Onlayn ictimai-siyasi qəzet
“Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır”.
Bu barədə Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
“Dünən Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu ilə müqayisədə 0,6 % artaraq 36 mlrd. 616 mln. manat, xərcləri isə 0,2 faiz azalaraq 39 mlrd. 667,6 mln. manat proqnozlaşdırılır.
Büdcə kəsiri isə 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 87,6%-nin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”, - deyə iqtisadçı əlavə edib.
O qeyd edib ki, burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir:
“Aydın məsələdir ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaqdır. Kəsirin qapadılması isə borclanmanı artıracaqdır. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb.
Bəs, qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə neft qiymətin uzun müddətli aşağı olması halında öhdəliklər necə təmin ediləcək?
Borclanmanın artırılması, transfer və digər vəsitələrlə xərclər qarşılana bilsə də sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı.
İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu da deyil. Onsuz da, hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki hazırkı məqamda risklər doğru sığortalansın.
Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı bu risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcəklər”.
Afaq Mirayiq,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ