İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında defisit olacaq - təhlil

“Rosneft” rəhbərinin nikbin proqnozları nə qədər realdır?

Dünya neft bazarında qiymətlər 75 dollar civarında dəyişməyə davam edir. OPEK+ ölkələri nazirlərinin iyunun əvvəli keçirdiyi görüş və orada qəbul edilən qərarlar, xüsusilə Səudiyyə Ərəbistanının iyulda hasilatı 1 milyon barel azaltmaq qərarı belə bazarda qiymətləri hasilatçıları qane edən 80 dollar civarına qaldıra bilmədi. Bunun əsas səbəbi bazarda tələblə təklif arasındakı tarazlıqdır. Məhz bu tarazlıq qiymətlərin kəskin artımına imkan vermir.

Hazırda dünya bazarına neft təklifi nəzərdə tutulandan xeyli aşağıdır. Çünki OPEK+ ölkələri hasilat üzrə kvotalarına əməl etməkdə çətinlik çəkirlər. Aprel ayında alyansın gündəlik hasilatı kvotada nəzərdə tutulandan 2,5 milyon barel az olub. Buna görə də iyunun 4-də qəbul edilən qərarları əksər analitik mərkəzlər deklarativ xarakterli kimi qiymətləndirdilər. Bu qərarların neft bazarında qiymətlərə qısamüddətli müsbət təsirinin olacağı proqnozlaşdırıldı. Və üstündən 2 həftədən çox vaxt keçdikdən sonra bu proqnozlar özünü doğrultdu.

OPEK+ razılaşması üzvlərindən neft hasilatını və ixracını artıran yeganə ölkə Rusiyadır. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, may ayında Rusiya gündəlik neft və neft məhsulları ixracını 260 min barel azaldıb. Ay ərzində ölkənin gündəlik xam neft və neft məhsulları ixracı 7,8 milyon barelə bərabər olub. Bu zaman xam neft ixracı 90 min barel artıb, neft məhsullarının ixracı isə 350 min barel azalıb.

May ayında Rusiyanın neft gəlirləri 1,4 milyard dollar azalmaqla 13,3 milyard dollara bərabər olub. Bu, ötən ilin eyni dövründəkindən 36 faiz azdır. Rusiya neft və neft məhsullarının 56 faizini Çin və Hindistan, 12 faizini Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələri alıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, may ayında Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftin bir barelinin qiyməti 55 dollara bərabər olur. Bu, aprellə müqayisədə 5,3 dollar azalma deməkdir. İllik ifadədə isə Urals 30 faizdən çox dəyər itirib - keçən ilin mayında orta qiymət 78.81 dollar olmuşdu. Beş aylıq orta qiymət isə 51,5 dollar olmaqla ötənilkindən 32 dollar aşağı düşüb.

Rusiya Uralsın əsas marka olan Brentə nisbətən qiymət endirimini yanvardakı 36 dollardan mayda 26 dollara qədər azalda bilib. Moskva ötən ilin dekabrında Qərbin tətbiq etdiyi 60 dollarlıq qiymət tavanından yuxarı satışa nail ola bilməsə də ixrac həcmlərini artırmaqla azalan gəlirlərini kompensasiya etməyə can atır. Bunun üçün ən ağlagəlməz üsullardan belə istifadə olunur. Artıq neçə aylardır xarici mənbələr Rusiya neftinin dənizdə tankerdən tankerə boşaldılmaqla başqa ölkələrin məhsulu kimi satıldığını bəyan edirlər. Moskva bu mexanizmi yoluna qoymaq üçün keçən ildən onlarla orta və kiçik ölçülü tanker alıb: böyük tankerləri dənizdə boşaltmaq və bunu gizli etmək çətindir.

Dünya bazarında neft qiymətləri necə dəyişib? - Mediapost.az - Azərbaycan  Xəbərləri

Rusiyanın gizli yolla satdığı neft bazara başqa ölkənin adı altında çıxsa da, ümumi həcmlərdə əksini tapmaqla diqqətləri cəlb etməkdədir. Məsələ burasındadır ki, may ayında Nigeriya və Anqolanın gözlənilmədən neft hasilatı və ixracını kəskin artırmaları qeydə alınıb. Halbuki OPEK+ razılaşması əldə olunan 2019-cu ildən bəri hər iki ölkə hasilat kvotasından xeyli az neft hasil və ixrac edib. Bu, OPEK+ razılaşması ölkələri, xüsusilə də alyansın aparıcı ölkəsi Səudiyyə Ərəbistanının diqqətindən yayınmayıb. Nəticədə iyunun 4-də bu ölkənin təşəbbüsü ilə Afrika ölkələrinin, həmçinin Nigeriya və Anqolanın neft hasilatı kvotası azaldılıb, Birləşmiş Ərəb Əmirliklərininki isə artırılıb. Bundan əlavə, Afrika ölkələrinin real hasilat və ixrac həcmləri müstəqil tərəflərin iştirakı ilə yenidən hesablanacaq. Bu isə o deməkdir ki, Rusiya öz neftini satmaq üçün başqa mexanizmlər tapmalı olacaq.

Yeri gəlmişkən, Rusiyanın əsas dövlət neft şirkəti olan “Rosneft”in icraçı direktoru İqor Seçin bildirir ki, dünyada neftə olan tələbat və ona uyğun olaraq qiymətlər artmağa davam edəcək: “Beynəlxalq Enerji Agentliyi və OPEK-in proqnozlarına əsasən, 2023-cü ildə neftə olan gündəlik qlobal tələbat 2,4 milyon barel artmaqla yeni rekorda - 102 milyon barelə çatacaq. Uzunmüddətli perspektivdə neft istehlakı fiziki həcm baxımından 2045-ci ilədək 15 faiz - gündəlik 15 milyon barel  artacaq. Beləliklə də neft təbii qazla birlikdə dünyanın ilkin enerjiyə olan tələbatının 53 faizini təmin edəcək”.

Çox maraqlıdır ki, Seçin qlobal neft tələbatının artımında Afrika ölkələrinin həlledici rol oynayacağı qənaətindədir. Onun fikrincə, Afrikanın neft istehlakında gözlənilən artım qlobal neft tələbatı proqnozlaşdırılarkən nəzərə alınmır: “Halbuki BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə Afrika əhalisi 74 faiz artaraq 2,49 milyard nəfərə bərabər olacaq. Bu zaman digər regionlarda cəmi 10 faizlik əhali artımı qeydə alınacaq. Afrikada enerjiyə tələbatın isə 2050-ci ilədək 70-80 faiz artması gözlənilir. Yəni əhali artımı tempi enerjiyə olan tələbatla eyni səviyyədə olacaq. Afrikada enerji tələbatının artması qlobal bazarda neft tələbin artmasını şərtləndirəcək. Neft sektoruna, geoloji kəşfiyyat işlərinə investisiyaların azalması fonunda bu artım bazarda çatışmazlıq yaradacaq ki, bu da qiymət artımına səbəb olacaq”.

“Rosneft” rəhbərinin fikrincə, iqtisadiyyatların strukturunda və hasilat dinamikasında fərqlər üzündən OPEK daxilində ümumi qərarların əldə olunması getdikcə çətinləşir: “Məsələn, Yaxın Şərq ölkələri hasilatı artırır, öz iqtisadiyyatlarını diversifikasiya edirlər. Afrika ölkələrində isə hasilat azalır və onlar dünya neft bazarındakı mövqelərini sürətlə itirirlər”.

Dünya bazarlarında neft bahalaşıb

Seçinə görə, bu səbəbdən də OPEK+ razılaşması çərçivəsində daxili bazarların həcmi nəzərə alınmaqla, yalnız hasilat kvotası deyil, ixrac həcmləri də monitorinq olunmalıdır: “OPEK+ ölkələrinin bəziləri hasil etdikləri neftin 90 faizini ixrac edirlər. Halbuki Rusiya hasilatın yalnız 50 faizini ixraca yönəldir. Bu isə nüfuz və əsas bazarlara çıxışın qiymətləndirilməsi baxımından bizim üçün əlverişsiz şərtlər formalaşdırır. Eyni zamanda Səudiyyə Ərəbistanı hasilatı könüllü azaltdığını elan etməklə yanaşı, hasilat gücünü sürətlə artırır. Yaxın 2 ildə bu ölkədə qazma qurğuları fondu ən azı 25 faiz artacaq. Lakin buna baxmayaraq, yaxın illərdə hasilatı artırmaq imkanları məhdudlaşacaq və OPEK ölkələrinin bazarda çatışmayan həcmləri təmin etmək gücü olmayacaq”.

“Rosneft” rəhbəri dünyada 3 böyük neft hasilatçısından biri olan ABŞ-ın hasilatı artırmaq potensialını zəif hesab edir. Onun fikrincə, FED-in uçot dərəcəsini 5,25 faizə qaldırması neft hasilatına kredit cəlbi imkanlarını kəskin azaldır və bu, ABŞ-da hazırkı hasilat səviyyəsinin saxlanmasını belə çətinləşdirir. İ.Seçinin qənaətincə, belə şərtlər daxilində Rusiya uzun müddət neft bazarının əsas oyunçusu olaraq qalacaq və onun əvəz edilməsi mümkün olmayacaq.

Aydın məsələdir ki, İ.Seçin bir məsələdə haqlıdır: yaxın 10 ildə belə Rusiya neftini qlobal bazarda əvəz etmək mümkün olmayacaq. Lakin məsələ burasındadır ki, qlobal səviyyədə bunu istəyənlər də yoxdur: Ukraynaya işğalçı hücumuna görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb bu ölkədən neft ixracının dayanmasında maraqlı deyil. Qərbin məqsədi Rusiya neftinin Moskvanın hərb maşınını pulla təmin eməyə imkan verməyəcək qiymətə satışına nail olmaqdır. Artıq 5 aydır ki, Qərb istəyinə nail olmaqdadır: Rusiya nefti təyin olunan tavandan aşağı satılır, ölkənin neft gəlirləri sürətlə azalır, büdcə kəsiri artır. Sabah Qərb Rusiya nefti üçün qiymət tavanını 55-50 dollara endirsə, buna da nail olacaq.

Onu da qeyd edək ki, Azərbaycan da neft ixracatçısı olaraq qlobal bazarlardakı proseslərin aktiv iştirakçısıdır. Bu ilin yanvar-may aylarında Azərbaycan 18 ölkəyə 7 milyard 220 milyon 253,42 min dollarlıq 11 milyon 752 min 575,69 ton neft ixrac edib. Eyni dövrdə Azərbaycan 284 milyon 470,39 min ABŞ dolları dəyərində 479 min  451,03 neft məhsulları ixrac edib. Bu isə o deməkdir ki, Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə demək olar ki, 2 dəfə, həcmi isə 95,5 faiz artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 milyon 355,16 min ABŞ dolları dəyərində 770 min 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8 faiz, həcmi isə 42,6 faizə yaxın azalıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR