Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə olan ümidlər növbəti dəfə boşa çıxmaq üzrədir. Ermənistan sülh prosesindən uzaqlaşmaq qərarına gəlib. Rəsmi İrəvanın son davranışları artıq buna hər hansı şübhə yeri buraxırmır. Və bundan sonra situasiyanın gələcək inkişaf istiqamətlərini daha çox hərbi faktorlar müəyyən edə bilər.
Məsələ ondadır ki, rəsmi İrəvan sülh prosesinə yönəlik manevrlərinin artıq boşa çıxdığını anlayır. Ermənistan bu prosesdə beynəlxalq dairələrin fəal dəstəyinə böyük ümidlər bəsləyirdi. Rəsmi İrəvan həmin dəstəyin sayəsində 44 günlük savaşdan məğlub ayrılmasının mövcud nəticələrini kompensasiya edə biləcəyini düşünürdü. Və rəsmi İrəvanın bütün hesabları pozuldu.
ABŞ və Qərb regional sülh danışıqlarının "erməni faktoru" üzərində indeksləşdirilməsinə qətiyyən həvəs göstərmədi. Çünki Qərb bu halda, regional sülh prosesində uğur qazanma ehtimalının olmadığını anlayırdı. Yəni, savaşın qalibi Azərbaycanın maraqlarını və geopolitik iradəsini nəzərə almadan sülh axtarmaq sadəlövhlük olardı. Və Qərb siyasi dairələri "sadəlövhlüyə" deyil, məhz praqmatizmə üstünlük verdilər.
Üstəlik, Azərbaycanın ABŞ və Qərb üçün daha böyük önəm daşıması da sülh danışıqlarının beynəlxalq hüquq normalarına bağlanmasına səbəb oldu. Buna əlavə olaraq, ABŞ və Qərbin strateji maraqlarının da Cənubi Qafqazda sülhün və sabitliyin bərpa edilməsindən asılı olması Ermənistanı "geopolitik labirintə" saldı. Yəni, Qərb siyasi dairələri Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması üçün onilliklər boyu faydalandıqları "erməni faktoru"nu qurban verdi.
Ancaq Rusiya, Fransa, İran və Hindistanın dəstəyi sayəsində hələ də mövcud situasiyadan çıxa biləcəyinə ümidlərini tam itirmıyən Ermənistan sülh prosesinin qeyri-müəyyən müddətə uzatmağın, əgər mümkün olarsa, hətta onu "dondurmağın" yollarını axtarır. Rəsmi İrəvanın son vaxtlar Laçın postu və Qarabağda yaşayan erməni azlığı üzərindən qaldırdığı beynəlxalq hay-küy də məhz buna hesablanıb.
Ermənistan bu "mövzular" ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. Halbuki, vaxtilə Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan azad olunması barədə dörd qətnaməsini icra etməmişdi. İndi rəsmi İrəvanın Azərbaycan ərazisi olan Laçın yolu və Qarabağ regionu ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi Ermənistan tərəfindən sülh prosesindən imtina anlamı daşıyır. Çünki bu müraciətin məzmunu Azərbaycanın daxili işlərinə qarışması və ərazi iddialarının davam etməsi kimi yozulmağa açıqdır.
Təbii ki, rəsmi Bakı Ermənistanın beynəlxalq hay-küyünü siyasi-diplomatik manevrlə dəf etmək imkanındadır. Üstəlik, BMT-nin Nizamnaməsi və beynəlxalq hüquq normaları da Azərbaycanın mövqeyi ilə tamamilə uzlaşır. Bu baxımdan, rəsmi İrəvanın avantürist davranışlarının Ermənistana hansısa fərqli situasiya verəcəyi qətiyyən inandırıcı deyil. Və bu baxımdan, Paşinyan hakimiyyətinin son "kozırlar"ını oynadığını da düşünmək olar.
Ancaq bu, olduqca təhlükəli bir oyundur. Böyük ehtimalla rəsmi İrəvanın bu oyuna cəsarət göstərməsinin arxasında Cənubi Qafqazda regional maraqları olan bəzi beynəlxalq dairələr gizlənir. Xüsusilə də, Rusiya və Fransanın Ermənistanın cəsarətləndirilməsində önəmli rol oynadığı qətiyyən istisna deyil. Çünki Kreml sülh sazişinin imzalanacağı təqdirdə, Cənubi Qafqazın Rusiya üçün həmişəlik itiriləcəyini tam dəqiqliyi ilə bilir.
Ona görə də, Kremlin Rusiyaya xəyanət etmiş Ermənistana səbrli yanaşması o qədər də təəccüblü deyil. İndi Kreml Ermənistanın ABŞ və Qərbə olan ümidlərinin boşa çıxmasından Rusiyanın regional maraqları çərçivəsində istifadə etməyə çalışır. Və Rusiya siyasi dairələrinin qeyri-rəsmi kanallarla Ermənistanı yenidən öz orbitinə qaytarmaq üçün rəsmi İrəvana müəyyən vədlər verdiyi barədə məlumatlar mövcuddur.
Onu da nəzərə almaq lazımdır ki, Kreml regional sülh prosesinin pozulması üçün bütün vasitələrdən istifadə edir. Hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçiləri Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının hələ çox tez olduğunu açıq şəkildə bəyan edirlər. Bu, Kremlin heç bir halda, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması ilə barışmaq niyyətində olmadığını açıq-aşkar biruzə verir. Azərbaycan və Ermənistan arasında sülh sazişini Rusiyanın Cənubi Qafqazdan çıxarılması planı olaraq, qəbul edən Kreml bu prosesin yenə onilliklər boyu uzanmasına yönəlik cəhdlərini israrla davam etdirir.
Ona görə də, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətini açıq mətnlə Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmaqda suçlayır. Hətta bununla rəsmi İrəvanın Ermənistanın maraqlarını böyük zərbə altında buraxdığını da qabardır. Və bu addımın Qarabağ ətrafındakı situasiyanı Azərbaycanın xeyrinə ciddi şəkildə dəyişdiyinə eyham vurmaqla, Paşinyan hakimiyyətini qınayır.
Hazırda rəsmi İrəvanın avantürist davranışlarının və törətdiyi təxribatların məhz Rusiyanın qabartdığı həmin məqamların aradan qaldırılmasına yönəlmiş cəhdlər olduğundan şübhələnməyə əsaslar mövcuddur. Böyük ehtimalla rəsmi İrəvan Kremlin təlimatları və xüsusi planları əsasında hərəkət edir. Və Ermənistan məhz Rusiyanın hazırladığı ssenariyə uyğun olaraq, sülh prosesindən uzaqlaşmağa cəhd göstərir.
Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətini indiyə qədər ABŞ və Qərbin vasitəçiliyi ilə əldə olunmuş anlaşmalardan imtina etməyin vacibliyinə inandırmağa nail olub. Cənubi Qafqazda sülh prosesinin pozularaq, yeni savaş təhlükəsinin aktuallaşdırılması planları içərisində Fransanın yer aldığı qətiyyən şübhə doğurmur. Və bütün bunlar yaxın aylarda regional sülh prosesinin silahlı toqquşmalarla əvəzlənmə ehtimalını artırır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ