Onlayn ictimai-siyasi qəzet
Erməni analitikə görə, İrəvan Bakının növbəti tələbini təmin etməyin bünövrəsini qoydu; hüquq müdafiəçisi: “Azərbaycanın bu diplomatik qələbəsi da uzaqda deyil”
“Nikol Paşinyanın 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk Qrupunun buraxılması üçün zəmin hazırlamasıdır”. “Yeni Müsavat” qeyd edir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.
“95% əminəm ki, bu bəyanatlarla Paşinyan Minsk Qrupunun buraxılması üçün hazırlıqlara başlayır. Bu, həm də Prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir”. Paşinyan sosial şəbəkə səhifəsində 1994-cü ildən atəşkəs sazişi bağlanandan sonra danışıqlar prosesinin yalnız Qarabağın Azərbaycana geri qaytarılması ətrafında getdiyini yazıb. Ermənistan baş nazirinin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan bildirmişdi ki, Minsk Qrupu yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxılmalıdır.
Bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında iştirakı zamanı Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun görüşü olub. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Bununla yanaşı, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bir daha bu mövzuya toxunub.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a dediyinə görə, Minsk Qrupu gorbagor olub, onun de-yure demontajı qalıb. Hüquq müdafiəçisi prosesin buna doğru getdiyini müşahidə edir və Minsk Qrupunun komadan çıxacağını gözləmir: “Bundan sonra həmsədrlik institutunu reabilitasiya etmək mümkün olmayacaq. Ermənistan hakimiyyəti reallıqları dərk etməkdədir. Sadəcə, bunun həyata keçməsi üçün ATƏT də addım atmalıdır. Əgər Azərbaycan və Ermənistan Minsk Qrupundan imtina ilə bağlı birgə razılığa gələ bilsələr, o zaman həmsədr ölkələr fakt qarşısında qalacaqlar. İrəvan ümid edir ki, regionda yeni proseslər cərəyan edə bilər və yenidən hansısa şanslar yaranar. ABŞ və Fransanın xüsusi dəstəyini alan Paşinyan iqtidarına elə gəlir ki, Minsk Qrupu sülh sazişində rol oynaya, Azərbaycana hər hansı təzyiqlər edilə bilər. Ancaq bunlar gecdir və Ermənistan sülh sazişini Azərbaycanın tələbləri çərçivəsində imzalamağa məcburdur”.
Ç.Qənizadə Minsk Qrupunun tezliklə buraxılacağını gözləməsə də, prosesin buna doğru inkişaf etdiyini düşünür: “Sülh sənədindən sonra Minsk Qrupunu ləğv etmək lazım deyil, indi bu addım atılmalıdır. Sülh sazişinə qədər bu prosesi uzatmaq cığallıqdır. Bəlkə sülh müqaviləsi 3 il sonra bağlanacaq? Ermənistanın oyun oynadığı göz qabağındadır. Ona musiqini sifariş verənlər isə Yelisey sarayındadır. Minsk Qrupu əhəmiyyətini itirib, Rusiya da dağıldığını elan edib. Çətin ki bir araya gələ bilsinlər. Azərbaycan buna ehtiyac da duymur və rədd edir. Bizə belə bir format lazım deyil. Torpaqlarımızı işğal altında saxlamaqda onların az rolu olmayıb. Kasprşik və digərləri bölgəni kurorta çevirmişdilər. Bu qrup münaqişənin həllində vasitəçi kimi heç bir fayda verməyib”.
Həmsöhbətimizin fikrincə, Paşinyan hadisələrin gedişatını dəyərləndirməyi bacarmalıdır, bilməlidir ki, İlham Əliyev kimi məharətli siyasi xadim qarşısında tab gətirə bilməyəcək: “O baxımdan, Azərbaycan növbəti diplomatik qələbəsini qazanacaq - gec, ya tez Minsk Qrupu rəsmən buraxılacaq. Bu zəfər çox da uzaqda deyil. Azərbaycan dövləti olduqca ağıllı, ədalətli, beynəlxalq hüquqa söykənən, məntiqli və əsaslı arqumentlərlə siyasət yürüdür. Bizim Ermənistana qarşı heç bir iddiamız, haqsız tələbimiz yoxdur. Azərbaycan deyir ki, konstitusiyanı dəyiş, oradan Qarabağ iddianı yığışdır, Minsk Qrupundan əl çək, gəl sərhədləri dəqiqləşdirək, demarkasiya işləri aparaq, blokadada olan yolları açaq, gediş-gəliş olsun, iqtisadiyyat canlansın. Burada İrəvana yönəlik hər hansı pis təklif varmı? Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərin qədrini bilməli və yekun sülh sənədinin imzalanması üçün zəruri olan bütün addımları atmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ