Onlayn ictimai-siyasi qəzet
Bakı-Qusar istiqamətində hərəkət edən avtobuslardan biri ilə bağlı yayılan görüntülər haqlı narazılıq yaradıb.
Musavat.com xəbər verir ki, məlumatda sərnişin 6 manat 49 qəpik ödəyərək aldığı biletin 5 nömrəli yerində əyləşə bilməməsindən gileylənir. Səbəb isə həmin oturacağın qırıq, sınıq və istifadəyə yararsız olmasıdır.
Fotolarda da aydın görünür ki, oturacaq əyri, sınmış vəziyyətdədir. Bu səbəbdən də insanlar pulu tam ödəsələr də, xidmət yarımçıq göstərilir, saatlarla ya o sınıq kresloda oturmalı, ya da ayaqüstə yol getməli olurlar.
Şəhərdaxili avtobuslarla bağlı analoji şikayətlər dəfələrlə gündəmə gəlib. Sərnişinlərin dilində artıq məşhurlaşmış bir ifadə var: “Oturub yıxılmaqdansa, məcbur ayaq üstə gedirik”.
Amma məsələ şəhərlərarası avtobuslara gəldikdə vəziyyət daha faciəvi olur. Çünki bu dəfə söhbət 10-12 dəqiqəlik deyil, saatlarla davam edən səfərdən gedir. Üstəlik, ödənilən məbləğ az da deyil – 6 manat 49 qəpik.
Musavat.com əməkdaşı məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin 71 saylı Qərarına əsasən, bütün avtobusların reysə çıxmazdan əvvəl texniki baxışdan keçirilməsi məcburidir. Texniki nasaz vəziyyətdə avtobusların xəttə buraxılması yolverilməzdir.
Agentlik vətəndaşlara müraciət edərək bildirib ki, belə hallarla rastlaşdıqda 141 Çağrı Mərkəzinə və ya AYNA-nın sosial şəbəkə hesablarına şikayət ünvanlaya bilərlər.
Mənzər Novruzlu,
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ