İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün “Game over” zamanı

ABŞ-Rusiya dialoqunun bərpası Moskvanın gözünün çoxdankı düşməni olan hazırkı erməni iqtidarının canına vəlvələ salıb; Trampın İrana təzyiq niyyəti də İrəvanı çətin dilemma qarşısında qoymaqdadır...

ABŞ-da hakimiyyətə qayıdan Donald Tramp və onun administrasiyasının atdığı gözlənilməz addımlar Birləşmiş Ştatların ən yaxın müttəfiqlərini, tərəfdaşlarını və hətta düşmənlərini hərəkətə gətirib. Cənubi Qafqaz regionu da geosiyasi qarşıdurmadan ciddi şəkildə təsirlənir, xüsusən burada Ermənistan ən həssas duruma malikdir.

“Yeni Müsavat”ın xəbərinə görə, bu barədə Prressklub.az-ın təhlilində deyilir. 

Vurğulanır ki, Rusiya-Ukrayna müharibəsinin şərti olaraq birinci mərhələsində (Tramp dövrünə qədər) müttəfiqlərlə onların düşmənləri arasında manevr edərək yaxşı mənfəət qazanan Paşinyan hökuməti üçün indi şərtlər tamamilə dəyişib. Onun siyasi, iqtisadi, hərbi dayağı hesab olunan ABŞ-la Avropa İttifaqı arasında getdikcə dərinləşən uçurum yaranıb. Bunun əksinə, Birləşmiş Ştatlar Paşinyanı hakimiyyətdən qovmağa çalışan Rusiya ilə münasibətləri sürətlə bərpa edir.

Qeyd etmək yerinə düşər ki, ABŞ ötən 3 ildə Ermənistan hökumətinə nəhəng miqdarda maliyyə, iqtisadi, texnoloji və hərbi yardımlar göstərib. Şübhəsiz ki, bu sıraya Paşinyanın təhlükəsizliyi də daxil olmaqla, genişmiqyaslı kəşfiyyat mübadiləsi də daxildir. Dəyişən şərait isə Ermənistana bu məsələdə yaxşı heç nə vəd etmir. Paşinyan hökuməti üçün daha bir problem ABŞ-İran münasibətlərində müharibəyə yol alan istiqamətdir. Məlumdur ki, Birləşmiş Ştatlar regionda ən böyük səfirliyini İrəvanda saxlayır, burada yerləşdirilmiş personalın - kəşfiyyatçılar qrupunun əsas missiyası gecə-gündüz İranı izləmək, nəzarət altında saxlamaqdır. Tehranda ABŞ-la dialoq tərəfdarı olan qüvvələrin mövqeləri zəifləyir, vitse-prezident Məhəmməd Cavad Zərif istefa verib, prezident Məsud Pezeşkian isə dini liderin Vaşinqtonla sülh danışıqlarına qarşı olduğunu deyir. İranın mühafizəkar qanadının təsiri altında olan dövlət televiziyasının İrəvanda Nikol Paşinyandan geniş müsahibəsi yayılıb. Sualların əhəmiyyətli hissəsi Qərbin İrana müdaxiləsi fonunda Ermənistanın hansı mövqeyi tutacağı barədə olub ki, bunun da səbəbləri bəllidir. 

Yaxın perspektivdə həmçinin Ermənistan hakimiyyətinin Tramp administrasiyasının güclü dəstəyindən ruhlanan Rusiya ilə ciddi problemləri gözlənilir. 44 günlük müharibədən sonra Paşinyanın Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya xətti seçməsi Kremldə möhkəm qəzəb yaradıb. İlk fürsətdə Ermənistan hakimiyyəti ilə haqq-hesab çürüdüləcəyi istisna deyil. Əvvəlki qüvvələr nisbətinin pozulması isə Ermənistanın yenidən qeyri-sabitlik mərhələsinə daxil olması deməkdir. Yekunda qeyd edilir ki, geosiyasi turbulensiya dövründə Paşinyan gözə görünməməyə çalışır. Onun diplomatik trafiki, bəyanatları xeyli səngiyib, indi o, həyəcanla kənardan gələn səsləri dinləməklə məşğuldur. Görünür ki, “Game over” - (oyun bitdi - E.S.) zamanı gəldiyini düşünür. Elə bu xüsusda Paşinyanda Ağ Evdəki Oval kabinetdə qalmaqalla yekunlaşan Tramp-Zelenski görüşü barədə soruşulub. O isə danışmaq istəməyərək, “məsələ bizlik deyil” söyləməklə kifayətlənib. Yəni Nikol ehtiyatlıdır və hələ də Cənubi Qafqaz siyasətinin nə olacağı bilinməyən Tramp haqda susmağa üstünlük verir.

qail.jpg (41 KB)

Qabil Hüseynli

“Yeni Müsavat”a hazırkı geosiyasi dəyişikliyi şərh edən professor Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan ötən ilin sonunda imzalanmış xartiyaya hələ də ümid bəsləyir. Onun fikrincə, Paşinyanı xilas etsə-etsə, elə həmin sənəd sığortalaya bilər. Bununla belə, müsahibimiz hesab edir ki, rəsmi İrəvan hazırkı Amerika hakimiyyətindən əlini üzüb və gözləmə mövqeyindədir: “Deməzdim ki, Respublikaçılar Paşinyanın rusun caynağına keçməsinə imkan yaradacaqlar. Açığı, Zelenskiyə arxa çevrilməsindən sonra bunu da söyləməyə tərəddüd edirəm. Amma bütün hallarda, söhbət Ermənistandan gedir. Yəni amerikalılar regionda bu ölkənin Rusiyanın satelliti olduğunu dəyərləndirə bildikləri üçün onun peykinə qayıtmasını istəməzlər. Ona da razı olmazlar ki, Rusiya bölgədə təsir gücünü əvvəlki səviyyədə bərpa etsin. Nəzərə alaq ki, bu məsələdə Türkiyə böyük faktdır. Ankara da İrəvanı Moskvadan uzaq tutmaqda maraqlıdır. Ən əsası isə Paşinyanın son ümid ocağı Makrondur. Əgər Tramp Amerikası onu Bayden dövründə olduğu qədər dəstəkləməsə, bu 4 ildə Fransanın kompensasiya edəcəyinə bel bağlayıb”. Q.Hüseynli təsdiqləyir ki, həqiqətən də Ermənistan üçün çətin olacaq və Rusiyanın təzyiqləri arta bilər: “İntəhası, Paşinyan hiyləgər adamdır. Onun sanksiyaları dəlməkdə Rusiyaya böyük "ayı xidməti" göz qabağındadır. Gəlin unutmayaq ki, Rusiya-Ermənistan əlaqələri ikiüzlüdür. Tərəflər ticarət dövriyyəsini artırır, təhlükəsizlik və siyasi mövzularda qarşıdurma vəziyyətinə gəlirlər. Burada səmimiyyət görmürəm. Əgər razılaşma əsasında Ermənistanın İran və Türkiyə sərhədindən rus hərbçiləri çıxarılıbsa, deməli, Moskva ilə İrəvan mnasibətlərində latent məsələlər var. Kim bilir, bəlkə də Paşinyan Tramp-Putin yaxınlaşmasından istifadə edə biləcəyinə, Bakıya təzyiq göstəriləcəyinə ümid edir".

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

 Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə Ermənistanın hələ də keçən ilin 5 aprelində baş tutan Brüssel görüşündən faydalandığını görməkdədir. Onun sözlərinə görə, həmin toplantıda hərbi pakt imzalandığı elan edilməsə də, sonrakı addımlar bu razılaşmanın icra olunduğunu ehtiva etməkdədir. Hərbi analitikə görə, Ermənistan indi amerikalı sərhədçiləri və ABŞ-dən yeni gecəgörmə cihazları, müxtəlif avadanlıqların tədarükünü gözləməkdədir: “Eyni zamanda Avropa Sülh Fondu daha 10 milyon avro ayırır. Bu addımlar Ermənistanın təhlükəsizlik sahəsində yeni tərəfdaşlar tapdığını sübut edir. Fakt budur ki, İrəvan KTMT-yə qayıtmır. Bundan sonra Trampla Rusiyanın yaxınlaşmasının bu prosesə necə təsir edəcəyini söyləmək çox çətindir. Burada vahid baxış var - Ermənistanı Qərbə tərəf çəkmək. Əgər Avropa Birliyi ilə ABŞ-ın mövqeyində dəyişiklik olacaqsa, Paşinyan Amerikadakı yeni seçkilərə qədər var-gəl etməyə, Rusiyanın təzyiqlərindən özünü qorumağa çalışacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR