Onlayn ictimai-siyasi qəzet
Ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan “Ərəb baharı” etiraz nümayişləri 2011-ci ildə Misirdə də hakimiyyət dəyişikliyinə səbəb olub. İrana bağlı olduğu deyilən “Müsəlman qardaşları” təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədri Məhəmməd Mürsinin 2012-ci ildə prezident seçilməsi ilə Tehran-Qahirə münasibətlərində müsbətə doğru dönüş yaranıb.
Lakin 2013-cü ildə hərbi çevriliş edərək hakimiyyətə gələn Əbdülfəttah Əs-Sisi İran-Misir münasibətlərində yenidən durğunluğun yaranmasına səbəb olub. Bir neçə gün öncə isə Misirin paytaxtı Qahirədə Prezident Əbdülfəttah Əs-Sisi hökumətinə qarşı kütləvi etirazlar başlayıb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, etirazçılar prezidentə qarşı şüarlar səsləndiriblər. Nümayişlərin səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hakimiyyətdə korrupsiya hallarıdır. Bundan başqa, Sisinin dəbdəbəli və olduqca bahalı yeni prezident sarayı inşa edəcəyini açıqlaması da etirazların səbəblərindən biri kimi göstərilib.
Yaxın Şərqdə, o cümlədən Fələstin, Livan və Suriyada İrana bağlı proksilərin zəiflədilməsi, Dəməşqdə Türkiyənin dəstəyi ilə yeni hökumətin qurulması fonunda Misirdə baş verənlər xüsusilə diqqət çəkir. Maraqlıdır, bu proseslərdə böyük güclərin rolu varmı? Tehran növbəti hədəfin özü olmaması üçün sərhədlərindən kənarda, o cümlədən Misirdə yeni münaqişə, müharibə yarada bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Elman Cəfərli bildirib ki, 2010-cu ildə Tunisdən başlayan “ərəb baharı” qısa zamanda digər ərəb dövlətlərini də əhatə edib. Onun sözlərinə görə, sosial problemlər, o cümlədən işsizlik, evsizlik, ərzaq qiymətlərinin baha olması, aşağı həyat səviyyəsi, söz azadlığının boğulması, bürokratik əngəllər hər zaman və bütün ölkələr üçün inqilabi prosesləri tətikləyən faktorlardır: “Ərəb ölkələrində inqilab üçün hər zaman zəmin var. Normal seçki keçirilmir, demokratik institutlar yoxdur, azad mediadan danışmağa dəyməz. Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərdə heç olmasa yoxsulluq göstəriciləri aşağıdır, insanların sosial güzəranı pis deyil. Düşüncə azadlığı, demokratik seçki olmasa da, insanlar iş, çörək qayğısı çəkmir. Tunis, Suriya, Misirdə isə insanlar kasıb həyat tərzi keçirirdilər. Misirdə inqilab qalib gəldi, Hüsnü Mübarək devrildi. Hakimiyyətə daha çox Türkiyəyə yaxın olan “Müsəlman qardaşları” gəldi. O zaman İran liderləri deyirdi ki, “ərəb baharı” guya 1979-cu il İran İslam inqilabının təsiri ilə baş verib. Lakin bu, belə deyil. Ərəb ölkələrinin əksəriyyəti sünnidir. Yaxın keçmişdə ərəb coğrafiyası əsasən Osmanlı xilafətinin ərazisinə daxil idi. Bir neçə dövləti çıxmaq şərti ilə sünni İslam dünyası hər zaman Türkiyəni özünə lider sayıb. “Ərəb baharı”nda daha çox Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) təsiri hiss olunurdu. İlk dəfə mötədil İslamı təmsil edən AKP-nin Türkiyədə iqtidar olması ərəb intibahını tətikləyən amil idi. Lakin xalqın diktatorlardan narazılığına etiraz olaraq başlanmış “ərəb dalğası” birilərini narahat edirdi”.
Siyasi şərhçi deyib ki, Qərbin bölgədə əsas müttəfiqlərindən sayılan Səudiyyə kral ailəsi “ərəb baharı”ndan çox tədirgin olub: “Böyük ehtimalla, Misirdəki əks-inqilabın para qaynağı da kral ailəsi oldu. Qərbin də dəstəyi ilə Misirdə hərbi qiyam yolu ilə hakimiyyətə gələnləri legitimləşdirdilər. Misir xalqının böyük əksəriyyətinin seçdiyi qanuni prezident Mursini iqtidardan saldılar və həbsxanada məhv etdilər. Yeri gəlmişkən, Qərb baş verənlərə şübhəli şəkildə susdu. Qərbdəki çevrələri, Səudiyyə iqtidarını qorxudan neo-osmanlıçılığın, yəni Türkiyənin təsirinin ərəb dövlətlərinə yayılması idi. Misirdə prosesi durdurdular. Bundan ilhamlanan Rusiya və İran Suriyada qaniçən Bəşər Əsəd rejimini qoruyub saxladı. Lakin bunu 13 il bacara bildilər. Artıq Suriyada Türkiyənin dəstək verdiyi siyasi qüvvə iqtidardadır. Modern İslam ideologiyası çox güclüdür və bunun qarşısını almaq mümkün olmayacaq. Xatırladım ki, İraq və Suriyada hər zaman İranın dəstəklədiyi qüvvələr iqtidarda olub. Suriyadakı sünni çoxluğuna ölkə əhalisinin 10 faizini təşkil edən ələvilər rəhbərlik edirdi. Lakin İranın dəstəyi yetərli olmadı. Eyni proses Livanda da gedəcək. Artıq İranın proksi qüvvələrinin əsas fiqurları sıradan çıxarılıb. Proses İranın özünə də sıçrayacaq. İranda bəluclar, türkmənlər, ərəblər sünni məzhəbinə etiqad edir. Onlar İran şovinist şiə rejiminə nifrət edirlər. Hazırda molla rejimin əsas müxalifəti də onlardır. Azərbaycan türkləri çox təəssüf ki, hələ də məzhəb amili ilə Xamenei rejimindən qopa bilmirlər. Söhbət sadə xalqdan getmir. Xalqın əksəriyyəti Türkiyəni, Azərbaycanı sevir, modern rejimdə yaşamaq istəyirlər”.
E.Cəfərli söyləyib ki, Misirdə baş verənlər tezliklə inqilaba çevrilməyəcək: “Çünki Misir cəmiyyəti post-Mübarək dövrünün ilk illərindəki iqtisadi böhrandan yenicə çıxmağa başlayıb, ölkədə iqtisadi, siyasi sabitlik yaranıb. Suriyadakı rejim Qərbin də, Türkiyənin də, ərəb dövlətlərinin də düşməni idi. Ukraynada güc itirən Rusiya, Yaxın Şərqdə proksi qüvvələri məhv edilmiş İran Əsəd rejimini qoruya bilmədi. Ümumiyyətlə, İranın yaxın illərdə Şimali Koreya kimi öz qınına çəkiləcəyini söyləmək olar. Molla rejimi müxtəlif islahatlarla daxildə ictimai rəyi özünə çəkmək, milli birliyi təmin etmək istəyəcək. Yəni, İranı Misir yox, özünün durumu daha çox düşündürür”.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ