyən hansısa xarici güc mərkəzinin dayanır. Bəs belə həlledici məqamda bizim kəskin ritorika ilə çıxış etməyimiz nə qədər məqsədəuyğundur? Üstəlik, ABŞ və Fransa kimi xarici güc mərkəzlərini hədəfə almaqla onları ermənilərin tərəfini tutmağa vadar etmirikmi?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, İrəvanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyası yalnız xarici güc mərkəzlərinin maraqları ilə izah etmək doğru deyil:
“Keşiş üsyanında Paşinyan hakimiyyətinin də öz maraqları var. Daha aydın təbirlə desək, Rusiyaya bağlı qüvvələr keşiş Qalstanyanı önə çıxararaq Paşinyanı devirmək istəyirlər. Paşinyan da öz növbəsində onların gücündən bizə qarşı istifadə etməyə çalışır. Təbii ki, bu təhlükəli oyunu qurarkən müəyyən təhlükəsizlik tədbirləri almağı da unutmur. Aksiya iştirakçılarının sırasını öz tərəfdarları ilə genişləndirib həm etiraz dalğasını olduğundan daha böyük göstərir, həm də proseslərə nəzarəti əlinə alır. Təsadüfi deyil ki, etirazçılar açıq şəkildə dövlət çevrilişinə cəhd iddialarını dilə gətirdikləri halda onlara qarşı hər hansı tədbir görülmür, üsyançıların Tavuşdan İrəvana qədər yürüşünə icazə verilir, universitet tələbələri arasında qiyama çıxmaq təbliğatının aparılmasına şərait yaradılır. Halbuki, Ermənistanda qüvvədə olan cinayət hüququ bu qiyamın qarşısını almaq üçün hakimiyyətə kifayət qədər səlahiyyət verir. Hakimiyyət isə nəinki öz hüququndan istifadə etmir, əksinə prosesin böyüməsinə göz yumur”.
Bir çoxları bu hadisəni Ermənistanın demokratikliyi ilə əlaqələndirsələr də, Heydər Oğuz tamamilə başqa fikirdədir. Onun fikrincə, Paşinyan hökumətinin bu siyasəti əslində klassik idarəetmə metodlarından biridir və “böhranın idarə olunması” adlanır:
“İrəvanın böhranı idarəetmək yoluna baş vurmasının məqsədi Xarici İşlər nazirlərinin Almatıda keçirilən görüşündə Ararat Mirzoyanın əlini gücləndirməkdir . Paşinyan hökuməti bu “üsyan”la dünyaya və rəsmi Bakıya göstərmək istəyir ki, ciddi təzyiq altındadır, hansısa “güzəştlərə” gedə bilməz. Onun “güzəşt” kimi təqdim etməyə çalışdığı isə Azərbaycanın milli maraqları, suverenlik haqları və ərazi bütövlüyü kimi qırmızı cizgiləridir. Bir sözlə, Paşinyan devrilmə təhlükəsini ön plana çıxararaq, diplomatik masada hansısa üstünlüklər qazanmağa çalışır”.
Azərbaycan Prezidenti İlham Əliyevin isə bunu anladığından kəskin ritorika ilə İrəvana lazımi cavablar verdiyini düşünən siyasi şərhçi rəsmi Bakının mövqeyini belə izah edir:
“İlham Əliyev demək istəyir ki, suverenlikdən və ərazi bütövlüyündən güzəştə getməyəcək. Biz öz haqqımızı almadıqdan sonra Paşinyanı devrilərsə, devrilsin. Onun yerinə gələn revanşist qüvvələr öz təxribatçı mövqelərini davam etdirərsə, diplomatik danışıqlar sona çatar və söz demək hüququ Azərbaycan Ordusuna keçər. Nəticədə, Ordumuz iki dövlət arasındakı sərhədləri özü istədiyi kimi müəyyənləşdirər və bayrağımızı taxdığı nöqtəni ölkəmizin ərazisi elan edər. Ölkə başçısının Şuşadakı çıxışı zamanı “İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq” deməsi də bu fikrin açıq ifadəsidir”.
Həmsöhbətimiz o fikirlə razılaşmır ki, guya İlham Əliyev Fransa və ABŞ-ı hədəf seçərək onları Ermənistana tərəf yönləndirir:
“Əvvəla, bu ölkələri hansısa tərəfə yönləndirməyə ehtiyac yoxdur. Onlar onsuz da öz ərazilərindəki erməni lobbisinin təsiri ilə əks tərəfin mövqeyini bacardıqları qədər dəstəkləyirlər. Bununla belə, ermənilərin təhlükəsizlik kaprizləri ilə oynamaq artıq onların da milli maraqlarına zərbə vurur. Ermənilərin istəkləri baş tutsa, Cənubi Qafqaz qiyamətə qədər Rusiyanın təsir dairəsindən çıxa bilməz. Odur ki, beynəlxalq güc mərkəzləri İrəvanı və Azərbaycanı beynəlxalq hüquq normalarına hörmət etməyə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanmağa çağırırlar. Paşinyana qarşı ayağa qaldırılan erməni toplumunun iddiaları isə heç bir hüquq normalarına uyğun gəlmir. Məhz bu səbəbdən də İlham Əliyev Fransa və ABŞ-ı hədəfə almamışdan əvvəl “biz müharibə istəmirik”, “bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır” deyir. Ölkə başçısı bu fikirləri deyərkən əmindir ki, beynəlxalq güc mərkəzləri də onun haqlı fikirləri ilə razılaşacaq və Azərbaycana qarşı hər hansı sanksiyalar tətbiq etməyəcək”.
Heydər Oğuzun fikrincə, əslində həm İlham Əliyevin, həm də Nikol Paşinyanın mövqeyi beynəlxalq güc mərkəzləri ilə də razılaşdırılıb:
“Məsələ burasındadır ki, İlham Əliyevin sərt ritorikası Paşinyanın “böhranı idarəetmə” metodologiyası ilə paralellik təşkil edir. Sirr deyil ki, Paşinyan dəfələrlə sərhədlərin delimitasiya və demarkasiya tədbirləri həyata keçirilməsə, Azərbaycan öz ərazilərini müharibə yolu ilə işğaldan azad edəcəyini bildirib. Hətta onu da qiqqətə çatdırıb ki, sonra həmin kəndlərdə yaşayan erməni sakinləri qaçıb İrəvana gələcək və mənə soruşacaqlar ki, biz siyasətdən uzaq adamlardıq, qanmırdıq, bəs sən niyə bunu bizə vaxtında izah etməmisən”.
Siyasi şərhçinin fikrincə, sülh sazişini liderlər yox, xalqlar imzalayır:
“Daha doğrusu, xalqlar sülhə hazır olduqları zaman liderlər sülh sazişinə imza atırlar. Bu səbəbdən də başqalarının torpaqlarına göz dikən xalqları sülhə gətirmək üçün onlara mütləq məğlubiyyəti daddırmalısan. Əks halda, zərərli fikirlərlə beyinləri korlanan toplumlar heç vaxt reallıqlarla razılaşmaz özlərini haqı görərlər. 200 ildən çoxdur, bir tərəfdən fransızların, digər tərəfdən rus və digər imperialist qüvvələrin siyasətləri nəticəsində ermənilər özlərini imtiyazlı millət hesab edirlər. İndi onların reallıqlarla hesablaşması lazımdır və beynəlxalq güclər artıq onların kaprizlərindən beziblər. Odur ki, Paşinyan hökumətinin qarşısında “qonşularla sıfır problem” öhdəliyi qoyulub. Paşinyan da böhranın idarəolunması metoduyla əslində həm də erməniləri müalicə edib, sülhə gətirməyə çalışır. İlham Əliyev də öz sərt ritorikası ilə bu xeyirxah “müalicə” işinə öz böyük töhfələrini verir”.
E.Məmmədəliyev,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ