Onlayn ictimai-siyasi qəzet
Qırx gün ötdü, üstündən bir xeyli də adladı. Günlərdir içimdəkiləri kağıza tökmək istədim, amma heç cürə alınmadı. Hər dəfə qələmi əlimə aldıqda qələmin mürəkkəbi yox, göz yaşları danışdı. Bu günlərdə təmkinli olmağı həyat bizə öyrədir. Öyrədir öyrətməyinə, amma yandıra-yandıra, göynədə-göynədə...
... Dəfn mərasimindən sonra hər kəs kimi mən də pərişan biçimdə evə dönmüşdüm. Doğrusu, gələn ayaqlarım idi, düşüncəm və əqlim isə hansısa bilmədiyim bir səmtdə azmışdı. Həmin vaxt telefonda bir video qarşıma çıxdı, Qənirə xanım öz şeirini səsləndirirdi:
Ben varlıkken bir hiçliğe çevrildim,
Ben aşk adlı tek heceye çevrildim.
“Ben”i atıp sana doğru yöneldim,
Aç kapını bu kuluna, ya Rabbim! (Q.P.)
- Tanrım, bu insan öz dili ilə “aç qapını” demişdi. Açdınmı qapını?! Düyün-dərnəklə qarşılansın o...
Demək ki, mələkmisal bu xanımın qəlbində dünya boyda sevgi yatırmış, yoxsa insanlığa olan bu məhəbbət haradan qaynaqlanacaqdı?! Onu kənardan tanıdım, amma xeyirxah əməlləri haqqında çox eşitdim. Yaxınları daha yaxşı bilər yalnız yaxşılıq üçün çarpışdığını, vuruşduğunu...
Bu məqamda əslində onun Vətənə, xalqa, türk millətinə olan dərin sevgisindən bəhs etmək də olardı, lakin onun haqqında danışarkən bütün sevgilərinin fövqündə dayanan insanlıq naminə olan sevgisini öncə söyləmək gərəkdir. Bəli, bu onun yerdəkilərə olan sevgisi idi. Bir də onun əngin göylərə sevgisi var idi. Əslində, elə hər şeyin mahiyyəti də burdan başlamırmı?! Masmavi göy üzündən doğan və Ona doğru yol alan sevgi… “Sana doğruldum” (Q.P.) – deyirdi o şeirində...
Əski zamanlarda türklər “Yaradan, Tanrı” anlamında “Göy” sözünü işlədirmiş. Qənirə xanım da türkün göylərini seçdi, sevdi, həm də sınırsız şəkildə sevənlərdən oldu. Və bu sevgi onun bütün varlığına, ruhuna, hətta simasına sirayət etdi.
En büyük aşk... O, senmişsin, derk ettim... (Q.P.)
Tanrı onu, o da Tanrını sevdi. Nənəmdən eşitdiyim bir söz var, deyir ki, bala, Allah sevdiyi bəndəsini yanına tez aparır. Görünür, yerdəkilərin bunca sevgisi Tanrının ona olan sevgisinə çata bilmədi. Tanrı onu lap çox sevdi...
***
Qənirə Paşayeva... Bu ad həmişə mənim üçün ucalıq rəmzi olub, uca olduğu qədər də düşüncəmdə həmişə əlçatmaz olub. Sahəm gərəyi türk dünyası ilə iç-içəyəm. Onun sevənləri yaşadığımız məkanla məhdudlaşmırdı. Özüm dəfələrlə başqa türk ellərindən soydaşlarımızın ona necə mehr-məhəbbət bəslədiyinə şahid olmuşam, duymuşam. Mümkün deyildi ki, mən belə şəxsiyyətin sehrinə düşməyim. İndi xatırlayıram onu canlı görüb, ilk dəfə dinlədiyim auditoriyanı. M.A.Ərsoy haqqında, təxminən, yarım saatlıq çıxış etmişdi. Bu necə natiqlik, bu necə şövqlə çıxış, bu necə ədəbiyyata bələdlik, bu necə türkə sevgi! Heyran olmuşdum... Bir də onun qıpçaq gözləri... Xanım əsalət idi təpədən-dırnağa, əsalət idi içindən-dışına... Türklüyə olan sevgisi anbaan məruzəsində yanaqlarına yansıyırdı, allanırdı özlüyündən... Nəhayət, çıxışı bitdi. O gündən mən Ərsoyu başqa cür tanıdım, ümumiyyətlə, Ərsoyu o gün tanıdım, artıq onu Türkün al bayrağının rəngi ilə hiss etməyə başladım... Bunu sadəcə nümunə olaraq dedim, belə idi o xanım, danışanda dinləyənləri valeh edirdi.
O vaxtdan sonrakı bütün tədbirlərdə, hətta onun çıxışlarından qeydlər götürməyə başladım. Sanarsan ki, canlı ensiklopediyadır, bilmədiyi şey yox idi... Belə idi o...
... Həyat elə gətirdi ki, həmin tədbirdən bir neçə il sonra özbəkistanlı tədqiqatçıların heyəti ilə birgə Qənirə xanımın ziyafət məclisində iştirak etdim. İlk dəfə onda əlini çiynimə qoymuşdu, ilk dəfə onda “qızım” müraciətini duymuşdum...
Üstündən bir il də ötdü. Bir də gördüm ki, mən bir kitab çevirisi etmişəm, təqdimatdır və Qənirə xanım da oradadır. Ömrümün, bəlkə də, ən xoş günü idi, sanki yuxu idi... Yollar sanki məni onun sehrinə aparırdı özümdən xəbərsiz.
Aradan bir neçə ay da keçdi. Bir də baxdım ki, Milli Məclisdəyəm, xanımın qəbuluna gəlmişəm. O ankı sevinci, fərəhi izah etməyə söz yoxdur. Qapısının qarşısındayam, özümü o yerə qoymuram, amma həyəcandan əllərimi buz kəsib. Yazı-pozudan, kitablardan söhbətləşdik. Sağollaşanda məni min ilin tanışı kimi bağrına basdı... İndilərdə duyuram, demə, o hər kəsi sevgi ilə qarşılayar, sevgi ilə yola salarmış...
“İlk” olan hadisələrin sevincini həmin andaca hiss edir insan, “son” olan hadisələrin acısı isə sonradan bəlli olur. Və bir gün onunla “son görüş” deyəcəyim görüş baş tutdu...
Sentyabrın əvvəlləri idi. Həmin günün səhərisi çətin bir imtahanım vardı, maksimum dərsə fokuslanmışdım, anidən gələn o bildirişə qədər... Qənirə xanım məni görüşə çağırır... Həmin gün görüş iki dəfə ləğv edildi, alınmırdı, nəhayət, axşamtərəfi bir masa arxasında əyləşə bildik... Təfərrüatları unutmuram, həmin gün onu görəndə öz-özümə içimdən “Qənirə xanım necə sınıxıb” sözlərini söylədim. Bir neçə ay öncə gördüyüm kimi deyildi... Amma yenə eyni şövq, yenə eyni əsalət!
... Yaşadığı sonuncu yay fəsli idi... Tükiyəyə həsr etmişdi son fəslini, diyar-diyar, elbəel gəzib dolaşmış, yeni layihə hazırlamışdı. Bu haqda xeyli danışdı, ürəklə danışdı... Həmin görüşə onun çiyindaşı Əkbər bəy də qatılmışdı. Sözsüz, o da heyrət içində idi... Böyük yox, nəhəng bir işdən söz gedirdi. İlk o dedi: “Məleykə, bax Qənirə xanım bu yolda canlı örnəkdir, amma əziyyətlidir, məşəqqəti çoxdur bu yolun”. İxtisasım türkologiya olduğu üçün onu mənə örnək çəkirdi... Mən isə hələ də dinləyirəm, birdən bayaqdan bəri düşündüyüm cümlə qopdu dilimdən: “Siz ki XI əsrdə Mahmud Kaşğarinin etdiyini etmisiz, sadəcə məkanlar fərqlidir...”
Etmişdi, həm də yorulmadan, canla-başla etmişdi, əldən düşənə qədər etmişdi... Deyirdi ki, bu yazıları oxuyan, bu kadrları izləyən hər kəs Türkiyəni başdan-başa gəzmiş, tanımış olacaq. Beləcə, söhbətə yekun vurub sağollaşdıq. Hər gün bir neçə yazı redaktə edib göndərirdim, həftədə bir neçə dəfə əlaqə saxlayırdıq. Bu layihəyə çox önəm verirdi, çox... Cümhuriyyətin 100 illiyinə yetişməli idi. Layihə yetişdi, film də çəkildi, bu yaxınlarda təqdimatı da oldu... Amma... O... Yetişmədi...
***
Haqqında o qədər yazılıb ki... Şeir, xatirə, elegiya, nekroloq... Amma sosial şəbəkədən oxuduğum iki cümlə qədər məni qəhərə boğan olmadı:
“Acıdır, amma gerçəkdir! Əlvida, Qənirə xanım!” (Ə.Qoşalı)
Günlər keçir, acımasız həyat davam edir. Bizlər bu gedişə inanmadıq, inanmırıq, inanmayacağıq da, yəqin ki, heç vaxt. Ramiz Rövşən yaxşı deyirdi:
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən.
Beşiyindən bizə tabut düzəldən,
Bələyindən kəfən tikən dünyadı...
Bilmirəm, təsadüf idi, yoxsa təvafüq; mənə son göndərdiyi yazı materialı Aşıq Veysəllə bağlı idi. Hansı ki, filmində də həlim bir səs ilə özü oxuyurdu: “Uzun, ince bir yoldayım, gediyorum gündüz gece. Bilmiyorum ne haldeyim, gediyorum gündüz gece”. Və o yazı belə başlayırdı:
Ben giderim adım kalır,
Dostlar beni hatırlasın.
Düğün olur bayram gelir,
Dostlar beni hatırlasın. (A.Veysəl)
Sizi heç unutmaq olarmı, əziz Qənirə xanım?!
Məleykə MİRZƏLİ, BDU-nun doktorantı, türkoloq
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ