İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onkoloji xəstəyəm, işləməyə gedirdim...” - Təyyarə qəzasından sağ çıxan Zamin

“Onkoloji xəstəlikdən əziyyət çəkirəm, birinci qrup əliləm, maddi xərcləri qarşılamaq üçün Qroznıya işləməyə gedirdim. Bundan əvvəl də orada işləmişdim”.

Bunu Musavat.com-a Aktaudakı təyyarə qəzasından sağ çıxan Zamin Alıyev deyib.

26 yaşlı Zamin bildirib ki, qardaşı ilə birgə Şəmkir rayonunun Sarıtəpə kəndində yaşayır, xəstəliyi ilə bağlı pensiya hesabına dolanır:

ZAMİN.jpeg (93 KB)

“Maddi vəziyyətim yaxşı deyil, 570 manat alıram, kreditlərim var deyə işləmək istəyirdim. Təyyarədə ən axırda oturmuşdum, qəzadan sonra oradan ilk çıxan da mən oldum. Yaralıların üzərindən adladım. Yanımdakı xanıma və Toğrul adlı bir oğlana da kömək etdim”.

Zamin Alıyevin sözlərinə görə, Qazaxıstan FHN-in işçiləri onları təxliyə edib.

“Hökümə xanım sona qədər bizə təlimat verdi. Təyyarədən çıxandan sonra onun parçalandığını və insanların yanıb külə döndüyünü başa düşdüm.

Biz Qroznıya eniş edə bilmirdik, pilotlar cəhd edirdi, amma alınmırdı. Bələdçi Zülfiqar qolundan yaralanmışdı. Onun qolunun sarınmasına kömək etdik. Biz 2 saata yaxın havada qaldıq və ondan sonra Qroznının hava məkanından uzaqlaşdıq. Aktauda təyyarə sürətlə yerə enirdi, qəza baş verdi”, - o deyib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR