İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar üçün ayrıca həbsxana tikmək təklifi

Hüquq müdafiəçisi deyir ki, hər kəs ehtiyatsızlıqdan cinayət törədə bilər, ona görə...

İnsan Hüquqları üzrə müvəkkil Azərbaycanda ehtiyatsızlıqdan cinayət törədənlər üçün ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması təklif edib.

Ombudsman  qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tamam olmuş şəxslərin həmin müəssisələrə göndərilməsi də məqsədəmüvafiq olardı.

Həmçinin qeyd olunub ki, ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin islah olunması prosesinə, habelə cəzalarını çəkib qurtardıqdan sonra onların sosial adaptasiyasına da müsbət təsirini göstərə bilər. Qeyd edilən müəssisələrin yaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq probleminin həllinə də müsbət təsir göstərə bilər.

Cəzaçəkmə müəssisəsinin tikintisi, saxlanması, personalının gündəlik gediş-gəliş məsrəflərini nəzərə almaq lazımdır. Buna dövlət kifayət qədər məbləğ ayırmalı olacaq. Azərbaycanda yetkinlik yaşına çatmayanların saxlanılması üçün cəzaçəkmə müəssisəsi mövcuddur. Ölkəmizdə 18 yaşına qədər cinayət törətmiş uşaqlar orada saxlanılır. Yeni müəssisə tikməkdənsə qarışıq tipli cəzaçəkmə müəssisələrindən birinin blokunu qeyd olunan yaş kateqoriyasına aid məhbuslara ayırmaq daha səmərəli olar.

Qeyd edək ki, dünyada bir çox ölkələrdə ehtiyatsızlıqdan cinayət törədənlər və gənc məhkumlar üçün ayrıca penitensiar müəssisələr mövcuddur. Bu tip müəssisələr cəza çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasını asanlaşdırmaq üçün onların təhsili, peşə hazırlığı və psixoloji dəstəklə təmin edilməsini təmin edir. Bununla ağır cinayət törətmiş və daha təhlükəli məhkumlardan ayırmaqla, gənclərin kriminal aləmə tam inteqrasiya etməsinin qarşısı alınır. Eyni zamanda ümumi həbsxanalarda sıxlığın qarşısı alınır, fərdi yanaşmanı təmin edir.

Yeni müəssisənin tikintisi maliyyə baxımından böyük xərc tələb etdiyinə görə isə bəzi ölkələr alternativ modellərə üstünlük verirlər. Mövcud həbsxanalarda xüsusi bölmələr açılır, ayrı tikinti əvəzinə penitensiar müəssisələrdə ayrıca korpus və ya blok ayrılır. Bəzi ölkələrdə gənclər üçün xüsusi islah mərkəzləri və ya probasiya sistemləri mövcuddur ki, bu, onları həbsxana mühitindən uzaq saxlayır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Ombudsmanın ehtiyatsızlıqdan cinayət törədənlər üçün ayrıca cəzaçəkmə müəssisəsinin yaradılması təşəbbüsü həm ictimaiyyət, həm də hüquq müdafiəçiləri tərəfindən müsbət dəyərləndirilir. Bu yanaşmanın əsas səbəbi odur ki, ehtiyatsızlıq nəticəsində cinayət törədən şəxslərin ağır və ya təkrar cinayət törətmiş məhkumlarla eyni müəssisədə saxlanılması məqsədəuyğun deyil. Ehtiyatsızlıqdan cinayəti hər kəs törədə bilər. Cəmiyyət tərəfindən nümunəvi hesab edilən, müsbət dəyərlərə malik bir şəxs ehtiyatsızlıq səbəbindən cinayət məsuliyyətinə cəlb oluna bilər. Belə insanların uzun müddət həbsdə olan, dəfələrlə cinayət törətmiş və cinayət yolunu həyat tərzinə çevirmiş şəxslərlə bir yerdə saxlanılması onların psixologiyasına, sosial adaptasiyasına və islah olunma prosesinə mənfi təsir göstərə bilər, pis vərdişlər qazanmış olarlar. Buna görə də ehtiyatsızlıqdan cinayət törədən şəxslər üçün ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması onların cəmiyyətə daha sağlam şəkildə inteqrasiya olunmasına kömək edəcək mühüm bir addımdır. Bu baxımdan belə bir cəzaçəkmə müəssisəsinin yaradılması olduqca məqsədəuyğundur”.

Hüquq müdafiəçisi əlavə edib ki, ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsinin yaradılması da vacib bir məsələdir: “Fikrimcə, bunun üçün artıq dövlətin müvafiq addımlar atmasına ehtiyac var. 18-24 yaş arası şəxslərin ayrıca cəzaçəkmə müəssisələrində saxlanması həm onların islah olunması, həm də tərbiyələrinə mənfi təsirlərin olmaması baxımından irəli sürülmüş bir təklifdir. Belə hesab edirəm ki, bu cür müəssisələrin mövcudluğu və gələcəkdə yaradılması olduqca vacibdir. Eyni zamanda həmin müəssisələrdə ali təhsil imkanlarının təmin edilməsi də mühüm bir addım olardı. Yəni genişmiqyaslı təhsil imkanlarına malik cəzaçəkmə müəssisələrinin yaradılması Ombudsman Aparatı tərəfindən çox düşünülmüş və məqsədəuyğun bir yanaşmadır. Çünki hazırda cəzaçəkmə müəssisələrində olan şəxslər ali təhsil almaq hüququndan məhrumdur və bunu reallaşdırmaq üçün hər hansı bir imkanları yoxdur. Baxmayaraq ki, cəzaçəkmə müəssisələrində xeyli islahatlar aparılıb, məhkumların saxlanma şəraiti yaxşılaşdırılıb, onların əməyə cəlb edilməsi, distant təhsilə çıxışı və peşə öyrənməsi ilə bağlı müəyyən addımlar atılıb, ali təhsil almaq üçün imkanların yaradılması məsələsi hələ tam həll olunmayıb. Bu baxımdan, bu istiqamətdə verilən təklif məqsədəuyğundur”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə 

Çingiz Qənizadə qeyd edib ki, cəzaçəkmə müəssisələrinin tikintisi və saxlanması məsələsinə diqqət yetirilməlidir: “Düşünmək lazımdır ki, işgüzar məsələlərin həlli üçün ayrılan vəsaitlər hesabına bu cür müəssisələr şəhərdən kənarda yaradıla bilər. Və elə hesab edirəm ki, bunun üçün dövlət vəsait ayırmalıdır. Ədliyyə Nazirliyi səviyyəsində bu müəssisələrin tikintisi üçün layihələr reallaşmalıdır.

Bu, gələn ilin proqramına daxil ediləcək bir məsələ deyil. Lakin uzunmüddətli perspektivdə bu məsələlər müsbət həllini tapa bilər. Çünki bir cəzaçəkmə müəssisəsinin beynəlxalq standartlara uyğun tikilməsi bir neçə il vaxt tələb edir. Bundan ötrü təbii ki, həm Penitensiar Xidmətin rəhbərliyi, həm də Ədliyyə Nazirliyinin rəhbərliyi birgə, yəni ümumiləşdirilmiş bir layihə hazırlamalıdır. Ayrıca həbsxanaların tikintisi, bir daha qeyd edirəm, olduqca təqdirəlayiq bir haldır. Bu proses üçün şərait yaradılması, uyğun yerlərin ayrılması və lazımi vəsaitin təmin edilməsi dövlətin vəzifəsidir. Belə hesab edirəm ki, dövlət hər zaman olduğu kimi, bu cür humanist təkliflərə, eləcə də ombudsmanın son təkliflərinə müsbət yanaşacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR