Onlayn ictimai-siyasi qəzet
Özünə “xəstəlik kağızı” düzəldib, Rusiya səfərindən yayınan baş nazirlə bağlı ilginc açıqlamalar; ekspert: “Paşinyanı gərgin siyasi gələcək gözləyir”
Yola salmaqda olduğumuz ilin son həftəsi Ermənistanın baş naziri Nikol Paşinyanın hoqqabazlıqları ilə yadda qaldı. Nikol Paşinyan dekabrın 23-də çıxışı zamanı bildirib ki, Qarabağın qaytarılması ilə bağlı Azərbaycanla danışıqların aparılması prosesinə hələ 1994-cü ildən, yəni müharibənin bitməsindən az sonra başlanılıb.
Açıqlamanın ardınca Paşinyan Ermənistanın keçmiş prezidentlərini bu məsələ ilə bağlı debata dəvət edib. Rober Köçəryanın Paşinyana sərt reaksiyasının ardınca Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da Nikol Paşinyana sərt cavab verib. “Min illər boyu mübahisə predmeti olan erməni artsax sizin avantürizminiz ucbatından artıq mövcud olmadığı və xalqımızın diqqətini bu acı reallıqdan yayındırmaq üçün ümidsiz cəhdlərdən başqa bir şeyiniz qalmadığı halda mən sizinlə nə barədə mübahisə etməliyəm?”, - Ter-Petrosyan bildirib.
Bəs Paşinyanı birdən-birə belə açıqlama verməyə vadar edən səbəblər hansılardır? Niyə erməni baş nazir il sonu belə bir bəyanat səsləndirib? Birincisi, son aylar aparılan araşdırmalar və keçirilən sorğular göstərir ki, baş nazirin reytinqi kifayət qədər aşağı düşüb. Öz reytinqini artırmaq, xalqın narazılığını parçalamaq üçün Nikol Paşinyan “əslində tək günahkar mən deyiləm, Ter-Petrosyan, Köçəryan və Sərkisyan da günahkardır” prizmasından yanaşaraq, üzərinə düşən yükü atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir addım atıb. İkincisi, 2026-cı il Ermənistanda növbəti seçkilər keçiriləcək və bu, hazırkı hakimiyyət üçün ölüm-dirim mübarizəsi sayılır. Eyni zamanda Paşinyanın 2025-ci ildə növbədənkənar seçkilərə gedəcəyi də danışılan mövzulardandır.
Sahib Alıyev
Deputat Sahib Alıyev mövzumuzla bağlı olduqca diqqətçəkən məqamlara toxundu: “Birincisi, Paşinyan bununla sadəcə cənab İlham Əliyevin torpaqlarımız işğal altında olanda dediyi fikri təkrarlayıb, burada yeni nəsə yoxdur. Xatırlayırsınızsa, o zaman cənab Prezident bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ola bilməz. Dövlət başçımızın, xatırlayırsınızsa, onlara bir çağırışı da vardı ki, deyin sahibiniz kimdir biz də onunla, ya da onlarla danışıqlar aparaq. Bu çağırışı edən cənab İlham Əliyev əlbəttə, hər kəsdən daha yaxşı bilirdi onların sahiblərinin kimliyini, Bu çağırışla, sadəcə, qarşı tərəfə onların da Qarabağdakı soydaşları kini danışıqların subyekti yox, obyekti olaraq çıxış etdiklərini, bu ləyaqətsizliyə son qoymağın isə yolunun açıq etirafdan keçdiyini başa salmaqdan, Azərbaycanla birgə vasitəçilərin iç üzünü açmağa dəvətdən ibarət idi”. S.Alıyev bir məsələyə də diqqət çəkdi: “Paşinyan deyir ki, o, guya çox vətənpərvər olduğundan bu reallığı qəbul etmək istəməyib, yəni sələflərindən fərqli olaraq vasitəçilərin rəsmi İrəvan üçün cızdığı çərçivəyə uyğun olaraq danışıqları uzatmağa çalışmayıb, elə birbaşa "Qarabağ Ermənistandır", - deyib, bununla da savaş başlayıb. Əslində o, vətənpərvər yox, meydan adamı olduğundan Ermənistan üçün cızılan çərçivədən qırağa çıxaraq, öz oyununu oynamağa çalışdığını və bunun da acı nəticələrini daddığını demək istəyir. Yəni bildirmək istəyir ki, 2020-nin iyulunda Tovuzla sərhəddəki döyüşlərin səbəbkarının Ermənistan olduğunu Sergey Lavrov elə-belə dilə gətirməmiş və həmin ilin payızında Makron onu boş yerə qeyri-adekvat adlandırmamışdı. Beləliklə, o demək istəyir ki, Ermənistanın əvvəlki liderlər də onun kimi Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımağa hazır olublar, sadəcə, onlara belə bir tapşırıq verilmədiyindən bunun əksini deyiblər". Deputatın sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri yaxşı anlayır ki, dildən pərgahlıqla yanaşı, həm də artıq əlində aparılan danışıqların bütün detalları olan Paşinyan dediklərini sübut edəcək, ona görə də debatdan çəkinirlər: “Amma Paşinyan bir etiraf da etməli, bildirməlidir ki, Azərbaycanın Minsk Qrupunun buraxılması təşəbbüsünə qoşulmamaqla əslində indi o da sələflərinin yolu ilə gedir, onlardan geosiyasi alət kimi faydalananların tapşırığına əməl edir. Paşinyanın taleyinə gəldikdə, Ermənistandakı istənilən seçki siyasi yox, geosiyasi aktdır. Orada hansı böyük dövlətin kütlə üzərində təsiri güclü olacaqsa, seçkini də onun marioneti udacaq. Bu baxımdan Paşinyan hələlik digərlərindən daha şanslı görünür”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov hesab edir ki, Nikol Paşinyan Ermənistan ictimai rəyini məşğul etmək üçün növbəti dəfə müzakirə predmetləri yaratmaq istəyir: “Ermənistanda yaxınlaşan seçkilər var, eyni zamanda 2025-ci il Ermənistan üçün böyük ehtimal yeni gərginliklərlə xarakterizə olunacaqdır. Nikol Paşinyan daxili ictimai-siyasi rəyi çaşdırmaq və diqqəti başqa məqamlara yönəltmək üçün yeni dartışma mövzuları yaratmağa çalışır. Əslində bu gün Ermənistanın baş nazirinin özündən əvvəlki Köçəryan, Sarkisyan, həmçinin Levon Ter-Petrosyanı debatlara çağırması onu göstərir ki, Ermənistanın daxilində həqiqətən də aparılan ictimai rəy sorğularının nəticələri Paşinyanı ciddi formada narahat edir. O, özünə yeni müzakirə platformaları yaradaraq gündəmi dəyişdirməyə çalışır. Özəlliklə, Yeni ildən sonra Srbazanın rəhbərliyi altındakı qondarma provokatorların Paşinyana qarşı yeni hərəkətlənmələri gözlənilir”. T.İsmayılovun sözlərinə görə, eyni zamanda Nikol Paşinyan onun əleyhinə yaradılan “xain” obrazını da aradan qaldırmağa çalışır: “Əlində baş nazir kimi güc strukturlarını və müxalifəti sıradan çıxaran bütün təsisatları saxlayır. Belə bir məqamda bir çox üstünlüklər əldə edərək özündən əvvəlki qatillərin bir çoxunu debatlara dəvət edir. Bu gün Ermənistan müxalifətində təmsil olunan keçmiş Xocalı qatilləri nə qədər murdar, siyasi idbardırlarsa, Nikol Paşinyan hakimiyyəti də mahiyyət etibarilə onlardan fərqli deyil. Ortada isə heç bir siyasi kəsimə güvəni qalmayan, sahibsiz, yiyəsiz qalmış bir Ermənistan cəmiyyəti var. Paşinyanı gərgin bir siyasi gələcək gözləyir. Bundan isə qurtuluş yoxdur”.
Bu arada, N.Paşinyanın Rusiyada keçirilən MDB sammitinə və Avrasiya İqtisadi İttifaqının toplantısına qatılmaması da günün əsas müzakirə mövzularındandır. Koronavirusa yoluxduğunu əsas gətirərək Rusiyaya getməyən Nikol Paşinyanın videobağlantı vasitəsilə Leninqrad vilayətində keçiriləcək Aİİ sammitində iştirak etməsi tələb olunsa da, erməni baş nazir “xəstəlik kağızı” düzəltməklə bundan boyun qaçırmağa çalışır. Belə bir durumda Rusiyanın Paşinyana hansı sürprizi olacaq, bu da maraqlıdır. Reytinqi dibə enən baş naziri batırmaq Kreml üçün an məsələsi ola bilər...
E.PAŞASOY,
“Yeni Müsavat”
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ