Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın Rusiyadan üz döndərərək Qərblə sıx qucaqlaşmaq istəməsi Ermənistan xalqının özünün müəyyən edəcəyi qərardır. Seçkidə Paşinyana onlar mandat veriblər və baş verə biləcək hadisələrə də bərabər məsuldurlar.
Amma Paşinyan çox vacib məqamı unudur, ya da onu öz ağlınca əhəmiyyətli hesab etmir. Paşinyan yaddan çıxarmasın ki, obyektiv coğrafi, tarixi, siyasi və iqtisadi amillər bütün ideologiyalardan daha önəmlidir. Yəni Qafqazda ayrıca götürülmüş Ermənistan yoxdur. Paşinyan burada siyasi sistemi yeniləyə, azad media, Qərb dəyərlərinə üstünlük verən demokratik ölkə bəlkə də yarada bilər, amma “Yeni Ermənistan” əsla.
Paşinyanın neçə vaxtdır verdiyi açıqlamalarda bir ayrıca xətt də var: Ermənistanın himnindən, gerbindən tutmuş, müstəqillik bəyannaməsinədək tənqid edir. Təkcə ona görə yox ki, bu dövlət simvolları qüsurludur, məsələn, qonşularına ərazi iddiaları daşıyır və s. Əsas o səbəbdən ki, bu hərdəmxəyal məhz “Yeni Ermənistan” arzusundadır. Arxasını bu dəfə Rusiyaya deyil, Qərbin NATO-suna söykəyərək, Avropa Birliyinin binası qarşısında erməni bayrağının dalğalanmasını istəyir. Avropa elitasına qaynayıb-qarışmaq niyyətindədir. Onun “bir gün yuxudan durub görə bilərik ki, regionda Rusiya yoxdur” deməsi bəlkə də onu gözləyən bütün çətinliklərdən qurtulmaq arzusudur. Bunu bir dəfə Gürcüstanda Saakaşvili etməyə cəhd etdi, bəs “Yeni Gürcüstan” yaratmaq arzusu nə oldu? Bunun cavabını indi həbsxanada olan Saakaşvili yaxşı bilir, o da Qərbin yalançı vədlərinə inandı. Gürcüstanda indi nə NATO qoşunu var, nə Avropa Birliyinə üzvlük bileti.
Paşinyan ola bilsin onu da düşünür ki, NATO-nu gətirə bilsə, ölkəsinin gələcəyinə Azərbaycanla sülh müqaviləsi olmadan da təminat ala bilər, təkcə Rusiya ilə deyil, bəlkə də Azərbaycanla da bu hərbi bloku davaya sala bilər. İran sadəcə olaraq, Paşinyana bir müddətlik qarantiya kimi lazımdır, Rusiyaya təpik atan, gör arxası möhkəm olanda İrana nələr edər. O səbəbdən Paşinyanın qafasında planları çoxdur, gerçəkləşməsi mümkünsüz kimi görünür, amma belə iddia var ki, erməni baş nazir bəzi vədlər də verib Qərbə. Ona görə də başını Rusiya ayısının pəncəsinə atır. Görək, nə olur...
Erməni mediası yazır ki, bir vaxtlar Ukrayna ilə Rusiyanın müharibə edəcəyini heç kim düşünməzdi və Ermənistanı da eyni tale gözləyə bilər. Paşinyan Rusiya ilə Allah eləsin müharibə qərarı da versin, qırsınlar bir-birlərini, bizə nə... Amma görək, bu Ermənistana o zaman yiyə duran tapılacaqmı, Makron qoşun göndərəcəkmi, Amerika heç olmasa dövlət katibinin köməkçisi Nulandla Paşinyana yeməyə hamburger yollayacaqmı? Bunlar bir az da ritorik suallardır, Paşinyan onu gözləyən təhlükəni bilməyəcək qədər ağlını itirməyib. Paşinyanı indi Misir prezidenti Ənvər Sadata oxşadanlar da var. O da bir gündə SSRİ-dən üz döndərmişdi ki, 1967-ci ildə altıngünlük müharibədə itirdiyi Sinay yarımadasını geri qaytarsın. Taleyi məlumdur. Paşinyanın tez-tələsik mühafizə xidmətinin rəhbərini dəyişməsi və bunun elan edilməsi də səbəbsiz deyil. Mesaj verir ki, “baxın, Rusiya məni öldürtdürə bilər, məni qoruyun” və sairə.
Dünyanın dörd bir tərəfinə zəng etməsi nəydi? Kimsən axı sən, hansı bir əhəmiyyətli dövləti təmsil edirsən ki? Rusiya ilə ölüm-dirim müharibəsi edən Zelenski heç bir gündə o qədər dövlət rəhbərinə zəng etmir, nə xəbərdir? 44 günlük müharibədə Putinin telefonlarını “bombalayırdı”, indi Rusiyanı yaddan çıxarır. Yaxşı da eləyir.
Bunların hamısı tanış ssenaridir. Ermənistan öz seçimini etmiş kimi görünür, bizim də seçim imkanımız və fürsətimiz indikindən daha çox olacaq. Həm də daha sərfəli, daha rahat...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ