Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyanın ABŞ-a səfərinin rəsmi səbəbi kimi Beynəlxalq Din Azadlığı Sammiti və Milli Dua Tədbirində iştirak olduğu göstərilsə də, əsl niyyət başqadır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Sərkisyan yazıb.
“Paşinyanın əsl gündəliyi bu tədbirlərdə iştirakdan ibarət deyil. Hər kəsə məlumdur ki, Paşinyan din və inancla xüsusi maraqlanan biri sayılmır. Üstəlik, məni təəccübləndirən məqamlardan biri də odur ki, səfərdə Arsen Torosyan da iştirak edir və bildiyim qədər, o da dindar deyil. Bu o deməkdir ki, səfərin məqsədi tamam başqadır, dini tədbirlər isə sadəcə bəhanədir”, - deyə erməni ekspert qeyd edib.
Sərkisyana görə, səfərin əsl səbəbləri və Ermənistan baş nazirinin cavabını bilməyə çalışdığı suallar bunlardır:
1. Paşinyan üçün Trampın xarici siyasət kursunun hansı istiqamətdə inkişaf edəcəyini anlamaq həyati əhəmiyyət daşıyır. O, ABŞ-ın dəstəyinə ümid edə bilərmi və Tramp administrasiyası ona Bayden administrasiyasının verdiyi iqtisadi, maliyyə və siyasi dəstəyi göstərəcəkmi?
2. Paşinyan üçün ABŞ-ın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı mövqeyi olduqca vacibdir. Tramp komandası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə vasitəçi olmağa davam edəcəkmi?
3. ABŞ administrasiyası onun “Sülh körpüsü” adlandırdığı layihəyə maraq göstərir, yoxsa yox? Bu layihənin həyata keçirilməsinə hansı səviyyədə dəstək veriləcək?
4. ABŞ, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində vasitəçi kimi çıxış etməyə davam edəcəkmi?
5. ABŞ-ın İran və Rusiya ilə bağlı siyasəti necə olacaq? Bu, Paşinyanın həmin ölkələrlə münasibətlərində nə dərəcədə manevr imkanına sahib olacağını müəyyən edəcək.
6. ABŞ-Ermənistan strateji tərəfdaşlığı və Vaşinqtonun regional prioritetləri Paşinyan üçün nə qədər əlverişli olacaq?
Bu suallara ən yaxşı cavab verə biləcək şəxslər Tramp, dövlət katibi, prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri, müdafiə naziri və müxtəlif dövlət qurumlarının regional nümayəndələridir. Gözləyək, görək Paşinyan onlardan kimlərlə görüşəcək”.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ