İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruzgülünün açdığı ay - Boz ayla bağlı ən maraqlı ənənələr

 

Qədim inanclara görə, xalq qışı müxtəlif dövrlərə bölüb və bu dövrlərə verilən adlar təsadüfi olmayıb

Məlum olduğu kimi, qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 20-də başa çatıb və yerini Boz aya verib. Beləliklə, artıq bir neçə gündür ki, Boz ayın günlərini yaşayırıq. “İlin qırxılı çağı” da adlandırılan Boz ay martın 21-dək davam edir. 

İnanclara görə, xalq qışı müxtəlif dövrlərə bölüb və bu dövrlərə verilən adlar təsadüfi olmayıb. Boz ayın adı isə həmin dövrdə havanın eyni gündə buludlu, yağışlı, küləkli və günəşli ola bilməsi ilə bağlıdır. Yəni “Boz ay” ifadəsi bu zaman hava şəraitinin digər aylara nisbətən daha tez-tez dəyişməsi ilə əlaqədardır. Bir gündə dörd fəsilin özünü göstərməsi insanlarda təəccüb doğurur və bu dəyişkənlik xalq arasında müxtəlif adlarla ifadə olunub.

Boz ay xalq arasında “alaçalpov”, “çilləbeçə”, “ağlar-gülər” və “cəmlələr” kimi maraqlı adlarla tanınır. Bu adlar Boz ayın qeyri-sabit havasını və bu dövrdə insanların müşahidə etdiyi təbiət hadisələrini əks etdirir. Alaçalpov havanın gah aydın, gah tutqun olmasını, çilləbeçə qışın çətin günlərinin bitdiyini, ağlar-gülər havanın qəfil dəyişməsini, cəmlələr isə təbiətin yenidən canlanmağa başlamasını simvolizə edir.

Beləliklə, Boz ay həm təbiətin dəyişkənliyini, həm də insanların bu dəyişikliklərə verdiyi poetik cavabları özündə birləşdirir.

Boz ayla bağlı xalq arasında rəvayətlər də dolaşır. Onlardan birində deyilir ki, qədim dövrlərdə insanlar ili hesablamaq üçün on iki aya bölüblər. Hər aya otuz iki gün, Boz aya isə on dörd gün düşüb. Boz ayın incidiyini görüb, hər ay öz ömründən bir gün ona verib. Amma Boz ay yenə narazı qalıb. Onda ayların bəzisi yenə ömründən bir gün ona verib. Boz ay buna da qane olmayıb. Belə olduqda ayların bəzisi bir gününü də Boz aya bağışlayıb. Ancaq bu dəfə ayların çoxu öz ömründən daha bir gün kəsməyə razı olmayıblar. Həmin rəvayətə görə, ayların bəzisinin otuz, bəzisinin otuz bir gün olmasının səbəbi də budur.

Folklorşünaslar bildirirlər ki, xalq arasında doğrudan da belə təqvimin olduğu bir tapmacada da təsdiqini tapıb:

Bir ağacım var

On iki budaqlı,

Otuz iki yarpaqlı.

Bu tapmaca ilin on iki ayını və Boz ayın on dörd günü ilə əlaqələndirilir. Rəvayətə əsasən, hər aydan pay aldığı üçün Boz ayın havaları dəyişkəndir. Bir gündə həm günəşin çıxması, həm yağışın yağması, küləyin əsib birdən sakitləşməsi məhz Boz ayın xarakterik xüsusiyyətləri hesab edilir.

Qədim zamanlardan Boz ayın gəlişi ilə Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsinə hazırlıq işlərinə başlanır. Fevralın 25-də xalqımız bu əlamətdar günü qeyd etdi. Hər bir çərşənbənin özünə məxsus ayin və mərasimləri mövcuddur. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da insanlar tonqal üstündən atlamaqla yanaşı, əvvəlcədən hazırladıqları lopanı alışdırıb üç dəfə evlərinin ətrafında dövrə vuraraq “Qaçın-qaçın, şeytanlar, sizi oda qalaram!” deyərmişlər. Bu ayinə əsasən, şər qüvvələrin qorxub qaçdığına inanılırdı.

Boz ay bayram mərasimləri ilə olduqca zəngindir. Bu ayda bayram səmənisi hazırlanır, evlərdə təmizlik işləri aparılır, yığışdırılır, xalçalar və palazlar çırpılır. Bağ-bağçalara qulluq edilir, ağaclar budanır. Bayram hazırlıqları çərçivəsində alış-veriş edilir və evlər üçün müxtəlif tədarüklər görülür.

Boz ayda ağacqorxutma ayini də icra edilir və bu, bağ-bağatın təzələnməsinə xidmət edir. Belə ki, əgər bağdakı bir ağac meyvə vaxtı bar vermirsə, xüsusilə axır çərşənbədə həmin ayin həyata keçirilir. Bir nəfər əlinə balta alıb ağacın yanına gəlir və üzünü ağaca tutaraq deyir: “Əgər bu il bar verməsən, meyvə gətirməsən, səni bu balta ilə kəsəcəyəm”. Bəzi bölgələrdə isə başqa bir nəfər, ağacı qorxudan baltalı şəxsi dayandıraraq belə deyir: “Kəsmə, gələn il bar verəcək”. Beləliklə, bar verməyən, lakin sağlam olan ağaclar qorxudulur. Burada qorxutmanın məqsədi yalnız bar almaq deyil. Bir ağacın bar verməməsi, onun mal-qara kimi qısırlığı və sonsuzluğu demək idi. Qısırlıq və sonsuzluq isə böyük uğursuzluq sayılırdı. Bu qüsuru aradan qaldırmaq üçün insanlar ağacı qorxudub, onu yeniləyir, sağaldır və qüsurunu aradan qaldırırdılar.

Bu ayla bağlı unudulmaqda olan adətlərdən biri də səməni nəziri adətidir. Bu adətə görə, bir niyyəti olan şəxs böyük qablara buğda töküb göyərdir, sonra isə cücərtiləri əzib şirəsini çıxarır. Şirəyə bir az su əlavə edib, iki-üç gün ərzində qaynadırdılar. Qaynayan şirəyə qoz-fındıq ləpəsi qatıb, sonra onu xonça sinilərinə töküb yayırlardı. Xonçalar evə aparılmadan həyətdə saxlanılır, gecə boyunca niyyətin qəbul olunması üçün dua edilirdi. Səhər isə bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, bu, niyyətin qəbul olunduğunu göstərirdi. Bu adət həm niyyətin gerçəkləşməsinə, həm də Novruz bayramının ruhunu və ümumi bolluq, bərəkət arzusunu simvolizə edirdi.

Boz ayın gəlişi ilə havalar tədricən isinməyə başlayır və baharın müjdəçisi olan novruzgülü Novruz bayramı ərəfəsində açır. Etnoqraflar bu gülün Kiçik çillənin sonunda, Boz ayın əvvəlinə doğru açdığını qeyd edirlər. Məlumatlara görə, hətta qış mülayim, qarsız və boransız keçsə belə, novruzgülü Boz aydan əvvəl açmır. Qışın sərt keçdiyi hallarda isə Boz ayın başlanğıcında, xüsusilə güney bölgələrində qarın altından zərif çiçəklər boylanmağa başlayır.

Yazını hazırladı: Xalidə GƏRAY 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR