Onlayn ictimai-siyasi qəzet
(Novruza hazırlıq məqsədilə yazılan köşə)
Hans Kristian Andersenin “Noxud üstündə yatan şahzadə qız” adlı bapbalaca, yarım səhifəlik bir nağılı var. Nağılda şahzadə oğlan şahzadə qızla evlənməyi arzulayır, lakin əsl şahzadə qız tapa bilmir. Hərəsindən bir nöqsan çıxır.
Bütün dünyanı dolaşır, əldən düşüb məyus halda saraya dönür. Axşam qapı döyülür, yağışın içindən bir qız gəlir, deyir mən əsl şahzadəyəm. Oğlan buna da inanmır, deyir yoxlayarıq. Qız üçün yatmağa yer düzəldirlər, oğlan gizlicə çarpayının üstünə 1 ədəd noxud qoyur. Sonra noxudun üzərindən 12 pərqu (yəni qu tükündən) döşək, döşəklərin də üstünə 12 yorğan qoyur. Səhər açılır, qızdan soruşurlar necə yatdın, deyir Allah kəssin belə yatağı, çox bərk idi, nəsə altda daş kimi bir şey var idi, hər yerim gömgöy olub. (İndi olsa müxbirlərimiz hadisə yerindən reportaj hazırlayar, noxudu və qızın bədənindəki göyərmiş yerləri operativ göstərərdi. AXC-Müsavat dövründə belə faktlar çox olub. Dərəbəylik dövrü idi). Şahzadə oğlan barmağını dişləyir, deyir, aha, istədiyimi tapmışam, yalnız əsl şahzadə o qədər yorğan-döşəyin altındakı noxud dənəsini hiss edə bilərdi.
Axırda evlənirlər, toyda şah-plov verilir, qazanın uzunluğu göyə çatır. Mən özüm həmin toyda olmamışam, ancaq qahımlardan gedən vardı, indiyəcən bığında düyü qalır. Bəs niyə yadıma düşdü? Söhbət ondadır ki, hazırda bizim siyasi-iqtisadi, hüquqi-sosial vəziyyətimiz məhz noxud dənəsinə də diqqət etməyə imkan verir.
Misal üçün, bugünlərdə xəbər yayıldı ki, unun qiyməti qalxır, çörək bahalaşacaq, nə bilim nə... Hamımız qorxduq. Bəzi xalq şairləri hətta de fakto infarkt oldu. (Şair qafiyəli xəstələnməyə borcludur). Ancaq sonra bahalaşmanın məbləği açıqlandı, bişmiş toyuğu gülmək tutdu. Sən demə, 50 kiloluq kisədə unun qiyməti 27 manat 10 qəpik imiş, 1 fevraldan isə olub 27 manat 20 qəpik. Sıfır tam onda bir manat bahalaşıb. Yəni 10 qəpik.
Halbuki dünyanın hər yerində milyardlar üstündə mübahisə gedir. Biz isə hər qəpiyin qədrini bilirik. Halal olsun belə hökumətə. Tutun məni, ağlayacağam. Ancaq yenə də bu 10 qəpiklik bahalaşma insanları düşündürmüşdür. Biz, ümumiyyətlə, çox düşüncəli olmuşuq, sizə deməliyəm.
Özü də, dəxli yoxdur, 143 milyon oğurlayan generalı da düşünürük, belə qəpik-quruşları da. Son bələdiyyə seçkisində Məzahir müəllim Dəymədağıldı rayonunun Üstüaçıq kəndi üzrə nəticələri ləğv etdi. Sən demə, yeganə saxtakarlıq bu məntəqədə baş veribdir, özü də ibarət olub kənd sakini Gülməmməd müəllimin arvadı Balabəyim xanımın yerinə səs verməsindən. Bütün ölkə üzrə yeganə düzgün olmayan fakt burada qeydiyyata düşdü, dərhal tədbir görüldü.
Hələ bu harasıdır, dünən saytda xəbər oxudum: məhkəmə 1992-ci ildə dükandan şalvar oğurlayan adama bəraət veribdir. Təsəvvür elə. 33 ildir bu adam həmin oğurluğa görə axtarışda imiş. Şalvarın qiyməti ekspertlər tərəfindən hesablanıb, indiki pulla 42 manat 13 qəpiyə bərabər alınıb. Nəticədə hakim məcbur olub bunu axtarışdan çıxartsın, çünki məbləğ, deyəsən, oğurluq sayılmır, həm də məsuliyyət müddəti ötübdür.
Əsas odur ədalət zəfər çalıb. Hər qəpiyin yiyəsi bilinməlidir. Üstəlik, hadisənin tarixinə diqqət elədinizmi? 1992. AXC-Müsavat dövrünün qızğın vaxtı. Xalq geyməyə şalvar tapmır, məcbur oğurlayırdı. İndi, maşallah, hökumət hamımıza şalvar da verir, pencək də. Özünü yaxşı aparsan lap ütüləyib verirlər.
Bütün bunlara görə dərin minnətdarlığımı bildirərək noxud boyda nöqtə qoyaraq yazını bitirirəm.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ