İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan OLAY kimi açıqlamalar: “Çörəyimizin duzu yoxdur”  

 

Erməni baş nazirdən “satqın” ETİRAFLARI: “Onlara “qaz verin” deyən yerdən zəng edib dedilər ki...”  

“Bizə deyirlər ki, hökumətimiz “Dağlıq Qarabağ”ı tək qoyub. Atalar sözündə deyildiyi kimi, çörəyimizin duzu niyə yoxdur?!”

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu sözləri parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, 2020-2023-cü illərdə Ermənistan hökuməti “Dağlıq Qarabağ”a 538 milyard dram və ya 1,3 milyard dollar verib: “Biz onları tək qoymuşuq? Bu gün “Dağlıq Qarabağ”dan elə mütəxəssislər var ki, onları işə dəvət edirik, amma bizə deyirlər ki, maaşlarımız azdır, bu maaşa işləmək mümkün deyil. “Dağlıq Qarabağ”da maaşlar və pensiyalar Ermənistandakından yüksək idi və bu, “Dağlıq Qarabağ”ı tək qoyanların” sayəsində oldu. Əgər “qurtuluş naminə ayrılıq” konsepsiyasını təbliğ etmək istəyi varsa, göstərmək lazım idi ki, “Dağlıq Qarabağ” xalqı orada yaşamaq istəyir (Azərbaycanın bir hissəsi kimi – red.) lakin konsepsiya mövcud deyilsə, bunu edə bilmirlər. Orada yaşamaq istəməmələrinin səbəbi bu idi”.

N.Paşinyanın sözlərinə görə, “Dağlıq Qarabağ”ın nümayəndələri ilə dəfələrlə danışıb və onlar danışılanları anlayıblar: “Onların haqqını verməliyəm, onların çoxu nəinki bütün bunları başa düşdü, həm də razılaşdı ki, bu, düzgün yoldur. Biz sübut etdik ki, bu, başqalarının dediyi kimi, separatizm deyil və onlar sadəcə bunu istəmirlər. Sonra bu adamları “satqın” adlandırıblar, işdən çıxarıblar, yığıb deyirlər ki, siz daha Qarabağı idarə etməyin, görün biz indi nə edəcəyik, çünki onlara “qaz verin!” deyilən yerdən zəng edib, tapşırıq veriblər. Soruşdular, razılaşdılar, dedilər ki, getmək lazımdır, danışmaq, danışıqlar aparmaq lazımdır. Razılaşdıq ki, Sofiyada, başqa yerdə variant var, onlar bunu təsdiqlədilər. Sonra zəng edib dedilər ki, yox, bu, alınmayacaq, bizə getməməyimizi bildiriblər.

Ermənistanın baş naziri bildirib ki,  daim ATƏT-in Minsk qrupu çərçivəsində baş verən proseslərdən danışır və buna görə tənqid edilir: “Amma heç kim fikir vermir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 2014-cü ildən nəinki bir-biri ilə konfliktdədir, hətta 2022-ci ildən bir-biri ilə müharibə vəziyyətindədirlər. Buna fikir vermisiniz? Mən sizə yeni xəbər deyirəm? Heç kim tarixi Ermənistanı məndən çox sevə bilməz. Amma mən baş nazir kimi tarixi Ermənistanı Ermənistan Respublikasından çox sevməkdən imtina edirəm. Mən ümumiyyətlə, əsl Ermənistandan başqa nəyisə sevməkdən imtina edirəm. Bu gün də deyirəm ki, biz Kilikiya Krallığından, erməni dağlarından, Van Krallığından gəlmişik,(!) məsələ bu deyil. Söhbətimizin mahiyyəti belədir: bugünkü dünyaya Van Krallığının qülləsindən, yoxsa Ermənistan Respublikasının qülləsindən baxsaq, bu, bizim konseptual mübahisəmizdir”.

Paşinyan daha sonra tarixə ekskursiya edib və maraqlı faktlardan danışıb: “Bizə vacib bir sual verilir:  hardasa 7-ci əsrin kilsəsi yerləşə bilər və Azərbaycanın ərazisi bundan bir neçə metr sonra başlaya bilər?  Bu, çox vacib sualdır: ya da 7-ci əsrdə kilsə tikilib və ondan bir neçə metr sonra Türkiyə başlayır? Çünki məsələn, xristianlığımızın başlanğıcı olan Khor Virapdan bir az aralıda Türkiyənin ərazisi gəlir.  Konseptual mübahisə belədir, biz Khor Virapın yanında Türkiyə olduğunu qəbul edirik, yoxsa yox? Ermənistan hökuməti və  əksər siyasilər Türkiyənin Virapdan uzaqda yerləşdiyini deyir və Ermənistan hökuməti üçün bu tanınma ən mühüm təhlükəsizlik tədbiridir. Strateji seçim isə məhz bundan ibarətdir - biz "Virapdan uzaqda Türkiyə yoxdur" deyəndə, tarixi Ermənistanı seçirik, "Türkiyə oradadır" deyəndə, əsl Ermənistanı seçirik. Düşüncələrimizdə Ermənistan Respublikasının suveren ərazilərindən kənara çıxdığımız “yollar”, başqalarının suveren ərazimizə daxil olmasına şərait yaradır. Mən deyirəm ki, biz bu yolları bağlamalıyıq”.

 

Sevinc, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR