Onlayn ictimai-siyasi qəzet
İranın həyata keçirə bilmədiyinə Ankara çox yaxındır
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı həbsdə olan Xalqların Demokratiya Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla telefonla danışıb. Bu barədə MHP-yə yaxınlığı ilə tanınan “Bengü Türk” TV məlumat yayıb. Telefon danışığı PKK terror təşkilatının lideri Abdulla Öcalanın rəhbərlik etdiyi təşkilatı tərk-silah olmağa və özünü buraxmağa çağırmasından sonra baş tutub.
Dəmirtaş PKK lideri Öcalanın “PKK özünü dağıtmalıdır” çağırışından sonra “Gazete Duvar” üçün məqalə yazıb. Həmin məqalədə keçmiş HDP-nin rəhbəri PKK liderinin çağırışını dəstəkləmişdi. Bəs Türkiyənin kürd problemi tamamən çözülürmü?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında bütün bu proseslərin kökündə qardaş ölkənin 2071 hədəflərinə çatmaq niyyətinin dayandığını vurğuladı: “Türkiyə öz sərhədləri daxilində, eləcə də qonşuluğunda terroru bitirməkdə qərarlıdır. Buna görə də həm hərbi, həm də diplomatik masada Ankara qollarını çırmalayıb. Terrorun aktiv qanadlarını zərərsizləşdirib blokladıqdan sonra diplomatik kanallarla əlindəki kartların üstünlüklərindən yararlanmağa çalışır. Qardaş ölkə PKK və PYD birləşmələrini bitirmək üçün ilk olaraq onları dəstəkləyən müttəfiqi Birləşmiş Ştatları razı salmağı bacardı. Bunun üçün ilk olaraq Şimali İraqda və Suriyada kürd kökənli terrorçuları və separatçıları ağır yenilgiyə uğratdı. Daha sonra Öcalan və Demirtaş kartlarından istifadə etmək üçün hərəkətə keçdi”.
S.Əliyeva dedi ki, Türkiyə 2071 hədəflərinə doğru maneəsiz addımlamaq istəyir: “Bunun üçün ilk növbədə ən böyük problem həll edilməli idi. Söhbət separatizmin kökünün tam kəsilməsindən gedir. Artıq ciddi irəliləyişlər də əldə olunmaqdadır. Bundan sonrakı hədəf isə FETÖ terror qruplaşmasına qarşı olacaq. Ankara ölkənin hər yerində yekun təmizləmə əməliyyatlarına "yaşıl işıq" yandıracaq. Bu problem də tam həllini taparsa, o zaman yaxın onilliklərdə qardaş ölkə kosmik sənaye və nüvə dövlətinə çevriləcək".
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri Azər Hüseynovun fikrincə, Türkiyənin son dövrlərdə PKK məsələsinə yanaşmasında diqqət çəkən ən vacib dəyişiklik hərbi mübarizədən daha çox siyasi və diplomatik vasitələrə üstünlük verilməsidir: “Uzun illər PKK ilə mübarizədə hərbi üsullara üstünlük verən Türkiyə bölgədəki güc balansının dəyişməsi və beynəlxalq dinamikaların təsiri ilə yanaşmalarını dəyişdirməyə başlayıb. Bu yeni yanaşma, həmçinin Suriyada baş verən geosiyasi dəyişikliklərdən və orada baş verən güc boşluğundan qaynaqlanır. Əhməd Şaranın Suriya hökumətinə gəlməsi, Türkiyənin bölgədəki nüfuzunu gücləndirməsinə səbəb olsa da, PYD və digər silahlı kürd qruplarının mövcudluğu Türkiyə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Bu, göstərir ki, Suriyadakı vəziyyət yalnız Türkiyənin güc balansını deyil, həm də kürdlərin gələcəyini müəyyən edəcək”.
Ekspertin sözlərinə görə, bu məqamda Dəmirtaşın 2015-ci ildə PKK-nın silah buraxmasına çağırışı xüsusilə əhəmiyyətlidir: “O zamanlar bu çağırışın bir nəticə verməməsinin səbəbi türk dövlətinin PKK-nın səmimi şəkildə silahları buraxacağına inanmadığı və belə bir addımın daha çox siyasi şou olacağına ehtimal etməsidir. Lakin indi vəziyyət dəyişib. İndiki geosiyasi vəziyyətdə PKK üçün ən yaxşı variant Türkiyənin mövqeyini qəbul etmək və siyasi prosesə qoşulmaqdır”.
Siyasi şərhçi onu da qeyd etdi ki, Türkiyə artıq daha sərt bir mövqe tutur və kürd liderlərinə açıq şəkildə mesaj verir ki, ya siyasi müstəvidə fəaliyyət göstərməli, ya da bölgədəki geosiyasi dəyişikliklərə uyğun yeni bir mövqe tutmalıdırlar: “Bu vəziyyət həm də kürd liderlərinin öz qərarlarını verməkdə daha ehtiyatlı olmalarına səbəb olur, çünki onlar artıq hərbi mübarizənin onlara fayda verməyəcəyini və iqtisadi və siyasi rifah üçün Türkiyə ilə əməkdaşlığın daha faydalı olacağını anlayırlar. Bundan əlavə, Trampın xarizmatik liderlərlə işləmək istəyi həm PKK, həm də digər kürd qruplaşmalarının siyasi vəziyyətlərini daha da mürəkkəbləşdirir. Kürd liderləri ABŞ-ın dəstəyinin qeyri-sabit olduğunu və heç bir zaman tam etibarlı olmadığını bildikləri üçün Türkiyə ilə əlaqələri gücləndirməkdə maraqlıdırlar. Onlar həmçinin iqtisadi imkanların da Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasında mühüm rol oynadığını başa düşürlər. İraq Kürd Muxtariyyəti ilə Türkiyə arasındakı iqtisadi əlaqələr buna ən yaxşı nümunədir. Bu siyasət, həmçinin Suriya üzərindən keçən enerji marşrutları və yeni geosiyasi dəhlizlərdən yaranacaq iqtisadi fürsətləri nəzərə alaraq, həm Türkiyə, həm də bölgədəki kürd qüvvələri üçün gələcəkdə böyük mənfəət əldə etməyə imkan yaradır”. A.Hüseynov hesab edir ki, bu siyasət həm Türkiyə, həm də kürd bölgəsindən olan kürd qüvvələri üçün iqtisadi inkişaf fürsətləri yaradır.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ