Onlayn ictimai-siyasi qəzet
“Bizdə nikah müqaviləsi, bildiyiniz kimi, könüllüdür”. Bunu parlamentin 18 mart iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, evlənmiş, ailə qurmuş şəxslərə bizim müəyyən dərəcədə nöqsanlı adətlərin təsiri var, məsələ, insanlar bir-birinə üzük və başqa şey aparırsa, heç birini sənədləşdirmirlər, sonra iş məhkəməlik olur. “Nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz”, - deyə deputat təklif irəli sürüb.
Nikah müqaviləsi məcburi ola bilərmi? Könüllü olan nikah müqaviləsini məcburi etmək insan haqlarına müdaxilə sayılırmı?
Ramil Süleymanov
Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Nikah müqaviləsi mülkü hüquqi müqavilə formalarından hesab olunur. Bu müqavilə tərəflər arasında hüquq və vəzifələri müəyyən edir. Ailə Məcəlləsinin 38-ci maddəsində nikah müqaviləsi barədə maddə mövcuddur. Burada qeyd olunur ki, nikah müqaviləsi ailə münasibətlərinin davam etdiyi zamanlarda tərtib oluna, notarial qaydada imzalana bilər. Burada əsas məsələ ondan ibarətdir ki, ailə münasibətlərinin davam etdiyi zaman və ya ailə münasibətlərinə xitam verildikdən sonra tərəflərin hüquqları, öhdəlikləri yazılır. Tərəflərin necə, nə cür davam edəcəkləri, münasibətlər pozulduqdan sonra uşaqlarla görüş məsələsi hər biri ayrı-ayrılıqda tənzimlənir. Hətta tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində mülkiyyət hüquqları da qeyd oluna bilər. Bu cür müqavilələrin bağlanması könüllüdür. Uzun-uzadı məhkəmə proseslərinin getməməsi, məhkəmələrin perspektivi olmayan iddialarla yüklənməməsi üçün ilkin nikaha daxil olmazdan öncə müddət qoyula bilər. Nikah müqaviləsinin bağlanılması faktiki olaraq tərəfləri əlavə xərclərdən müdafiə edə bilər. Ailə Məcəlləsinə görə, istər nikah, istərsə də nikahdan öncə tərəflərin qəbul etdikləri hədiyyələr onların bölünməz əmlakları hesab olunur. Amma tərəflər razılaşa bilər ki, nikahdan öncə və sonra əldə etdikləri əmlakların bölgüsünü də həyata keçirəcəklər”.
Rövşən Nəcəfov
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, nikah müqaviləsinin könüllü olması insanın şəxsi azadlıqlarına hörmət prinsipindən irəli gəlir. Məcburi nikah müqaviləsi, cütlüklərin münasibətlərinə üçüncü tərəfi - dövləti birbaşa daxil edir. Halbuki ailə qurmaq fərdi bir qərardır və onun şərtlərini müəyyənləşdirmək azadlığı cütlüklərin ixtiyarında olmalıdır. Dövlətin nikah müqaviləsini məcburi etməsi şəxsi münasibətlərə həddindən artıq müdaxilə anlamına gələ bilər və ailə institutunu yalnız hüquqi çərçivəyə salaraq onun mənəvi mahiyyətini zəiflədə bilər.
Ailə həm maddi, həm də mənəvi məsuliyyətlər tələb edən bir sistemdir. Boşanma hallarında uzun-uzadı çəkişmələrin yaşanması, tərəflərin maddi məsələləri əvvəldən düşünməməsi ilə bağlıdır. Lakin bu, nikah müqaviləsinin məcburi edilməsini deyil, evliliyə daha hazırlıqlı yanaşmağı tələb edir. Evlilik yalnız maddi imkanların mövcudluğu ilə deyil, həm də psixoloji yetkinliklə qurulmalıdır. İnsanlar ailə həyatına daxil olarkən yalnız fiziki və maddi yox, eyni zamanda psixoloji yetkinliyə də sahib olmalıdırlar. Psixoloji yetkinlik, tərəflərin bir-birilərini daha dərindən tanımasını, münasibətlərinin real əsaslarını anlamasını və uzunmüddətli birgə həyat üçün sağlam qərarlar verməsini təmin edir. Əks halda, ailə quruluşu yalnız sosial gözləntilərin və formal öhdəliklərin təsiri altında formalaşa bilər ki, bu da gələcəkdə problemlərin yaranmasına səbəb ola bilər.
Nikah müqaviləsi, seçənlər üçün faydalı bir hüquqi alət ola bilər, lakin onun məcburi edilməsi insan azadlıqlarına müdaxilə kimi qiymətləndiriləcək və evliliyi sırf maddi münasibətlər çərçivəsinə salaraq onun təməlindəki insani və mənəvi dəyərləri kölgədə qoyacaq. Əksinə, evlilik öncəsi psixoloji hazırlıq və qarşılıqlı gözləntilərin şəffaf şəkildə müzakirəsi daha sağlam və davamlı ailə münasibətlərinin qurulmasına töhfə verəcək".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ