Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə OPEC ölkələrinin neft satışından əldə etdiyi gəlirlər 2022-ci illə müqayisədə 18 faiz azalaraq 679,746 milyard dollar təşkil edib.
Musavat.com xəbər verir ki, bu məlumat təşkilatın illik hesabatında əksini tapıb.
Hesabata görə, ötən il Ekvatorial Qvineyanın gəliri ən çox – 44 faiz azalaraq 1 milyard 745 milyon dollar, Səudiyyə Ərəbistanının gəliri əvvəlki illə müqayisədə təxminən 24 faiz azalaraq 248 milyard 376 milyon dollar təşkil edib.
OPEC ölkələri tərəfindən 2023-cü ildə neft ixracının fiziki həcmi 5 faiz azalaraq sutkada 19,31 milyon barelə düşüb. 2023-cü ildə OPEC-in qlobal neft tədarükündəki payı 2022-ci ildəkindən (46,69 faiz) bir qədər az olmaqla 44,96 faiz təşkil edib.
Təşkilatın ölkələri tərəfindən neft tədarükünün ümumi həcminin 50 faizindən çoxu Asiyaya gedib və bu həcmin demək olar ki, yarısı Çinin payına düşüb - 24,29 faiz. Avropaya neft ixracının payı 18 faiz təşkil edib.
OPEC ölkələrinin 2023-cü ildə təsdiqlənmiş neft ehtiyatları bir qədər - 0,08 faiz artaraq 1,241 trilyon barelə çatıb ki, bu da qlobal ehtiyatların 79 faizini təşkil edir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ