Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında kommunikasiya yollarının açılması məsələsinə toxunaraq Azərbaycan tərəfinə konkret təklif irəli sürdüklərini bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Biz Azərbaycanla bağlı çox konkret bir təklif irəli sürdük. Əslində, bu, sadəcə bir təklif deyil, məsələnin həllidir və bizim qiymətləndirməmizə görə, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə alır", - deyə Paşinyan bildirib.
Ermənistan baş nazirinin sözlərinə görə, bu təklif çərçivəsində Azərbaycanın qərb rayonlarından Naxçıvana və əks istiqamətdə yük qatarı əlaqəsi qurulması; eyni prinsip əsasında Ermənistanın Yerask qəsəbəsindən Naxçıvan ərazisindən keçməklə Mehriyə, eləcə də Ermənistanın Azərbaycan ərazisindən beynəlxalq ticarət üçün, Azərbaycanın isə Ermənistan ərazisindən beynəlxalq ticarət və yük daşımaları üçün keçid imkanı əldə etməsi nəzərdə tutulur.
Paşinyanın bildirdiyinə əsasən, bu təklifdə vacib məqamlardan biri münasibətlərdəki gərginlik nəzərə alınaraq ilkin mərhələdə yalnız yük daşımalarının həyata keçirilməsi, gələcəkdə isə vəziyyət uyğun olduqda sərnişin daşımalarının da mümkün olmasıdır.
Nikol Paşinyanın iddiasına görə, bu təşəbbüs Ermənistanın "Sülh yolu ilə inteqrasiya" proqramının prinsiplərinə tam uyğundur və Azərbaycanın da danışıqlar prosesində irəli sürdüyü gözləntilərə cavab verir.
"Biz maneəsiz əlaqəyə qarşı deyilik, lakin bu, həmin yola Ermənistan Respublikasının yurisdiksiyasının şamil edilməyəcəyi anlamına gəlməz", - deyə Paşinyan qeyd edib.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ