İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməni toplumunu savaşla hədələdi: “Həftənin sonunda yeni müharibə başlayacaq”

Rəsmi İrəvan Qərbin, eləcə də, Fransanın dəstəyindən ümidini kəsib, Azərbaycanla anlaşmağın Ermənistan üçün yeganə çıxış yolu olduğunu artıq qəbul edib… Erməni baş nazirin dörd kəndin Azərbaycana qaytarılmasının vacibliyini izah edərkən, “Biz savaş olacağını bilmirdik deyərək, sonradan məni günahlandırmayın” mesajı vəziyyətin ciddiyindən xəbər verir…

Ermənistan ABŞ və Qərbə bağladığı böyük ümidlərə yeni “pəncərə”dən baxmaq məcburiyyətində qalıb. Ancaq rəsmi İrəvan deyəsən, yeni “pəncərə”dən Ermənistan üçün ümidverici nəsə görə bilmir. Hər halda, Paşinyan hakimiyyəti ABŞ və Qərbin taleyüklü məqamda Ermənistanın köməyinə çata biləcəyinə o qədər də əmin deyil. Ona görə də, bir müddət öncəyə qədər radikal-revanşist ritorikaya girov düşən rəsmi İrəvan son vaxtlar nisbətən geri çəkilməyə üstünlük verir. Və hətta mövcud reallığa uyğun davranmaq cəhdləri də müşahidə olunur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş verənlərdən dərs çıxartmaq qabiliyyətinin olmadığına eyham vurmuşdu. Azərbaycan lideri bildirib ki, Ermənistan II Qarabağ müharibəsinin nəticələrindən dərs çıxartmağı bacarmayıb. Əgər, bunu bacarsaydı, onda Azərbaycanın Qarabağ regionunda keçirilmiş antiterror əməliyyatlarına heç bir ehtiyac olmayacaqdı. Və bu, Ermənistana növbəti sərt xəbərdarlıq mesajı anlamı daşıyır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistandan Azərbaycanın hələ də işğal altında qalan kəndlərinin geri qaytarılmasını tələb edir. Son vaxtlara qədər rəsmi İrəvan bundan imtina edirdi, Azərbaycanın beynəlxalq hüquq normalarına bağlı tələblərinin icrasından yayınmağa çalışırdı. Xüsusilə də, Fransanın Ermənistana verdiyi dəstək Paşinyan hakimiyyətini ciddi şəkildə cəsarətləndirmişdi. Və bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında hərbi-situsiya maksimum həddə qədər gərginləşmişdi.

Maraqlıdır ki, Qərb siyasi dairələrindən, xüsusilə də, Fransadan verilən dəstəyə bəslənən ümidlər Paşinyan hakimiyyətini o qədər cəsarətləndirmişdi ki, hətta Azərbaycana qarşı bir neçə dəfə hərbi təxribatlar da törədildi. Ancaq rəsmi Bakı nə Qərbə, nə də Afrikadan qovularaq, nüfuzunu itirməkdə olan Fransaya heç bir əhəmiyyət vermədən Ermənistanın hərbi təxribatlarını sərt reaksiya ilə qarşıladı. Nəticədə Ermənistan Azərbaycanın “dəmir yumruq” zərbəsini növbəti dəfə xatırlamalı oldu. Üstəlik, Qərb siyasi dairələri, eləcə də, Ermənistanın əsas beynəlxalq himayədarı Fransa buna rəsmi İrəvanın ümidlərinə adekvat reaksiya verə bilmədi.

Belə anlaşılır ki, məhz həmin hadisələrdən sonra Paşinyan hakimiyyəti Fransa başda olmaqla, heç bir Qərb dövlətinin Ermənistanın Azərbaycanla hərbi toqquşmaların ağır nəticələrindən xilas edə bilməyəcəyi qənaətinə gəldi. Hər halda, indi rəsmi İrəvan Azərbaycana aid ərazilərin geri qaytarılması ilə bağlı məsələdə daha icraedici görüntü sərgiləyir. Bu baxımdan hesab etmək olar ki, rəsmi İrəvan yaxın vaxtlarda Azərbaycanın işğal altında olan kəndlərini geri qaytarmaq məcburiyyətində qalacaq.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Son hadisələrə istinadən rəsmi İrəvanın artıq bu prosesə hazırlaşmağa başladığını da düşünmək olar. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan bir müddət öncə mətbuat konfransı keçirtdi və delimitasiya mövzusu barədə açıqlamalar verdi. Erməni baş nazir vurğuladı ki, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Eyni zamanda, Azərbaycanın qaytarılmasını tələb etdiyi kəndlərin Ermənistanın sovet xəritələrində olmadığına da eyham vurdu. Bu isə dolayısı ilə həmin kəndlərin Azərbaycana aid olduğunun etitaf edilməsi anlamı daşıyırdı. Və bu, erməni baş nazirin Ermənistan cəmiyyətini kəndlərin Azərbaycana qaytarılmasına hazırlamaq cəhdi də sayıla bilər.

Çünki erməni baş nazir sonrakı mərhələdə Azərbaycanın tələb etdiyi kəndlərə səfər etdi, orada qeyri-qanuni yaşayan Ermənistan vətəndaşları ilə görüşlər keçirtdi. Mövcud situasiyanı və gələcəkdə baş verə biləcək hadisələri onlara izah etməyə çalışdı. Baş nazir Nikol Paşinyan ilk mərhələdə Azərbaycanın anklav olmayan dörd kəndinin qaytarılmasının vacibliyini əsaslandırmağa cəhd göstərdi. Erməni baş nazir buna göstəriləcək müqavimətin isə son nəticədə yeni müharibəyə yol aça biləcəyini vurğuladı. Onun dediyinə görə, əgər, Ermənistan dörd kəndi dərhal geri qaytarmazsa, ən uzağı bu həftənin sonunda Azərbaycanla müharibə başlaya bilər.

Göründüyü kimi, delimitasiya və demarkasiya prosesi artıq durğunluq mərhələsindən çıxmaq üzrədir. İlk növbədə Azərbaycanın səkkiz kəndinin geri qaytarılması qaçılmazdır. Ermənistanın bundan sonra da həmin kəndləri işğal altında saxlaya bilməsi o qədər də inandırıcı görünmür. Çünki bu məsələ Azərbaycan və Ermənistan arasında olduqca ciddi hərbi-siyasi gərginlik predmetinə çevrilməyə başlayıb. Və rəsmi İrəvan Ermənistanın belə bir gərginliyə uzun müddət tab gətirə bilməyəcəyini indi hamıdan yaxşı anlayır.

6608d4d34a50c5b1b69f0791aee06568.jpg (108 KB)

Hər halda, Fransanın reallaşdıra bilməyəcəyi vədlərdən başqa Ermənistana heç nə verə bilmədiyi inkaredilməz reallıqdır. Rəsmi Parisə güvənərək, Azərbaycanla yeni qeyri-bərabər savaşa səbəb vermək Ermənistana olduqca baha başa gələ bilər. Ona görə də, indi Paşinyan hakimiyyəti konkret qərarlar qəbul etmək və prinsipial siyasi iradə göstərmək məcburiyyətindədir.

Əks halda, bir müddət sonra çox geç ola bilər. Ermənistan baş naziri Nikol Paşinyan kəndlərin geri qaytarılmayacağı təqdirdə, nələrin ola biləcəyini açıq şəkildə gündəmə gətirməsi də vəziyyətin ciddiliyindən xəbər verir. Hər halda, erməni baş nazir Ermənistan vətəndaşlarına “Biz bilmirdik, siz də izah etməmişdiniz deyib, sonradan hökuməti günahlandırmayın” mesajı situasiyanı tamamilə izah edir. Və bu baxımdan, Qərbdən, eləcə də, Fransadan əli üzülən Ermənistanın Azərbaycanın haqlı tələblərini icra etməkdən başqa çıxış yolu qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR