İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nüvə silahı Allahın nemətidir...” - batil iddiasına ilahiyyatçıdan CAVAB

Rəsul Mirhəşimli: “İslam dininin prinsipləri kütləvi qırğın silahlarının istifadəsini qadağan edir”

“Nüvə silahı Allahın nemətidir və ondan istifadə etməmək günahdır”. Bu heyrətamiz iddianın müəllifi nə hansısa başdan xarabın biridir, nə də rus alkoqolik. Bu, Rusiyadakı Milli Tədqiqat Universiteti yanında Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin elmi direktoru, Rusiya Təhlükəsizlik Şurasının Putinin iştirakı ilə keçirilən tədbirlərində mütəmadi iştirak edən Sergey Karaqanovdur.

Bu barədə o özünün “Çəkindirməkdən qorxutmağa: nüvə silahları, geosiyasət, koalision strategiya” kitabının təqdimatında bildirib.

Onun fikrincə, nüvə silahının meydana gəlməsi vaxtilə onu inkişaf etdirməkdə hamıdan öndə olmuş almanların onu yaratmasına əngəl olan, digər dövlətlərə, o cümlədən Rusiyaya əldə etməyə kömək edən Uca Tanrının müdaxiləsi ilə olub. “Biz Allahı qəzəbləndirməməliyik və özümüzü xilas etmək üçün bizə verilən silahlardan fəal şəkildə istifadə etməliyik” - deyib.

Karaqanov onu da iddia edib ki, nüvə silahından istifadədən imtina guya sovet və Rusiya xalqına münasibətdə günahdır, çünki bu silahların yaradılması milyonlarla insanın həyatına başa gəlib.

Ötən ay isə RİA Novosti agentliyinə müsahibəsində Karaqanov bildirmişdi ki, əgər Rusiya Ukraynada “xüsusi əməliyyatı” dayandırsa və sülh danışıqlarına razılaşarsa, bu, faktiki Qərbin qələbəsi demək olacaq və onun digər dövlətlərə qarşı təcavüzünü artıra bilər.

Karaqanov hesab edir ki, Rusiya öz “düşmənlərini” nüvə silahından istifadə etməyə hazır olduğuna inandırmalıdır: “Moskva öz doktrinasını dəyişməyə çalışır. Rusiya öz ərazisinə edilən hücumlara nüvə silahı ilə cavab vermək hüququna malikdir. Bizim ərazimizə istənilən kütləvi hücumlara nüvə zərbəsi ilə cavab vermək hüququmuz olduğunu bəyan etməyin vaxtı çatıb. Bu, bizim ərazimizin istənilən zəbtinə də aiddir. Eyni zamanda, ”nüvə eskalasiyası" konsepsiyasını təqdim etməlidir ki, belə addımlardan əvvəl şərti və ya real düşməni bizim (nüvə silahından istifadə etməyə) hazır olduğumuza inandıracaq addımlar olsun",

Qeyd etmək yerinə düşər ki, Rusiya Ukrayna ilə müharibəyə başlayandan bəri nüvə silahlarının istifadə olunacağı ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Ötən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bildirmişdi. NATO isə “təhlükəli” və “məsuliyyətsiz” adlandırdığı qərarı pisləmişdi.

Günahsız insanları, o sırada uşaqları kütləvi şəkildə məhv edən, təbiətə, ekologiyaya sağalmaz yaralar vuran bir qırğın silahı nə vaxtdan “ilahi nemət” sayılır?

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Nüvə silahları insanlığın tarixindəki ən dağıdıcı silahlar arasında yer alır. Bu silahların istifadəsi günahsız insanların, o cümlədən uşaqların kütləvi şəkildə məhv edilməsinə səbəb olur. Eyni zamanda, bu silahlar ekosistemə dağıdıcı ziyanlar vurur, yer üzündəki həyat üçün ciddi təhdidlər yaradır.

İslam dininin kütləvi qırğın silahlarına, o cümlədən nüvə silahlarına münasibəti əsasən Qurani-Kərimdəki ayələr və hədislər vasitəsilə formalaşır. İslam dini insan həyatının önəmini, əxlaqı və ədaləti ön plana çıxarır. İslamın prinsipləri müharibə və münaqişələrin idarə olunmasında da insani dəyərlərin qorunmasını tələb edir. Müharibənin qanunları mülki şəxslərin zərər görməməsi və müharibə zamanı etik davranışın qorunması istiqamətində yönəldilib.

İslam dinində müharibənin qaydaları konkret şəkildə müəyyənləşdirilib. Mülki insanlara, qadınlara, uşaqlara və yaşlılara zərər vermək qadağandır. Bu da kütləvi insan tələfəatı, ətraf mühitdə dağıdıcılıq yaradan, bütün canlıların və təbiətin məhv edilməsinin dini baxımdan qadağan edilməsi deməkdir. Yəni heç bir din kütləvi qırğınları ilahi nemət saymaz. İslam dini bir insanın ölümünü bəşəriyyətin öldürülməsi kimi təqdim edir, günahsız insanların öldürülməsini sərt şəkildə qınayır.

İslam dinində müsəlmanların, digər səmavi dinlərdə həmin dinlərin mənsublarının  insan həyatını qorumaq və ədaləti təmin etmək vəzifəsi var. Kütləvi qırğın silahlarının istifadəsi bu prinsiplərlə uyğun gəlmir. Müsəlmanların və bütün inanclı insanların cəmiyyətləri qorumaq, insanları öldürməmək və ziyan vurmamaq öhdəliyi vardır. İnsanları öldürmək hüquq sistemində cinayət sayıldığı kimi, dinlərdə də bu əməl böyük günahlardan sayılır.

İslam dininə görə təbiəti və ətraf mühiti qorumaq insanlar üzərində vəzifədir, bu göstəriş xüsusi önəm daşıyır. İlahi nemət isə məhz Allahın insanlara təbiət və digər vasitələrlə verdikləridir. Allahın lütf etdiyi nemətləri qorumaq da insanlıq vəzifəsidir.

Bundan əlavə, nüvə silahları kimi dağıdıcı silahların təbliği ədalət anlayışını zədələyir və insanları bir-birinə qarşı qoyur.

Nəticə etibarı ilə İslam dininin prinsipləri kütləvi qırğın silahlarının istifadəsini qadağan edir. Nüvə silahlarının “ilahi nemət” sayılması İslamın əxlaqi və ədalət anlayışları ilə tamamilə ziddiyyət təşkil edir. Bu, insanların bir-birinə ziyan vurduğu, təbiəti məhv etdiyi və ədalətsizliyin hökm sürdüyü bir dünyaya yol açar ki, bu da İslamın dəyərləri ilə uyğunlaşmır".

Qeyd edək ki, Rusiya ABŞ-dən sonra tarixdə ikinci nüvə dövləti sayılır. 1949-cu il avqustun 29-da Qazaxıstanın Semipalatinsk poliqonunda 22 kilotonluq ilk sovet nüvə silahının sınağı keçirilib. SSRİ-nin süqutundan sonra bütün nüvə silahları onun varisi Rusiya Federasiyasına verilib. 8500 aktiv nüvə başlığı olan Rusiya dünyanın ən böyük nüvə dövlətidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR