İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlara 400 milyon manatdan çox vəsait ödənilib- Professordan MÜHÜM YAZI  

Musavat.com İqtisad elmləri doktoru, professor, “Ekonomiks” Beynəlxalq İqtisadi  Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifovun müəllif yazısını təqdim edir:

 

Son 20 ildə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan bütün səviyyədən olan islahatların sırasında ən mühüm islahatlardan biri də ölkənin səhiyyə sistemində əhaliyə göstərilən tibbi xidmətləri icbari tibbi sığorta müstəvisinə çıxaran islahatlardı. Bu həm də vətəndaşlarımızın sağlamlığına zəmanət yaradan bir dövlət qayğısıdır...

Yaşlı, təqaüdçü bir qadın deyir ki, uzun illər idi ki, ürək damarlarımın tutulması səbəbindən olumla ölüm arasında çarpışırdım, ürəyimdə edilməli olan əməliyyatın dəyəri aldığım təqaüddən 20 dəfə çox idi və mən artıq demək olar ki, hər gün ömrümün başa çatacağı saatı gözləyirdim. İcbari tibbi sığorta yaradıldıqdan sonra, mənə bu əməliyyatı bir manat xərc çəkmədən etdilər və indi rahat nəfəs alıb yaşayıram... 

 Bir insanın həyatında onun sağlamlığından qiymətli heç nə ola bilməz. İcbari tibbi sığortanın tətbiqi ilə dövlətimiz insanlarımıza təqdim olunan tibbi xidmətləri cəmiyyətdəki mövqeyindən, ailə büdcəsinin imkanlarından asılı olmayaraq hər kəs üçün əlçatan etdi.  Qeyd edək ki, ölkədə icbari tibbi sığorta sistemi qurulana qədər yüzlərlə vətəndaşımız üçün nəinki bahalı cərrahiyyə əməliyyatları, hətta bəzi xəstəliklər üzrə mükəmməl müalicə almaq əlçatan deyildi. Artıq bütün bunlar geridə qalıb - İndi vətəndaşlarımızın sağlamlığının qarantı – icbari tibbi sığorta meydandadır və ölkədə vətəndaş məmunluğunun yaradılması yolunda öz sözünü deyir...

1600794426.1587797973.hospital-xestexana-klinika-e1509091175369.jpg (50 KB)

İcbari tibbi sığorta çox qısa bir zaman kəsiyində əhaliyə tibbi xidmətlərin təqdim olunmasının indiyə qədər mövcud olmamış yeni və həm də daha keyfiyyətli bir formasını ortaya qoya bildi. Gəlin ölkəmizdə bu xidmətin yaradılması yoluna qısa bir nəzər salaq.

İcbari tibbi sığortanın yaradılması istiqamətində ilk addım Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə atıldı.

Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli və 2018-ci il 16 fevral tarixli Fərmanları ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində isə 2017-ci ildən 2019-cu ilədək pilot layihə şəklində fəaliyyətə başladı. Pilot layihələrlə Azərbaycanın bu bölgələrində vətəndaşlarımıza ilkin olaraq 1829 adda tibbi xidmət göstərmək nəzərdə tutulurdu.

Pilot layihələrin reallaşdırılması uğurla başa çatsa və əldə olunmuş nəticələr gözləntilərə tam uyğun gəlsə də, bu nəticələrə söykənərək ölkənin bütün ərazilərində tibbi xidmət müəssisələrini yeni fəaliyyət müstəvisinə transformasiya etmək bir o qədər də asan olmadı. Bu çətinliyi yaradan əsas səbəb 2019-cu ilin sonlarından başlayaraq dünyada COVID-19 pandemiyasının baş qaldırması və 2020-ci ilin əvvəllərindən etibarən bu epidemiyanın Azərbaycanda yayılaraq getdikcə kütləvi xarakter alması oldu. Təsəvvür etmək çətin deyil - pandemiya səbəbindən əksər müəssisələrin fəaliyyətinin qapanması və ya onların fəaliyyətinin maksimum məhdudlaşdırılması, ictimai nəqliyyatın fəaliyyətindəki çətinliklər, vətəndaşların yaşadıqları mənzilləri xüsusi icazə ilə tərk etməsi kimi məhdudiyyətlərin olduğu, xəstəxana və digər tibb müəssisələrinin virusa yoluxmuş çoxsaylı insanlarla dolub – daşdığı bir durumda bu tibb müəssisələrini paralel olaraq yeni - icbari tibbi sığorta xidmət müstəvisinə transformasiya etmək nə qədər çətin və ilk baxışda həlli mümkün olmayan bir vəzifə idi.

rrf.jpg (40 KB)

Ölkədə səhiyyənin inkişafı istiqamətində son 20 ildə çox işlər görülmüş, paytaxt Bakı şəhərində və regionlarda 760-dək yeni səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş və bu illər ərzində səhiyyə sistemində bir çox ciddi islahatlar aparılmışdı. Səhiyyənin inkişafı istiqamətində dövlətin atdığı bu addımların məntiqi sonluğu məhz vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin icbari tibbi sığorta müstəvisinə keçirilməsi olmalı idi və bu da baş verdi.                        

Digər tərəfdən koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq pilot layihələrin uğurla reallaşdırılması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanı ölkənin bütün əraziləri üzrə tətbiq etməyə əsas verirdi. COVID-19 pandemiyasının bütün ölkə üzrə sürətlə yayılmasının yaratdığı çətinliklər fonunda ölkənin bölgələrində bu yeni və yeni olduğu qədər də böyük təşkilatçılıq və peşəkarlıq tələb edən bir tibbi xidmət sistemini qurmaq o qədər də asan bir məsələ deyildi. Lakin bütün bu çətinliklərə baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yüksək təşkilatçılıq nümayiş etdirərək bu vəzifənin öhdəsindən layiqincə gəldi və 2021-ci ildən başlayaraq icbari tibbi sığorta ölkənin bütün ərazisi üzrə tətbiq olunmağa başladı.

İndi əsas vəzifə yeni qurulmuş tibbi xidmət müstəvisini daha da inkişaf etdirmək, mövcud problemləri ardıcıl şəkildə aradan qaldırmaqdan ibarətdir. İndi əsas hədəflərdən biri vətəndaşlarımıza icbari tibbi sığortanın dəstəyi ilə göstərilən tibbi xidmətlərin çeşidini artırmaq və keyfiyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir. Bu istiqamətdə artıq yetərincə uğurlara imza atılıb.

Belə ki, icbari tibbi sığorta xətti ilə vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin sayı pilot layihələrin icrasına start verildiyi 2016-cı ildə mövcud olmuş 1829 növ tibbi xidmətdən, 2023-cü ildə 3315-ə çatıb, beləliklə bu illər ərzində 81% artıb.   Ölkəmizdə 2023-cü il ərzində 5 milyondan çox şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, göstərilən dövrdə ölkə əhalisinin 52%-i icbari tibbi sığortadan yararlanıb. Son 4 ildə icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 145 milyon 640 mindən çox tibbi xidmət göstərilib. İndi icbari tibbi sığorta xətti ilə əhaliyə göstərilən tibbi xidmətlərin sayı sadəcə artırılmır, bu sırada ən diqqətçəkən yeniliklər, daha mürəkkəb cərrahiyyə əməliyyatlarının və ağır xəstəliklərin icbari tibbi sığorta vasitəsilə qarşılanmasına start verilməsidir.

Cari ildən icbari tibbi sığorta xətti ilə qarşılanan yeni tibbi xidmətlərin sırasına transplantasiya əməliyyatları daxil edilib. İlkin olaraq bu ildə 150 böyrək, 100 qaraciyər və 20 sümük iliyi transplatasiyasını icbari tibbi sığorta hesabına qarşılamaq nəzərdə tutulub və artıq bu sıradan 37 müxtəlif transplatasiya əməliyyatı icra olunub. Limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti isə 2023-cü ildə il ərzində tam ləğv olunub.

tibbi_sigorta_1_0.jpg (23 KB)

Bu gün icbari tibbi sığorta hesabına insanlarımıza tibbi xidmət göstərən özəl xəstəxanaların sayı artmaqdadır. Ötən 2023-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət  Agentliyi ilə bu sahədə əməkdaşlıq edən özəl tibb müəssisələrinin sayı 152-yə çatdırılıb. Əvvəllər vətəndaşlar özəl xəstəxanada tibbi xidmətin dəyərini özləri qarşılayırdısa, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl xəstəxanalarda vətəndaşlara göndəriş vərəqəsi əsasında göstərilən tibbi xidmətlərin dəyəri icbari tibbi sığorta hesabına ödənilir. Bütövlükdə 2021-2023-cü illər ərzində özəl tibb müəssisələri tərəfindən əhaliyə göstərilən 300 mindən çox tibbi xidmətlərə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən onlara 400 milyon manatdan çox vəsait ödənilmişdi.

Bu gün icbari tibbi sığorta sistemində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə genişləndirilir və onların müasir tibbi avadanlıqlarla təchiz olunması istiqamətində konkret addımlar atılır.  Belə ki, 2020-2022-ci illər və 2023-cü ilin ilk 10 ayı ərzində xəstəxanalara 100 milyon manatdan çox dəyəri olan yeni tibbi cihaz və avadanlıqlar, 248 milyon manatdan çox dəyərində dərman, tibbi sərf və 40 milyon manat dəyərində 349 ədəd təcili tibbi yardım avtomobili alınıb verilmişdi.

İndi icbari tibbi sığorta sistemində işləyən həkim mütəxəssislərin əməkhaqını bundan öncə onların aldıqları əməkhaqlarından əsaslı şəkildə fərqlənir. Bu əhaliyə keyfiyyətli tibbi xidmət göstərməyin olduqca mühüm şərtlərindən biridir. Bütövlükdə 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, onların bonuslar və sabit əməkhaqları ilə birlikdə ümumi gəlirləri isə 5 dəfədən 50 dəfəyədək artıb.  

İcbari tibbi sığortanın tətbiq edildiyi dövrdə xaricdə təhsil alan 110 həkim-mütəxəssis dövlət tibb müəssisələrində fəaliyyətə cəlb edilib.

Bu gün vətəndaşlarımız tibb müəssisələrində icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq üçün bir çox elektron xidmətlərdən istifadə etmək imkanlarına da malkdirlər.

Bütün bu göstəricilər dövlətimizin vətəndaşının sağlamlığına yönəlik siyasətinin məntiqi nəticəsidir...

 fikret_yusifov.jpg (160 KB)

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR