İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: Katolikos və baş nazir qırğında

Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın sosial şəbəkələrdə Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, bu paylaşımlarda ruhanilərə qarşı açıq şəkildə alçaldıcı ifadələr işlədilib, kilsə nümayəndələri celibat qaydalarını (latınca caelibatus – subaylıq deməkdir.

Xristian kilsəsində ruhanilərin evlənməkdən və cinsi münasibətlərdən imtina etməsi barədə qəbul etdikləri and) pozmaqda ittiham olunub.

QEYD SON.jpeg (138 KB)

Erməni ictimaiyyəti və siyasi dairələr isə bu təhqiramiz kampaniyanı təsadüf kimi deyil, məqsədli və düşünülmüş hücum kimi qiymətləndirir. Belə ki, analitiklərə görə, bu hücumlar, Ermənistan Apostol Kilsəsinin ruhani rəhbəri II Qareginin mayın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi beynəlxalq tədbirdə Azərbaycan ərazilərindəki erməni dini abidələrinin “məhv edilməsi” ilə bağlı səsləndirdiyi bəyanata cavab xarakteri daşıyır.

Erməni müxalifətinin fikrincə, Paşinyan hakimiyyəti bu şəkildə kilsənin siyasi və ideoloji nüfuzunu zəiflətmək, Katolikosun mövqeyini sarsıtmaq və onun yerinə özünə tabe olacaq şəxsi gətirmək niyyətindədir. Müxalif fraksiyaların deputatları, o cümlədən “Şərəfim var” blokunun rəhbəri Hayk Mamicanyan baş nazirin bu kampaniyasını “Azərbaycanın anti-kilsə ritorikasına dəstək” adlandırıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın şeyxi Allahşükür Paşazadə bir neçə gün öncə Ermənistana məxsus dini obyektlərin yerləşdiyi əraziləri “tarixi Azərbaycan torpaqları” adlandırıb və bu bəyanatdan cəmi bir həftə sonra Paşinyanın kilsəyə hücumu təsadüfi ola bilməz.

Sabiq diplomatlar və erməni ictimai xadimləri isə bu kampaniyanı yalnız təhqiramiz davranış deyil, həm də Ermənistanın konstitusiyasına və milli kimliyinə qarşı yönəlmiş hücum kimi qiymətləndiriblər.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında EAK-ın milli və mənəvi dəyərlərin qoruyucusu kimi statusu təsbit olunub. Hazırda isə bu institutun nüfuzu fonunda hakimiyyətin reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur.

Məsələ burasındadır ki, II Qareginin çıxışı bir dövlət rəhbərinin beynəlxalq tribunalarda səsləndirməli olduğu mövqeni əvəzləyib və bu, Paşinyanın Qərbə yox, daha çox Ankaraya və Bakıya loyallıq nümayiş etdirməsi fonunda baş verir. Bu səbəbdən siyasi şərhçilər Ermənistan kilsəsinin indi həm daxildə, həm də xaricdə Paşinyanın siyasətinə alternativ platformaya çevrildiyini bildirirlər.

Digər tərəfdən, Ermənistan müxalifəti Paşinyanın kilsəyə qarşı bu təxribatının yaxın perspektivdə baş verə biləcək geosiyasi hadisələrlə – xüsusilə də Azərbaycanın Qarabağ bölgəsində yeni hava limanları açması və Sünik istiqamətində baş verən insidentlərlə – əlaqəli olduğunu vurğulayır. Müxalif deputatlar iddia edirlər ki, Paşinyan yeni münaqişə dalğası yaranacağı təqdirdə bunun məsuliyyətini EAK-ın üzərinə yıxmaq üçün indidən “günah keçisi”ni formalaşdırır.

Siyasi müşahidəçilərin qənaətinə görə, mövcud vəziyyətdən çıxış yolu ictimaiyyətin EAK ətrafında birləşməsi və onun siyasi hücumlara qarşı dirəniş gücünü artırması ola bilər. Çünki tarixən də kilsə Ermənistan cəmiyyətində həm milli identitetin, həm də müstəqillik ruhunun əsas dayaqlarından biri sayılıb.

Musavat.com-un şərhi:

Ermənistan ictimai-siyasi palitrasında son hadisələr bir daha sübut edir ki, artıq ermənilər monolit bir amil deyillər. Vaxtilə vahid ideya və yönə malik olduqları iddia edilən erməni cəmiyyəti indi ciddi parçalanma və daxili qarşıdurmalarla üz-üzədir. Ermənistan Apostol Kilsəsinin Ermənistan dövləti ilə, Ermənistan dövlətinin isə xaricdəki erməni lobbisi ilə toqquşma vəziyyətinə gəlməsi, bu ziddiyyətlərin nə qədər dərinləşdiyini ortaya qoyur. Nəticədə, bir vaxtlar “vahid erməni məqsədi” adı ilə təqdim edilən təşəbbüslər artıq bir-birinə qarşı düşmən mövqedə yer almağa başlayıb.

Bu prosesin başlıca səbəbi və hərəkətverici qüvvəsi isə heç şübhəsiz ki, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyətli, prinsipial və davamlı siyasi iradədir. Məhz Azərbaycanın “Dəmir yumruğu”, təkcə hərbi qələbə ilə kifayətlənməyib, regionun siyasi və ideoloji xəritəsini də dəyişməkdədir. Bu yumruq təkcə işğal altındakı torpaqları azad etmədi, həm də erməni cəmiyyətində illərlə qurulan mifləri darmadağın etdi, parçalanmanı dərinləşdirdi, Ermənistan daxilində mərkəzdənqaçma tendensiyalarını sürətləndirdi.

Musavat.com olaraq məqsədimiz oxucularımızı yalnız hadisələrin faktları ilə deyil, həm də bu proseslərin arxa planı, səbəbləri və nəticələri ilə bağlı düzgün və obyektiv şəkildə məlumatlandırmaqdır. Ermənistan daxilində baş verən bu siyasi və dini qarşıdurmaları Azərbaycan ictimaiyyəti və medianı da diqqətlə izləməlidir. Çünki bu ziddiyyətlər regionun gələcək taleyinə birbaşa təsir edən proseslərdir və Azərbaycanın mövqeyi bu qarşıdurmaların formalaşmasında mühüm strateji rol oynamaqdadır.

Redaktor qeydi: Məqalədə Ermənistana aid qeyd olunanlar “Sputnik Armenia”, siyasi şərhçilər və müxalif deputatların çıxışları əsasında ümumiləşdirilib.

R. Abbas,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR