Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan 2025-ci il üçün neft hasilatı proqnozuna düzəliş etməyəcək.
Musavat.com xəbər verir ki, bunu mətbuata açıqlamasında ölkənin energetika naziri Almasadam Satkaliyev deyib. Onun sözlərinə görə, növbəti OPEC+ görüşünü gözləyirlər: "Hələlik hasilatın həcminin artırılması və ya azalması tendensiyası yoxdur, biz hökumətin bizim üçün müəyyən etdiyi 96,2 milyon tonu planlaşdırırıq".
Nazir bildirib ki, növbəti OPEC+ görüşü yaxın vaxtlarda baş tutacaq və orada “razılaşdırılmış mövqe” qəbul olunacaq. Əlavə edib ki, bu görüşə qədər Qazaxıstan hasilat proqnozlarına hər hansı düzəlişlə bağlı heç bir qərar qəbul etməyəcək: "Yaxın vaxtlarda OPEC+ nümayəndələri səviyyəsində görüşün keçirilməsi planlaşdırılır. Burada təşkilatın hazırkı vəziyyətlə bağlı siyasəti, o cümlədən ABŞ-ın hasilat həcmini artırmaq planları müzakirə olunacaq, orada razılaşdırılmış mövqe qəbul olunacaq. Qazaxıstanın müəyyən alətləri var. Biz öz yataqlarımızda hasilatı məhdudlaşdıra bilərik, bazarda tarazlığa nail olmaq üçün hasilatın həcmini azaltmaqla bağlı böyük konsorsiumların üzvləri ilə birbaşa danışıqların mümkünlüyü ilə bağlı siyasətimiz var, lakin yekun qərar OPEC-in birgə görüşündən sonra veriləcək”.
Satkaliyev vurğulayıb ki, Qazaxıstan könüllü olaraq “hasilatın həcmini məhdudlaşdırmaq üzrə öhdəliklərini yerinə yetirmək üçün mümkün olan hər şeyi edib”, lakin cari il üçün hökumət nə az, nə çox - 96 milyon ton neft hasil etmək vəzifəsini qoyub.
Daha əvvəl Energetika Nazirliyi bəyan etmişdi ki, Qazaxıstanda 2025-ci il üçün 96,2 milyon ton neft hasilatı proqnozu OPEC+ qarşısında öhdəliklərin yerinə yetirilməsi nəzərə alınmadan tərtib edilib.
Qazaxıstan OPEC+ razılaşması çərçivəsində neft hasilatına məhdudiyyətləri 2025-ci ilin bütün birinci rübü üçün sutkada 2,2 milyon barel artırıb. Energetika Nazirliyi bəyan edib ki, Qazaxıstan OPEC+ tərəfindən 2025-ci il üçün ayrılmış kvota çərçivəsində neft hasilatı həcmlərinə riayət etməyi planlaşdırır.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ