Onlayn ictimai-siyasi qəzet
“44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı 3 il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyevin ölkəmizdə növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncamı tamamilə məntiqli və siyasi qanunauyğunluqdur”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi bir sıra özəlliyi ilə fərqlənir:
“Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Əlbəttə ki, bütün bunlara görə növbədənkənar prezident seçkisini Zəfər seçkisi adlandırmaq olar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə şərəflə dalğalanır. Bu mənada 7 fevral seçkisi Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkidə xalqımız Qarabağın Fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Başqa bir məsələ ondan ibarətdir ki, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, qarşıdan gələn seçki də ölkəmizdə həyata keçirilən davamlı islahatların nümunəsi kimi dövlətimizin gücünün daha da artmasını şərtləndirən amillər sırasında olacaq”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hüquqi və demokratik dövlətdir, ölkəmizdə bütün seçkilərin şəffaf keçirilməsi üçün siyasi iradə nümayiş etdirilib:
“Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkidə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir”.
“Siyasi partiyaların əsas funksiyalarından biri seçki yolu ilə siyasi mübarizə aparmaqdır. Bu mənada seçkinin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkilər tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkinin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları ucuz demaqogiyadan başqa bir şey deyil.
“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikalların iddialarının heç bir əsası yoxdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə çaşqınlıq yaratmaq yolunu seçib. Lakin Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Ona görə də, radikalların əsassız iddiaları cəmiyyətimiz tərəfindən dəstəklənmir. Zəfər seçkisi mükəmməl, azad və demokratik keçirilməklə Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazılacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.
Afaq,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ