İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl pensiya fondu - üstünlükləri və riskləri nələrdir?

Qərb praktikasında işçini işə götürərkən özəl pensiya sxemi də təklif olunur

Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.

Bəs özəl pensiya fondu nədir? Bu cür fondun yaradılması Azərbaycan üçün nələr vəd edir? Onun üstünlükləri və riskləri nələrdir?

Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır.  Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Ölkələr fərqli olduğu kimi, özəl pensiya fondlarının fəaliyyəti də fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.

Özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlər qeyd edir ki, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşadırmaqla yanaşı DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.

Vüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz  genişlənməkdədir"

Vüqar Bayramov

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun fikrincə, Azərbaycanda özəl pensiya fondunun yaradılmasında əsas məqsəd vətəndaşa həm dövlət, həm də özəl fondlar vasitəsi ilə ödəniş etmək imkanı verilməsidir: “Nəticə etibarı ilə bu, imkan verə bilər ki, vətəndaş dövlət tərəfindən verilən pensiyası ilə yanaşı özəl fonddan veriləcək yığımlara malik olsun. Bu da vətəndaşlarımızın iki mənbədən pensiya almağına gətirib çıxaracaq.

Fondların yaradılması birmənalı şəkildə vətəndaşlar üçün alternativ yığım imkanı deməkdir".

Vüqar Bayramov həmçinin qeyd edib ki, eyni zamanda fondlar fəaliyyətə başladıqdan sonra pensiyaçıların pensiya məbləğinin artımları ilə müşahidə olunacaq.

Eyyub Kərimli: “COP29 ölkəmizə yatırılan investisiyaların həcminə  əhəmiyyətli təsir edəcək”

Eyyub Kərimli 

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert xatırladıb ki, dünya təcrübəsində özəl pensiya fondları geniş tətbiq olunur: “Bu, sözsüz ki, təqaüdçülərin hüquqlarının qorunması üçün və gələcəkdə daha çox təqaüd alması üçün müsbət təcrübədir. Və bu təcrübədən bəhrələnmək üçün hesab edirəm ki, ölkəmizdə də tətbiq olunması müsbət nəticələr verə bilər.

Bunun bir neçə mənfi və müsbət xüsusiyyətləri var. Müsbət xüsusiyyət odur ki, təqaüdçülər öz təqaüdlərini hansısa özəl pensiya fonduna həvalə etməklə gələcəkdə pensiya alanda daha çox vəsait əldə edirlər. Belə ki, həmin pensiya fondları bəzən həmin yığılan pensiya məbləğlərinə əlavə faizlər tətbiq edir və bu gələcəkdə bank depoziti kimi bir  formada əlavə faizlər alır, doğrudur uzun müddətdən sonra.

Həmçinin özəl pensiya fondları dövlətin sosial yükünü azaldır. Belə ki, məlum olduğu kimi, ölkəmizdə Sosial Müdafiə Fondu yalnız dövlətin nəzarətindədir və hər hansısa artım dövlət büdcəsindən maliyyələşir, amma özəl pensiya fondu özü də artıq pensiyalara artım edə bilir.

Üçüncü məsələ, gələcəkdə pensiya kapitalının varisliyi təmin edilə bilər. Yəni insan müqavilə şərtlərinə uyğun, tutaq ki, pensiya yaşına çatmasa da həmin kapitalı öz varislərinə ötürmək imkanı əldə edə bilir. Bu, həm də insan hüquqlarını bir formada təmin edir. Yəni insan istədiyi bir pensiya fondunda öz pensiya yığımlarını tətbiq edir. Mənfi cəhət odur ki, bu, uzunmüddətli prosesdir. Məsələn, şəxs özəl fondlarla müqavilə bağlayır və pensiya yığımından 30 il sonra bəhrələnə bilir. Amma bu müddət ərzində həmin fondların fəaliyyəti hansı formada baş verəcək, ümumiyyətlə, həmin fondlar fəaliyyət göstərəcək, yoxsa bağlanacaqmı? Hesab edirəm ki, bütün bunlara ciddi dövlət nəzarəti olmalıdır ki, insanlar gələcəkdə zərər çəkməsinlər".

Xalid Kərimli: “İran-Rusiya arasında idxal-ixrac əməliyyatlarının olması  Azərbaycanın maraqları çərçivəsindədir” - Mediapost.az - Azərbaycan  Xəbərləri

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli isə özəl pensiya fondunun müsbət xüsusiyyətləri haqda danışıb: “Özəl pensiya fondu Azərbaycan üçün yeni anlayışdır. Amma inkişaf etmiş ölkələrdə, xüsusən Avropa və Amerikada bu geniş tətbiq olunan mexanizmdir.

Bu insanlara nə vəd edir?

Məlum olduğu kimi, işçilərin əmək haqqından pensiya fonduna icbari ödənişlər tutulur, sonda dövlət bunun əsasında pensiya ödəyir. Özəl pensiya fondu isə bununla paralel və könüllü şəkildə irəli sürülən mexanizmdir. Yəni burada məcburiyyət deyil, könüllülük prinsipi ön plandadır. Bu barədə qanunvericilik əsasları ortaya çıxdıqdan sonra daha dəqiq şərh bildirmək mümkün olacaq. 

Qərb praktikasında adətən iş yeri işçini işə götürərkən iş təklifi paketində özəl pensiya sxemi də təklif olunur. Amma iş yeri bu təklifi verməyəndə belə işçi onu seçə bilər. Yəni bu məcburi deyil. Qərbdə müxtəlif cür pensiya planları olur. Məsələn, pensiya yaşına çatdıqda ya məbləğ birdəfəlik verilir, ya da əlavə olaraq stabil bölünür. Yəni dövlətin verdiyi pensiyadan əlavə özəl pensiya da ödənilir. Bunun üstünlüyü ondan ibarətdir ki, bu fond peşəkar menecerlər tərəfindən idarə olunur və əlavə gəlir də vəd edir. Belə ki, yatırım risksiz alətlərə yatırılır, əlavə gəlir gətirilir və bu gəlirdən fondun idarəetmə xərcləri çıxıldıqdan sonra qazanc pensiya fondunun iştirakçılarına qalır. Yəni məvacib passiv qalmır, istifadə olunur, amma risksiz formada. 

İqtisadiyyat üçün faydası ondan ibarətdir ki, ölkəmizdə uzunmüddətli kredit götürmək olmur, yalnız ipoteka krediti mövcuddur. Amma özəl pensiya fondu uzunmüddətli maliyyə resurs mənbəyi formalaşdırır". 

Bəzi ekspertlər özəl pensiya fondlarının yaradılmasının risklərindən danışarkən bildirir ki, 2008-ci il maliyyə böhranından sonra dünyada bir çox özəl pensiya fondlarının aktivləri dəyərsizləşib və öhdəliklərini yerinə yetirə bilməyiblər. Əksər ölkələrdə dövlətin dəstəyi ilə bu fondlar vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirsələr də, bir sıra ölkələrdə bu baş tutmadı və ciddi problemlər ortaya çıxdı.

Qeyd olunur ki, risklərdən biri də Azərbaycan vətəndaşının məsələyə baxışıdır. Belə ki, vətəndaşlar özəl sektora uzunmüddətli dövrdə güvənmirlər. Baxmayaraq ki, bank sektorunda əmanətlərin sığortalanması mexanizmi var. 100 min manata qədər əmanətlər müəyyən şərtlər daxilində sığortalanır. Ancaq yenə də vətəndaşlar əmanətlərini qısamüddətli dövrdə yerləşdirirlər.

Xalidə GƏRAY
“Yeni Müsavat”





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR