İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris nə Aİ-nin qanunvericiliyinə, nə də beynəlxalq müqavilələrə məhəl qoyur

“Avropa İttifaqının Silah İxracına dair Davranış Kodeksi, Avropa İttifaqı Şurasının Silah Brokerliyi üzrə ümumi mövqeyi bir çox halda Aİ üzvü olmayan dövlətlərə silah satışını qadağan edir. Sözügedən sənədlər və BMT-nin Silah Ticarəti Müqaviləsi münaqişəyə səbəb ola biləcək və ya uzada biləcək hərbi texnologiya və avadanlıqların digər dövlətlərə ötürülməsini qadağan edir. Adları çəkilən regional və beynəlxalq sənədlərdə qeyd olunur ki, bir ölkə heç bir halda bu və ya digər ölkəyə ixrac edəcəyi hərbi texnika və avadanlıqların etnik təmizləmə, soyqırım, insanlığa qarşı digər cinayətlərə, Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına yol açacağını və ya mülki şəxslərə qarşı istifadə oluncağını bildiyi halda buna yol verməməlidir”.

Bu fikirləri Musavat.com-a Fransanın Ermənistanı silahlandırmasını şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, istər Fransa, istərsə də Aİ üzvü olan digər dövlətlər nə beynəlxalq, nə də regional sənədlərə məhəl qoyurlar və hazırda Fransanın ixrac etdiyi silahlar dünyanın bir çox ölkəsində münaqişələrin uzadılmasına, yenidən alovlanmasına və yaxud yeni münaqişələrin yaradılmasına “xidmət edir”:

“Fransa silah ixracına görə, Aİ-də birinci, dünyada üçüncü yerdədir və demək olar ki, münaqişələrin yaşandığı bütün ölkələrdə fransız silahından istifadə olunur. Beynəlxalq Amnistiya Təşkilatının Yəmənlə bağlı yekun hesabatında qeyd olunur ki, Fransa bu ölkədə törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Çünki münaqişədə iştirak edən iki ölkəyə hərbi texnika və avadanlıqlar satıb”.

E.Mirzəbəyli həmçinin qeyd edib ki, münaqişə zonalarına silah satışının səngiməməsinin səbəblərindən biri də Fransada istehsal olunan hərbi texnikanı və avadanlığı daşıyan gəmilərin Avropa limanlarında yoxlanılmamasıdır:

“Beynəlxalq hüquqa görə, Avropa dövlətləri nəinki müharibə edən ölkələrə silah satmaq hüququna malik deyil, hətta üçüncü dövlətlərin istehsalı olan silahların öz ərazisindən keçməsinə belə icazə verə bilməzlər. Amma göründüyü kimi, Paris nə Aİ-nin qanunvericiliyinə və ümumi mövqeyinə, nə də beynəlxalq müqavilələrə məhəl qoyur. Fransanın Ermənistana hərbi texnika, silah-sursat ixrac etməsi, istisnasız olaraq bu ölkə ilə Azərbaycan arasında yenidən münaqişə yaradılmasına, sülh prosesinin pozulmasına xidmət edir. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində etnik təmizləmə, soyqırım və insanlıq əleyhinə cinayətlər həyata keçirdiyini, eləcə də mülki əhalini hədəfə aldığını nəzərə alsaq, Fransanın əməllərinin eyni cinayətlərin yenidən təkrarlanmasına xidmət etdiyini söyləyə bilərik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR