Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq 11,5-dən 9,7-yə düşüb.
Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdaliyeva da “Kaspi” qəzetinə təsdiqləyir ki, son illər bir çox ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı aşağı düşür: “Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə, demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər. Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması, habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii artımın qarşısını alan başlıca faktorlardandır”.
Qurum rəsmisi deyir ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb: “Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə isə 122 846 nəfər körpə doğulub”.
Azərbaycanda əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir. Psixoloq Nizami Orucov da təsdiqləyir ki, son vaxtlar ailə dəyərlərini yeniləri əvəzləyir: “İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır”.
Psixoloq deyir ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi olmamasının da kökündə hedonist düşüncə dayanır: “Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud da "evlənsəm bədbəxt olaram" qorxusu onları bu qərardan uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd keçirməyimizə səbəb olur".
Üzeyir Şəfiyev
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, nəinki Azərbaycanda, bu gün bütün dünyada təbii artımda enmə dinamikası müşahidə olunur. Bunun da bir çox səbəbləri var: “Çox az qisim ölkələr var ki, orada təbii artımda dayanıqlıq var. Misal üçün, Afrika ölkələrində, Okeaniya ölkələrində bu tendensiya hələ ki var. Ölkəmizi bəzi Avropa ölkələri ilə müqayisə etsək, Azərbaycanda təbii artım tam kritik vəziyyətdə deyil. Ancaq əvvəlki illərə nisbətən görərik ki, ölkəmizdə təbii artımda enmə müşahidə olunur. Bunun da bir çox səbəbləri var. Sosioloji təhlil apardıqda biz görürük ki, bunun səbəbləri içərisində müxtəlif əsaslar var. İlk öncə ondan başlayaq ki, sovetin fiaskosundan sonra qloballaşma, açıq cəmiyyət yaranandan sonra insanların həyat tərzlərində dəyişikliklər baş verdi. Sovet dövründə çoxuşaqlı ailə trendi var idi və ailələrə əlavə imtiyazlar verilirdi. Ümumiyyətlə, ailə institutuna fərqli yanaşma var idi. Çoxuşaqlı ailələri təşviq edirdilər, hətta qəhrəman ana statusu var idi. Bu da şübhəsiz demoqrafik siyasəti dəstəkləyən bir siyasət idi”.
Ekspert əlavə edib ki, hazırda ailə planlamasında az uşağa üstünlük verilir: “Bunun da müxtəlif səbəbləri var. İlk olaraq əhalinin sosial rifahının aşağı olması təsir edir. Daha sonra boşanmalar buna başlıca təsir edən amildir. Statistik məlumatlarda da görürük ki, boşanmaların əsas səbəbi övladın dünyaya gəlməməsidir. Təbii artıma əhalinin reproduktiv sağlamlığı böyük təsir edir. Təbii artım həm də ailə planlamasından asılıdır. İnsanlar indi 1, ya da 2 uşağa üstünlük verirlər. İnsanlar indi daha çox rahat yaşamaq istəyirlər. Ailələrin mədəni səviyyəsi qalxdıqca, az uşağa üstünlük verirlər. İnsanlar anladılar ki, əsas uşaqların sayı deyil, sağlam, savadlı, təhsilli, işlə, evlə təmin olunmuş vətəndaş yetişdirmək lazımdır. Buna görə də ailə planlamasında dəyişikliklər edildi. Yəni təbii artımın səbəbləri çoxdur. Əgər dövlət tərəfindən demoqrafik stimullaşdırıcı siyasət, proqramlar olarsa, əhalinin artım dinamikası müşahidə oluna bilər. Təəssüf ki, bizdə təbii artım kritik müzakirə obyektinə çevrilməyib. Halbuki bunun haqqında düşünmək lazımdır. Çünki Azərbaycanda da təbii artımda əvvəlki illərə nisbətən geriləmə var. Bu, sosial ləngimələr yarada bilər. İlk olaraq gələcəkdə əmək bazarında, hərbi xidmətlə bağlı problem yarada bilər. Başqa ölkələrdən ölkəmizə axın ola bilər, əmək bazarında işçi qüvvəsinə ehtiyac yaranır deyə miqrantların ölkəmizə axını çoxala bilər. Buna da mexaniki artım deyilir ki, Amerika, Avropa ölkələri illərdir ki, bundan əziyyət çəkir. Buna görə də zamanında preventiv tədbirlərlə bunun qarşısını almalıyıq”.
Ekspert əlavə edib ki, dövlətin demoqrafik artımını stimullaşdıran aktiv və praktiki sosial dəstək layihələri həyata keçirilməlidir: “Gənc ailələrə sosial dəstək proqramları qəbul edilməlidir. Gənclərin ailə qurması üçün təşviqat işləri aparılmalıdır. Gənclər niyə evlənmirlər, çünki onların mənzil şəraiti, məşğulluq məsələləri həll olunmalıdır. Əgər əhalinin sayında ahılların çəkisi 7-8 faizdən çoxdursa, bu, əhalinin qocalması deməkdir. Azərbaycanda təbii artımı stimullaşdırmaq üçün qardaş Türkiyə modelindən yararlana bilərik. Orada gənc ailələr üçün güzəştli mənzillər, faizsiz kreditlər verilir. 4 il ərzində heç bir faiz ödəmədən kredit götürürlər, 4 ildən sonra çox cüzi bir faizlə mənzil əldə edirlər. Yaxud da uşaq pulu ilə bağlı məsələ gündəmə gələ bilər. Dörduşaqlı ailəni çoxuşaqlı ailə kimi qiymətləndirmək olar. Ailədə uşaq sayına uyğun olaraq potensial uşaq pulu müəyyən etmək olar. Yaxud da diferensial, yəni təminatlı ailələrin deyil, ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ