İnsanlara hürriyət, millətlərə istiqlal!

Novella Cəfəroğlu: “Leyla Yunus məhbus siyahısına 100-dən çox adam yaza bilər, amma...

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var.

Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir.

Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və onları qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a danışıb: “Leyla Yunus 93 və yaxud 100 nəfərli siyahı yaza bilər. Onu hansı kriteriyalara əsaslanaraq yazıb, bilmirəm, amma bizdə siyahıda 30 nəfərdir. Bəli, siyahıda Gəncə hadisələrində həbs olunanlar, dindarlar, siyasi partiyaların üzvləri var. Lakin qeyd edim ki, Gəncə işi ilə bağlı araşdırmalar gedir və onlardan bəziləri artıq azadlığa buraxılıblar. Bəziləri də aktiv iştirak edənlər, ölümlərdə suçu olanlardır. Lakin qeyd etdiyim kimi, elələri var ki, tədricən azadlığa buraxılacaqlar.

Tərtər işində də azadlığa buraxılanlar var və bu proses tədricən davam edir. Onları biz niyə siyahıya salmalıyıq?”

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR