İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri büdcə proqnozundan aşağıda: devalvasiya təhlükəsi varmı?

Eldəniz Əmirov: “İndiki şəraitdə devalvasiyaya gedilməsi ilə inflyasiya daha da sürətlənəcək, qiymət artımları baş verəcək, insanların gəlirləri aşağı düşəcək”

Dünya neft bazarında qiymətlər 65 dolların altında qalmaqda davam edir. Mart ayının sonlarından başlayan bu prosesin yaxın aylarda qiymətlərin daha da azalması ilə müşayiət olunacağı gözlənilir. Buna OPEK+ ölkələrinin hasilatın iyulda daha böyük sürətlə artırmaq qərarının səbəb olacağı proqnozlaşdırılır.

Neft bazarındakı hazırkı qiymət konyukturu bütün hasilatçı ölkələr kimi, Azərbaycan üçün də əlverişsizdir. Belə ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsi gəlirləri neftin 70 dollarlıq orta qiyməti əsasında proqnozlaşdırılıb. Neft qiymətləri ilə yanaşı, hasilat və ixrac həcminin azalması fonunda mövcud şərtlərin davam etməsi ehtimalı Azərbaycanda ciddi gözləntilər formalaşdırmaqdadır. İctimaiyyət hökumətin yaranacaq yeni situasiyada manatın məzənnəsini sabit saxlamaq imkanları barədə ətraflı məlumat əldə etməyə çalışır, müxtəlif proqnoz və ehtimallar səsləndirilir.

Manatın mümkün devalvasiyası ilə bağlı ehtimallar inflyasiya səviyyəsinin  yüksəlməsi, iqtisadi artım sürətinin minimuma düşməsi fonunda daha da artır. Belə ki, aprel ayında rəsmi statistikaya əsasən Azərbaycanda inflyasiya sürətlənərək 6,3 faizə yüksəlib. Bu, 19 aydan sonra qeydə alınan ən yüksək göstəricidir: inflyasiya səviyyəsi sonuncu dəfə 2023-cü ilin avqust ayında bu göstəricidən yüksək olub. Göstərici həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankının proqnozlarından yüksəkdir.

Bundan əlavə, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz azalıb (ötən ilin eyni dövründə 0,1 faiz azalma olmuşdu), qeyri neft-qaz sektorunda isə 3,3 faiz artıb (7,7 faiz artım olmuşdu).

Dörd ayda iqtisadiyyatın aparıcı sahəsi olan sənaye sektorunda məhsul istehsalında azalma qeydə alınıb. Bu dövrdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 3,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.

Həmçinin Azərbaycanda neft hasilatı və ixracı həcmcə azalır. 2025-ci ilin yanvar-aprel aylarında ölkədə neft hasilatı 9,1 milyon ton neft (kondensatla birlikdə) təşkil edib. Energetika Nazirliyinin məlumatına əsasən hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Xatırladaq ki, 2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

Ötən ilin 4 ayında xaricə 7,9 milyon ton neft (kondensatla birlikdə) satılıb. Beləliklə, aydın olur ki, bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 500 min ton, ixrac isə 100 min ton azalıb.

Hasilat, ixrac və qiymət azalması ölkənin neft-qaz sektorundan əldə etdiyi gəlirləri də azaldır. Maliyyə Nazirliyinin açıqladığı birinci rüb büdcə göstəricilərindən aydın olur ki, dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında ciddi azalma var. Belə ki, rüb ərzində bu mənbədən büdcəyə 1 milyard 155,7 milyon manat vergi gəliri daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 211,6 milyon manat azdır.

Büdcə ilə yanaşı, neft-qaz gəlirlərinin toplandığı Dövlət Neft Fondunun gəlirləri də azalıb. Belə ki, bu ilin birinci rübündə Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) gəlirləri 2 milyard 183,5 milyon manat təşkil edib, bu da illik müqayisədə 15,85 faiz azdır.

ARDNF-nin rüblük hesabatına əsasən birinci rübdə quruma AÇG yatağından 2 milyard 1,6 milyon manat, “Şahdəniz” yatağından isə 181,9 milyon manat vəsait daxil olub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında qeyd olunan göstəricilər müvafiq olaraq 18,7 faiz azalıb və 36,3 faiz artıb.

Xaricdən valyuta axınının azalması digər istiqamətdə də qeydə alınıb. Söhbət xaricdən fiziki şəxslər tərəfindən göndərilən vəsaitlərdən gedir. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319.7 milyon manat vəsait daxil olub. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə xaricdən pulköçürmələri 31.2 faiz və ya 145.5 milyon manat azalıb.

Bu fonda dollara tələbatın artması müşahidə olunur. Belə ki, Dövlət Neft Fondu tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Mərkəzi Bankın iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Mərkəzi Bankın məlumatına əsasən, hərraclarda yanvar-fevral aylarında cəmi 900 milyon dollara yaxın valyuta satılıb. Bu isə o deməkdir ki, yalnız mart ayında 1,6 milyard dollara yaxın valyuta satılıb. Bu, 2020-ci ildən sonra ən yüksək həddir. Həmin il pandemiya səbəbindən dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində fondun yanvar-mart aylarında valyuta satışı 2,8 milyard dollara yaxın olub ki, bunun da 1,9 milyard dolları mart ayında baş verib. Həmin dövrdə neftin kəskin ucuzlaşması da məhz bu aya təsadüf edirdi.

ELDANİZ YENİ.jpeg (150 KB)

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavata”a dediyinə görə, müşahidələr Azərbaycan hökumətinin ölkədə makroiqtisadi stabilliyi qorumaq üçün manatın məzənnəsinin sabitliyinə üstünlük verir: “Düşünürəm ki, hökumət 2025-ci ildə də bu prinsipə sadiq qalacaq. Ona görə ki, inzibati yolla tənzimlənən məzənnə siyasətinin ölkə iqtisadiyyatı üçün mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də var. Ən böyük müsbət tərəf stabillikdir: istər əhali, istər investorlar, istər idxal qiymətlərinin stabil saxlanması, inflyasiyanın tənzimlənməsi, alıcılıq qabiliyyətinin saxlanılması baxımından. Bütün bunlar makroiqtisadi sabitliyi qorumağa imkan verir. Mənfi tərəfi isə odur ki, gəlirlər əriyir. İkinci tərəfdən, qlobal iqtisadi sistemin qəbul etdiyi formatda real iqtisadi vəziyyət və milli valyutanın mövcud dəyəri arasında bağlılığı dəqiq ifadə etmək mümkün olmur. Bu isə rəqabəti zəiflədir, insanlarda devalvasiya qorxusunun qalmasına və nəticədə milli valyutaya tam etimadın formalaşmamasına səbəb olur”. 

Ekspertə görə, indiki şəraitdə devalvasiyaya gedilməsi ciddi problemlər yarada bilər: “İnflyasiya daha da sürətlənəcək, geniş miqyasda qiymət artımları baş verəcək, insanların gəlirləri aşağı düşəcək, xərcləri artacaq, iqtisadi aktivlik öləcək.   İqtisadi aktivliyin ölməsi iqtisadiyyata dağıdıcı təsir göstərəcək. Doğrudur, devalvasiya dolları bahalaşdırdığına görə büdcə gəlirlərini artıracaq, ixracatçılar müəyyən üstünlük əldə edəcəklər. Lakin gəlin görək, ixracatçıların bu üstünlüyü, büdcənin əldə edəcəyi gəlirlər iqtisadiyyatın digər sahələrinə dəyən zərərdən yüksək ola biləcəkmi? Əlbəttə ki, xeyr: on dəfələrlə az olacaq. Başqa sözlə, devalvasiya olarsa, bir tərəfdən neft dollarlarının manata dəyişdirilməsi nəticəsində hökumət müəyyən fürsətlər əldə edəcəksə, iqtisadiyyata dəyən zərərləri - iqtisadi aktivliyin bərpası, itkilərin qarşılanması, sahibkarklıq subyektlərinin dəstəklənməsi, aztəminatlı təbəqələrin qorunmasına sərf olunan  vəsaitlər daha yüksək olacaq. Bütün bunların yekunu olaraq sual yaranır ki, hökumət makroiqtisadi sabitliyi qorumaq niyyətindədirsə, niyə devalvasiyaya getsin”?

E.Əmirov deyir ki, Azərbaycan hökuməti devalvasiyaya yalnız bir halda gedə bilər: “Bu, o zaman baş verər ki, hökumət dollara tələbatı qarşılamaqda çətinlik çəksin, bu, mümkünsüz hala gəlsin. Yəni ölkənin valyuta ehtiyatları tələbi qarşılamaq üçün yetərli olmasın. Hazırda isə təkcə Mərkəzi Bankın 11 milyard 30 milyon dollar həcmində valyuta ehtiyatı var. Dövlət Neft Fondunun 62,7 milyard dollarlıq ehtiyatı var. İkisinin birgə ehtiyatı 74 milyard dollara yaxın ehtiyat deməkdir. Hətta Neft Fondunu kənara qoysaq, Mərkəzi Bankın riskləri sığortalamaq üçün kifayət qədər ehtiyatı var. Devalvasiya nə zaman ola bilər? O zaman ki neftin qiyməti 50 dolların altına düşsün və bu, bir neçə ay - azı 4 ay və daha çox davam etsin. Qeyd edim ki, birinci rübdə Azərbaycan neftinin orta qiyməti 77,5 dollar olub, son iki ayda 64-66 dollar arasındadır. Bu isə o deməkdir ki, iki rübdə orta qiymət 70 dollardan aşağı olmayacaq.

Neft qiymətləri uzunmüddətli dövr ərzində 50 dollardan aşağı olarsa, ölkənin valyuta ehtiyatlarına təhlükə yarana bilər, hələliksə belə bir təhlükə mövcud deyil. Ölkəyə daxil olan valyuta tələbatı ödəməyə imkan verəcək həddədir. Buna görə də devalvasiya təhlükəsi də mövcud deyil. Düşünürəm ki, hökumət də mənimlə həmfikirdir ki, devalvasiyanın büdcə gəlirlərində yaradacağı artımdan əldə olunan bəhrə iqtisadiyyata vuracağı zərərdən müqayisəolunmaz dərəcədə az olacaq. Ona görə də düşünürəm ki, ən azı 2025-ci ilin sonunadək devalvasiya müzakirə mövzusu belə olmayacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR