İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putini öz "şantaj aləti"nə çevirməyə çalışır: İrəvan bu il Rusiyaya ən sarsıdıcı zərbəni vurmaq qərarı verib

Rəsmi İrəvan KTMT-nın absurd "məsuliyyət zonası"nı gündəmə gətirməklə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyadan öncə məhz elə bu qurum tərəfindən müəyyən edilməsinə cəhd göstərir... Əgər, Kreml Paşinyan hakimiyyətinin bu avantürist təxribatına uymazsa, onda rəsmi İrəvan Ermənistanın KTMT-nı Rusiyanın müqaviməti ilə üzləşmədən tərk etmək bəhanəsi qazana biləcəyinə əmindir...

Cənubi Qafqaz uğrunda mübarizə zaman keçdikcə, daha da amansız xarakter daşıyır. Belə ki, ABŞ və Qərb bu regionda cərəyan edən geopolitik proseslərə artıq açıq şəkildə müdaxilə etməyə başlayıb. Qərb bu regionu Rusiya ilə növbəti qarşıdurma məkanına çevirmək hədəfinə yaxınlaşmış kimi görünür. Və hazırda Cənubi Qafqazla bağlı əsas proseslər məhz Ermənistanın ətrafında cərəyan edir.

ABŞ və Qərb Ermənistanı Rusiya əleyhinə demarşlara cəsarətləndirmək istiqamətində müəyyən manevrlər etməyə çalışır. Böyük Britaniya Rusiya ilə qarşıdurmada Ermənistana hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Və bu, Qərbdən Ermənistana yönəlik dəstəyin birmənalı şəkildə Rusiyanı hədəfə aldığıni növbəti dəfə təsdiqləmiş olur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Digər tərəfdən, ABŞ da rəsmi İrəvana dəstəyini ifadə etmək məqsədilə müəyyən addımlar atır. Ağ Evin Ermənistanda "iqtisadiyyatın və demokratiyanın inkişafı"na yardım etmək məqsədilə 52 milyon dollarlıq maliyyə vəsaiti ayırmaq niyyətini bəyan etməsi maraq doğurur. Çünki bu məbləğ nəzərdə tutulmuş məqsədlər üçün yetərli görünmür. Yəni, 52 milyon dollara Ermənistanda nə iqtisadiyyatı, nə demokratiyanı inkişaf etdirmək mümkün deyil. Üstəlik, bu məbləğin elə bu iki sahə üçün ayrılacaq ümumi vəsait olduğunu da nəzərə aldıqda, situasiya daha da qəlizləşmiş olur.

Belə anlaşılır ki, Ağ Ev Paşinyan hakimiyyətinə sadəcə, müəyyən bəhanələr altında xırda xərclik verir. Əsas məqsəd isə rəsmi İrəvana ABŞ-ın Ermənistanın arxasında olduğunu hiss etdirmək və Paşinyan hakimiyyətinin Rusiyaya qarşı daha sərt mövqe tutmasına həvəsləndirməkdir. Ağ Ev bu yolla rəsmi İrəvana verdiyi təlimatların icrasına yol açmağa çalışır. Və hazırda Paşinyan hakimiyyətindən əsas tələblər Rusiyanın Ermənistandakı hərbi iştirakının mümkün qədər məhdudlaşdırılmasına nail olmaqdır.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiyaya qarşı növbəti ciddi addımını artıq atıb. Kreml üçün nə qədər gözlənilməz olsa da, Paşinyan hakimiyyəti Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı rəsmi tələbi Moskvaya göndərib. Həmin rəsmi tələbə görə, Rusiya sərhədçiləri 1 avqusta qədər İrəvan hava limanını tərk etməlidirlər. Və Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.

Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi hələlik məlum deyil. Hər halda, Kremlin rəsmi İrəvana münasibətdə maksimum səviyyədə tolerant yanaşması hazırda hətta Rusiya ictimai-siyasi dairələrində belə, müəyyən mənada, çaşqınlıqla və təəccüblə qarşılanır. Belə ki, Kremlə yaxın rus politoloqlar, o cümlədən də, Sergey Markov Ermənistanın Rusiyaya xəyanətinin artıq bütün "qırmızı cizgiləri" açdığını düşünür. Əsas qənaət ondan ibarətdir ki, Kreml rəsmi İrəvana adekvat reaksiya verməlidir, Ermənistan Rusiyaya belə açıq və saymazyana xəyanətin cəzasını mütləq çəkməlidir.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Əks halda, rəsmi İrəvan üçün indi atdığı addımlar Rusiyanın adekvat reaksiya potensialının test edilməsinə də çevrilə bilər. Yəni, Kremlin tərəddüdlü davranışlarının Paşinyan hakimiyyətini Rusiya əleyhinə daha radikal addımlara cəsarətləndirmə ehtimalı qətiyyən istisna deyil. Çünki rəsmi İrəvanın Ermənistanı Rusiyanın patronajlığı altında olan bütün qurumlardan uzaqlaşdırmağa çalışdığı qətiyyən şübhə doğurmur. Və bu sıraya Kremllə hərbi müttəfiqlik müqaviləsinin pozulması ilə yanaşı, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması da daxildir.

Məsələ ondadır ki, ABŞ və Qərbin Ermənistana dəstəyinin arxasında rəsmi İrəvana verilmiş bu təlimatların icrasına nail olmağın mövcudluğu artıq açıq mətnlə etiraf edilməyə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan hazırda Rusiyaya qarşı avantürist və hiyləgər siyasət yürüdür. Qərbin israrlı tələblərinə baxmayaraq, erməni baş nazir Ermənistanın KTMT da daxil olmaqla, Kremlin patronajlığı altında olan qurumları tərk etməsinə yönəlik hüquqi addımları mümkün qədər təxirə salmağa çalışır. Və bununla da Kremlin sərt reaksiyası ilə vaxtından əvvəl üzləşmək təhlükəsindən yayına biləcəyinə ümid bəsləyir.

Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dan çıxmaq niyyətini isə qətiyyən gizlətmir. Erməni baş nazir açıq mətnlə bəyan edib ki, bu, 2024-cü ilin sonuna qədər baş verə bilər. Ancaq rəsmi İrəvan Ermənistanın bu barədə elan etməsə də, artıq qəbul etdiyi qərarın siyasi-hüquqi məsuliyyətini məhz Rusiyanın və KTMT-nın üzərinə yükləməyə çalışır. Belə ki, rəsmi İrəvan KTMT-dan tələb edir ki, bu qurum Ermənistanla bağlı məsuliyyət zonasını elan etsin.

Baş nazir Nikol Paşinyan bu tələbini Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrə müdaxilə etməməsi ilə əsaslandırmağa çalışır. Erməni baş nazir ultimativ şəkildə vurğulayıb ki, rəsmi İrəvan öz tələbinə reaksiya almazsa, Ermənistan KTMT-nı tərk edəcək. Ona qədər isə Ermənistan KTMT-da fəaliyyətini dondurulmuş vəziyyətdə saxlayacaq və bu hərbi-siyasi alyansın heç bir tədbirində iştirak etməyəcək. Və bu, birmənalı şəkildə Kremli siyasi təxribata çəkmək, şantaj etmək anlamı daşıyır.

cc6208cd-25ca-4524-91c0-fb088d3b2bdd.jpg (98 KB)

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib. Yəni, dolayısı ilə Ermənistanın sərhədləri hələlik mümkün olunmayıb, formal xarakter daşıyır. Bu məsələ yalnız Azərbaycan və Ermənistan arasında həll edilə bilər, hər hansı üçüncü tərəfin müdaxiləsi mümkün deyil. Rəsmi İrəvan isə KTMT-dan Ermənistanla bağlı məsuliyyət zonasını dəqiqləşdirməyi tələb edir. Yəni, dolayısı ilə rəsmi İrəvan Ermənistanın olmayan sərhədlərinin məhz KTMT tərəfindən müəyyən olunmasını gündəmə gətirmiş olur.

Təbii ki, bu, açıq erməni avantürasından başqa bir şey deyil. Rəsmi İrəvan bu siyasi avantüra ilə müəyyən məqsədlər güdür və hər birisini özü üçün uduşlu hesab edir. Belə ki, əgər, KTMT və Rusiya delimitasiya edilməmiş sərhədlər üzərindən Ermənistanla bağlı məsuliyyət zonasını müəyyən etməyə çalışarsa, bu, rəsmi İrəvana bəzi üstünlüklər qazandıra bilər. Bir tərəfdən,  delimitasiya prosesində rəsmi İrəvan KTMT-nın absurd "məsuliyyət zonası"na istinadən Azərbaycana aid əraziləri qaytarmaq məcburiyyətindən yayına biləcəyinə ümid bəsləyir. Eyni zamanda, bununla Azərbaycan-Rusiya münasibətlərini korlamağı da düşünür.

Digər tərəfdən isə KTMT rəsmi İrəvanın avantürist mövqeyinə əhəmiyyət verməzsə, bu halda, Paşinyan hakimiyyəti Ermənistanın həmin qurumu tərk etməsi üçün ciddi bəhanə qazanacağına əmindir. Yəni, Paşinyan hakimiyyəti KTMT-nı ya rəsmi İrəvanın maraqlarına alət olmağa, ya da Ermənistanın bu qurumu müqavimətsiz tərk etməsi ilə barışmağa məcbur buraxmağa cəhd göstərir. Və bu avantürist məqsədlərinə nail olmaq üçün isə Paşinyan hakimiyyəti erməni şantaj potensialını tam şəkildə işə salıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR