İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan niyə Azərbaycanı 28 Mayda təbrik etmədi?

Ermənistanın baş naziri Nikol Paşinyanın nə qədər ziddiyyətli biri olduğunu özü də yaxşı bilir. Bu mənada onun bir-birini təkzib edən açıqlamaları, bəyanatları təəccüb doğurmur. Odur ki, Qarabağ haqqında yenə də nostaljiyə qapılaraq “itirilmiş vətən” nağılını danışan erməni baş nazirin heç bir sözünə, vədinə, hətta imzasına etibar etmək olmaz. Əslində imzasına özünün də etibar etmədiyini 2025-ci ilin 10 noyabr bəyannaməsinin – kapitulyasiya aktının 9-cu maddəsini yerinə yetirməməklə isbatlayıb.

Nikol Paşinyan 2018-ci ildə baş nazir seçiləndən sonra ilk olaraq hara gəlmişdi? Bəli, Şuşaya! Onun Şuşada yallı getməsini, araq-çaxırdan məst olub yad torpaqda “dədəsinin yurdu”ndakı kimi sərələnməsi də yadımızdadır.

YALLİ SON.jpg (55 KB)

Düzdür, bir neçə ay sonra Azərbaycan Prezidenti ilə ayaqüstü görüşdən xoşbəxt olduğunu elə özü dolayısı ilə etiraf etmişdi. Amma nə olsun? 2019-cu ilin avqustunda Xankəndiyə yenə də qanunsuz gəldi və “Qarabağ Ermənistandır. Nöqtə”, sərsəmləməsini dilə gətirməklə müharibə alovunu alışdırdı. Tovuz döyüşləri, yeni ərazilər uğrunda yeni müharibə...Bütün bunlar “sülhpərvər” Paşinyanın rəhbərliyi dövrə düşür. 44 günlük müharibənin baş verməsinin də səbəbkarı odur, əgər havadarlarının fitnə-fəsadına uymasa, məsələləri masada da yoluna qoymaq mümkün idi, necə ki, başına Dəmir Yumruq dəydikdən sonra 3 rayonumuzu döyüşsüz təhvil verdi.

Vaxtilə oğlu Aşotu Qarabağa (!!!) hərbi xidmətə yollayan Paşinyan bu günlərdə erməni gənclərə real Ermənistandan danışmaqla özünü sülh göyərçini kimi təqdim etməyə çalışmışdı. O gənclərdən birisi cəsarət sahibi olub “bəs niyə oğlunuzu indi Azərbaycan ərazisi hesab etdiyiniz Qarabağa əsgər yollamışdınız?”, sualını versəydi...Amma heç imkan tapdılarmı? Nikol Paşinyan bunun ardınca müsahibə verərək Qarabağı “itirilmiş vətən” adlandırdı. Paşinyanın içərisində başqa bir Paşinyan da var və vaxtaşırı “sülhpərvər” Nikolla balans yaratmaq üçün revanşa cəhd edir. İndi erməni gəncliyu, bütövlükdə Ermənistan əhalisi hansı Paşinyana inansın?..

Bir neçə ay öncə Ermənistanın baş naziri parlamentdə belə demişdi: “2018-ci ildən bəri Qarabağ məsələsi ilə bağlı üzləşdiyimiz ən böyük problem odur ki, 2018-ci ilin aprelindən belə bir vəziyyətlə üzləşdik ki, istər-istəməz güzəşt və ya müharibə yolu ilə getməli idik”.

6 il sonra etiraf etmişdi, amma bu etirafdan iki-üç ay qabaq Azərbaycan Prezidenti ilə görüş təklifindən boyun qaçırtmışdı. O görüşdən Makronun təsiri ilə yayındığı barədə etirafını deyək ki, 6 il sonra dilə gətirdi, bu, nəyi dəyişəcək?

makron avropa.jpg (66 KB)

Tez-tez Ermənistanın 29 743 kvadrat kilometr əraziyə “sahib olduğunu” təkrarlayan Paşinyan əslində çox narahatdır, istəyir ki, bu rəqəmi Azərbaycan da təsdiqləsin. Hətta auditoriyaların birində Hayastan yaradılarkən onun bu qədər əraziyə sahib olmadığını etiraf etmişdi. Necə ki, ötən illərdə Ermənistanın “kadastr sənədinin olmadığı” etirafını dilə gətirmişdi. Narahatlığı anlaşılandır, çünki “kupça”nı Azərbaycandan almalıdır. Azərbaycan isə ona konstitusiya ilə ərazi iddiası irəli sürən bir ölkənin nəinki 29 743 kvadrat kilometr, heç 19 min kvadrat kilometr ərazisinin olduğunu da bəyan etməz. Çünki 1918-ci ildə İrəvan şəhərini güzəşt etdiyimiz zaman ermənilər 9 min kv.km-lə kifayətlənmişdilər və sonrakı illərdə qəsb edilən 20 min kv.km-dən artıq ərazi Azərbaycana məxsusdur! Bunu Paşinyan yaxşı anlayır, ona görə də bir addım irəli, iki addım geri atmaqla fürsət qazanmağa çalışır.

Bir müddət öncə Azərbaycan və Ermənistan “Avropa Siyasi Birliyi”nin sammitinin Bakı və İrəvanda keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib. Bundan əvvəl bənzər nümunə COP29-a münasibətdə olmuşdu, Ermənistan öz namizədliyini geri çəkərək - əslində belə ağır yükün altından çıxa bilməyəcəyini anlayaraq – Azərbaycanın namizədliyinə etiraz etməmişdi. Amma ziddiyyətli baş nazir COP29-a gəldimi? Makron gözünü ağartdı və nəinki özü, hətta nümayəndəsi də Bakıya gəlmədi. Məntiqsizlik məhz belə olur.

Bu yaxınlarda Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etməsi ajiotaj doğurdu. Düzdür, münasibətlərin tarixində bu, bir ilkdir. Sovet dövründə Qurban bayramına münasibət bəlli olduğundan o zaman da belə bir təbrikləşmə olmamışdı. Nəhayət, Paşinyan “X” hesabında “Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”, - paylaşımı ilə sükutu pozdu, ilkə imza atdı. Amma özünün yanlış hərəkətləri ilə minlərlə insanın qurban getməsinə səbəbkar birisinin Qurban bayramı təbriki ona münasibəti dəyişə biləcəkmi? Çətin. Nikol Paşinyanın dini bayramla bağlı təbriki məhz erməni katalikosu ilə müharibəyə başladığı zaman ünvanlaması da diqqət çəkir. Yəni baxın, kilsə, 2-ci Qaregin başda olmaqla sülhə, barışa qarşıdır, mənsə Azərbaycanı, həmçinin Türkiyəni təbrik edirəm.

QAREGİN.jpg (86 KB)

Amma gerçəkdən sülh istəyən heç olmasa mina xəritələrini verməkdən boyun qaçırmaz, 4 min azərbaycanlı itkin haqqında xəbərləri gizləməzdi. Paşinyanın əlində elə də çətin deyil: həmin dövrdə orduya rəhbərlik edən 5-10 generalı, polkovniki 2-3 saat sorğu-sual etməklə azərbaycanlı əsir, girovların öldürülüb harda basdırıldığını aydınlaşdıra bilər.

Digər tərəfdən, Paşinyanın Azərbaycana Qurban bayramı münasibətilə təbrik göndərməsi nə qədər müsbət addım olsa da, vacib bir xatırlatmanın yeri var: Baş nazir niyə Azərbaycan Prezidenti və xalqını 28 May – Müstəqillik günü ilə bağlı təbrik etmədi? Paşinyan məhz buradan başlamalı idi, həm də Azərbaycan ərazilərindən 107 il öncə kəsilib, “Hayastan” yaradılması etirafını dilə gətirsəydi, daha normal olardı. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan bir gün sonra – 29 mayda İrəvan şəhəri və ətraf ərazilər ermənilərə güzəşt edilib və Paşinyan bu gün tarixi türk şəhərində oturub. Əgər o, doğrudan da sülh imzalamaq istəyirsə, əsas təməllərdən başlamalıdır, Qərbi azərbaycanlıları qəbul etməli, evlərinə dönmələrinə şərait yaratmalı, İrəvan qazılığının fəaliyyətinə imkan yaratmalı və s. Yoxsa Qurban bayramı ilə bağlı təbrik paylaşandan sonra “itirilmiş vətən”dən moizə oxuyursa, demək mövqeyində sağlam adam deyil...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR