Onlayn ictimai-siyasi qəzet
Qəzzada HƏMAS və İsrail tərəfindən dəstəklənən silahlı qruplar arasında baş verən toqquşmalarda 50 silahlı qrup üzvü öldürülüb. İsrail mediasının məlumatına görə, HƏMAS və Yasir Əbu Şabab adlı şəxsin rəhbərlik etdiyi qrup arasında silahlı toqquşma dünən baş verib və nəticədə 50 silahlı HƏMAS qüvvələri tərəfindən öldürülüb.
Qeyd edək ki, özlərinə “Xalq qüvvələri” adı verən bu qrup Qəzzada daha əvvəl fəaliyyət göstərmiş qeyri-qanuni silahlı qrupların yeni ittifaqıdır. Fələstin və İsrail mənbələri bu qrupların İsrail hökuməti tərəfindən HƏMAS-a qarşı alternativ güc olaraq istifadə edildiyini iddia edir.
İlk dəfə 2024-cü ilin payızında ortaya çıxan bu qruplar daha əvvəl silahlı qarətlər və beynəlxalq yardım karvanlarını soymaqla məşğul olublar. Lakin daha sonra bu qruplar Yasir Əbu Şabab liderliyində birləşərək daha mütəşəkkil bir qrupa çevrilib və Qəzzadakı ərzaq anbarları, mağazalara hücumlar təşkil ediblər. Bu hücumlar zamanı – ara-sıra HƏMAS silahlıları ilə bu qruplar arasında toqquşma baş verib.
Lakin hazırda qrup Qəzza sakinlərini HƏMAS-dan qoruduğunu və beynəlxalq yardımların sakinlərə çatdırılmasına çalışdığını iddia edir. İyunun 10-da Qəzzada baş verən toqquşmanın da “yasirçilər” yardım karvanlarını HƏMAS-dan qoruyarkən baş verdiyini bildiriblər. HƏMAS isə Yasir Əbu Şababa qarşı əməliyyat təşkil etdiyini açıqlayıb. Yasir tərəfdarları HƏMAS-ın Qəzzada “Ok” adı verilən və əsasən İsraillə əməkdaşlıq edənləri hədəfə alan qurumunun 6 üzvünü qətlə yetirdikdən sonra hadisələr daha da şiddətlənib.
Məsələnin daha maraqlı tərəfi isə ilk dəfə İsrail qüvvələrinin Qəzzada savaşan iki qrupa müdaxilə etməsi və HƏMAS-a qarşı vuruşan qüvvələrə hava dəstəyi verməsi olub.
Hazırda əsasən Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşən Rəfah şəhərinin şərqində məskən salan silahlıların ümumi sayının 300 nəfərdən çox olduğu güman edilir. Onlar əsasən yüngül silahlar, Kalaşnikov avtomatları ilə silahlanıblar. Bundan başqa İsrail ordusunun nəzarətində olan Kərəm Şalom sərhəd-keçid məntəqəsi ərazisində də silahlıların düşərgəsi mövcuddur.
Yasir haqqında bilinən isə odur ki, 2023-cü ilin oktyabrında, HƏMAS İsrailə hücum təşkil etdiyi vaxt bu şəxs HƏMAS-ın həbsxanalarından birində narkotik vasitə qaçaqmalçılığı ittihamı ilə həbsdə olub. Lakin müharibə başladıqdan az sonra Yasir azadlığa çıxıb. Onun azad edildiyi və ya qaçdığı dəqiq məlum deyil.
HƏMAS Yasiri “İsrail casusu” elan edib və haqqına edam qərarı çıxarıb. Təşkilat son açıqlamasında da bütün digər xainlər kimi Yasirin də məhv ediləcəyini bəyan edib. Lakin son hadisələr göstərir ki, bu, o qədər də asan olmayacaq.
Məsələ ondadır ki, daha əvvəl də İsrail hakimiyyətinin Qəzzada HƏMAS-a qarşı silahlı qrupları dəstəklədiyi və bu
qüvvələrdən yeni dövrdə zolağın idarəçiliyində istifadə edəcəyi ilə bağlı xəbərlər yayılsa da, ötən həftə İsrail mediası ilk dəfə İsrail hökumətinin HƏMAS-a qarşı tayfaları silahlandırdığı xəbərlərini yaydı. Bundan sonra açıqlama verən baş nazir Benyamin Netanyahu məlumatı təsdiqləmiş və bu metodun israilli hərbçilərin həyatını qoruyacağını bildirmişdi. Ancaq Şabab qrupu İsraillə əməkdaşlığı təkzib edərək silahların “xalqın dəstəyi ilə gəldiyini” bildirir.
Netanyahunun HƏMAS-a qarşı “Şabab” planı isə sadə mexanizmdir. Söhbət HƏMAS əleyhdarı şəxs və qrupları gücləndirib onlara Qəzzada hakimiyyət vəd edərək HƏMAS-a qarşı istifadə etməkdir. Bu baş tutacağı təqdirdə Qəzzada ən yaxşı halda ikihakimiyyətlilik və ya HƏMAS sonrası zolaqda İsrailə loyal qüvvələrin formalaşması deməkdir. Netanyahunun etiraf etdiyi kimi, bu halda daha az İsrail əsgəri öləcək, çünki hər iki tərəfdən fələstinlilər vuruşacaq.
Dünənki toqquşma və silahlıların saylarının sürətlə artması göstərir ki, qarşıdakı aylarda HƏMAS-ın bu qrupla qarşıdurması getdikcə daha çətin olacaq. Üstəlik, İsraildən hava dəstəyi alan qrupun gücünün daha da artacağı ehtimalı yüksəkdir. Yeri gəlmişkən, bu ilin əvvəlində Qəzza zolağının bir neçə yerində yerli fələstinlilərin HƏMAS əleyhinə aksiyaları da təşkil olunub. Bu da onu göstərir ki, post-HƏMAS dövrü üçün Qəzzada hazırlıq prosesi artıq başlayıb. Bu prosesdə təkcə İsrail deyil, eyni zamanda HƏMAS-ın ideoloji kursundan narazı olan region ərəb dövlətləri də iştirak edir. HƏMAS üçünsə vəziyyətdən çıxışın yeganə yolu silahlı müxaliflərini tez bir zamanda əzməkdir. Bu isə indi daha çətindir.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ