İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftin 7 il ömrü qalıb” iddiası - reallıqlar nə deyir?

Azərbaycanın neft ixracı azalır, amma...

Üç əsas növ yanacaq - neft, təbii qaz və kömür istehlakı 2030-cu ilə qədər pik həddə çatacaq. Musavat.com xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib. Agentliyə görə, həmin ildən sonra bu yanacaq növlərinin istehlakı azalmağa başlayacaq və buna bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması səbəb olacaq.

Qeyd edək ki, bu, agentliyin eyni vaxtda neft, qaz və kömür üçün bir istiqamətli mənfi istehlak dinamikasını nəzərdə tutan ilk proqnozudur. BEA rəhbəri Fatih Birol hesab edir ki, dünya “qalıq yanacaq dövrünün sonunun başlanğıcını görür və növbəti dövrə hazırlaşmalıdır”. Onun fikrincə, siyasətçilər vəsait çatışmazlığına və seçicilərin mümkün tənqidlərinə baxmayaraq, enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçməlidirlər.

F.Birol diqqəti son 10 ildə qlobal təbii qaz tələbatındakı artımın təxminən üçdə birini və neft tələbindəki artımın üçdə ikisini təmin edən Çin iqtisadiyyatında “struktur dəyişikliklərinə” çəkib. Söhbət əsasən ağır sənayedən daha az enerji tutumlu sənaye və xidmət sahələrinə keçiddən gedir. Eyni zamanda onun sözlərinə görə, ölkədə kömür istehlakının potensial artımı günəş, külək və nüvə enerjisinin inkişafı hesabına kompensasiya olunacaq.

Yeri gəlmişkən, Çin günəş elektrik stansiyalarının (GES) ümumi quraşdırılmış gücü 2023-cü ilin sonuna qədər 500 Geqavattı, 2026-cı ilin sonuna isə 1 Teravattı keçəcək. “Rystad Energy”nin proqnozuna görə,  2023-cü ildə yeni gücün 2022-ci ildə quraşdırılmış 87 GVt-dan artaraq150 GVt-ı keçəcəyi gözlənilir. 2024-cü ildə bu rəqəmin 165 GVt, 2025-ci ildə 170 GVt olacağı proqnozlaşdırılır. Beləliklə, Çində ümumi günəş enerjisi gücü 2024-cü ilə qədər 700 GVt-ı keçəcək və 2025-ci ilin sonuna qədər təxminən 900 GVt-a qədər artacaq.

Hazırda Çin günəş elektrik stansiyalarının ümumi gücü 500 GVt-a çatır ki, bu da qlobal gücün təxminən 40 faizinə bərabərdir. Ölkə bu göstərici üzrə dünyada liderlik edir, ABŞ isə 145 GVt (qlobal səviyyənin təxminən 12 faizi) ilə ikinci yerdədir. 2026-cı ildə ABŞ-ın ümumi günəş enerjisi tutumunun təxminən 209 GVt (11 faiz) olacağı gözlənilir.

Çin Milli Enerji Administrasiyasının (NEA) məlumatına görə, 2023-cü ilin birinci yarısında günəş elektrik stansiyalarının tikintisinə 134,9 milyard yuan (15,8 milyard dollar) sərmayə qoyulub ki, bu da eyni dövrdə istilik enerjisinə qoyulan investisiyalardan 3,4 dəfə çoxdur.

İEA rəhbəri vurğulayıb ki, digər məsələlərlə yanaşı, ayrı-ayrı ölkələr tərəfindən hasilatın azaldılması nəticəsində neft qiymətlərinin artması nəqliyyat sektoru üçün xüsusilə vacib olan təmiz enerjiyə keçid sürətinin artırılmasında rol oynayır. Birol bildirib ki, mövcud tendensiyalara görə yeni irimiqyaslı qalıq yanacaq layihələri təkcə iqlim riskləri deyil, həm də maliyyə riskləri daşıyır və problemli aktivlərə çevrilə bilər.

Əsas istehsalçılar isə öz növbəsində BEA-nın mövqeyini tənqid edir və xəbərdarlıq edirlər ki, neft və qaz tədarüklərinə kifayət qədər sərmayə qoyulmaması istehlakın pik həddi ilə bağlı proqnozlar həddən artıq optimist olduğu halda, yeni enerji böhranları təhlükəsi yaradır.

Belə ki, aprel ayında OPEK BEA-nı yeni yataqların işlənməsinə investisiya qoyuluşunu dayandırmağa çağıraraq bazarlarda qeyri-sabitlik yaratmaqda ittiham edib.

Bu arada qeyd edək ki, dünyada elektromobil satışlarının artdığı bir vaxtda dünyanın ən böyük aviaşirkətlərindən olan “Airbus”, “Rolls-Royce” və “EasyJet” aviasiyaya hidrogen yanacağını gətirmək üçün alyans yaratmaq qərarına gəliblər. Şirkətlər 2050-ci ilə qədər aviasiyaya hidrogen yanacağını gətirmək və sənayeni karbonsuzlaşdırmağa kömək etmək üçün infrastruktur quracaqlar. Alyans üzvləri Danimarkanın enerji şirkəti “Orsted” və Britaniya hissələr istehsalçısı GKN-in tərəfdaşlığı ilə “Hidrogen in Aviation” (HIA) layihəsi çərçivəsində hidrogen yanacağı ilə işləyən təyyarələrin uçuşa tam hazırlığını təmin etmək üçün normativ baza, infrastruktur, təhlükəsizlik sistemi hazırlamaq niyyətindədirlər.

HİA-nın bəyanatında deyilir ki, 2023-cü ilin sonuna qədər alyans hidrogenlə uçuşu reallaşdırmaq üçün layihənin növbəti onilliyi üçün mərhələləri əks etdirən hesabat hazırlayacaq. “Airbus” 2035-ci ilə qədər hidrogenlə işləyən təyyarələr üçün reklam çarxı təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, artıq “Rolls-Royce” və “EasyJet” yanacaq kimi hidrogendən istifadə edən ilk təyyarə mühərrikini uğurla sınaqdan keçirib. Bu zaman Solsberi düzündə yerləşən hərbi poliqonda mühərriki işə salmaq və aşağı sürətlə işləməsini müşahidə etmək mümkün olub.

Göründüyü kimi, dünyada ənənəvi yanacaqdan imtina istiqamətində çox sürətlə və genişmiqyaslı addımlar atılır. Bu addımların miqyasına, dövlətlərin ona istiqamətlənməsinə isə daha çox ənənəvi yanacaq növlərinin, xüsusilə də neftin qiyməti ciddi təsir göstərir: qiymət yüksək olduqca, alternativ enerji mənbələrinə investisiyalar artır. Neftin indiki qiymətləri məhz alternativ yanacaqları diqqət mərkəzinə gətirir. Belə ki, avqust ayında bəri Rusiya və ərəb ölkələrinin səyi nəticəsində neft qiymətləri 80 dollardan yuxarıdır. Son günlər isə bu göstərici 93 dollara çatıb. Bu artımın əsas səbəbi Səudiyyə Ərəbistanı və Rusiyanın bazara daha az neft çıxarmalarıdır. Belə ki, ər-Riyad gündəlik hasilatın 1 milyon barel azaldılaraq 9 milyon barel həcmində saxlanması qərarının müddətini ilin sonunadək uzadıb. Rusiya isə gündəlik ixracı 300 min barel azaltmaq qərarı ilə bağlı eyni addımı atıb.

Bəzi analitiklərə görə, iki ölkənin bu qərarı yaxın 3 ay ərzində dünya neft bazarında təklif qıtlığı yarada bilər. Bazarda çatışmayan neft həcmlərinin gündəlik 3,3 milyon barelə çata biləcəyi qeyd edilir. İlin sonunadək Avropada və ya Çində iqtisadi vəziyyət yaxşılaşmağa başlasa, neft bazarı daha da gərginləşə və nəticədə Brent markalı neftin qiyməti 100 dollara çata bilər.

Artıq bir sıra beynəlxalq mərkəzlər neft qiymətləri üzrə cari illik proqnozlarını artım istiqamətində yeniləyirlər. Məsələn, ABŞ Energetika Nazirliyi Brent markalı neftin 2023-cü ildəki orta qiymət proqnozunu 82,62 dollardan 84,46 dollara qaldırıb. 2024-cü il üçün təxminlər də yuxarıya - əvvəllər gözlənilən 86,48 dollardan 88,22 dollara qədər dəyişdirilib.

Nazirliyə görə, dördüncü rübdə Brentin orta qiyməti 93 dollar olacaq.

OPEC isə sentyabr icmalında bildirib ki, 2023-cü ildə neftə tələbat gündəlik 2,44 milyon barel, 2024-cü ildə isə daha 2,25 milyon barel artacaq. Beləliklə, təşkilat iyul ayı hesabatında verilən tələb artımı proqnozlarını yenidən təsdiqləyib.

Rusiya və Səudiyyə Ərəbistanı hasilatı və ixracı azaltdığı bir vaxtda ABŞ əksinə edir. Ölkənin Energetika Nazirliyi 2023-cü il üçün ABŞ-da neft hasilatı (digər maye karbohidrogenlər istisna olmaqla) üzrə proqnozunu sutkada 12,76 milyon bareldən 12,78 milyon barelə yüksəldib. Beləliklə də nazirlik 2023-cü ildə ölkədə neft hasilatı üzrə 2019-cu ildə müəyyən edilmiş tarixi rekordun - sutkada 12,315 milyon barelin yenilənməsini gözləyir. Agentlik gələn il rekordun yenilənə biləcəyini gözləyir: EIA 2024-cü il üçün ABŞ-da neft hasilatı proqnozunu sutkada 70 min barel artıraraq 13,16 milyon barelə çatdırıb.

Təşkilatın aylıq hesabatına görə, avqustda OPEC ölkələri neft hasilatını sutkada 113 min barel - aylıq 27,45 milyon barel artırıb.

Yeri gəlmişkən, iqtisadiyyatı neft gəlirlərində kəskin asılı olan Azərbaycanda bu məhsulun istehsalı ildən-ilə azalır. Bu azalma beynəlxalq analitik mərkəzlərin proqnozlarında da əksini tapmaqdadır. Bugünlərdə ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb. Yeni proqnoza əsasən, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 640 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 10 min barel azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 630 min barel təşkil edəcək (əvvəlki proqnoz - 640 min barel).

Hasilatın azalmasına rəğmən qiymətlərin yüksək olması ölkənin gəlirlərində kəskin azalmanın qarşısını alır. 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6 faiz bahalaşıb. Hazırda “Azeri Light” 98 dollardan yuxarı ticarət olunur. İlin yekununda orta qiymətin 90 dollardan yuxarı olması gözlənilir. Bu isə neftin 60 dollarlıq qiyməti ilə yenidən hesablanmış dövlət büdcəsinin icrasında hər hansı problem olmayacağından xəbər verir.

Azərbaycanın neft ixracının 2045-ci ilədək davam edəcəyi gözlənilir. Lakin bu müddətdə ixrac həcmləri azalacaq. Buna görə də qiymətlərin yüksək qalması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR