Onlayn ictimai-siyasi qəzet
Neftin qiyməti 70 dollara qədər endi, ABŞ-ın OPEK+ dan istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır: OPEK+ ölkələri aprel ayından etibarən hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər – bu isə mərhələli şəkildə bazara 2,2 milyon barel neftin əlavə olaraq daxil olması deməkdir.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərliyə görə, neft qiymətlərinin düşməsi Azərbaycan üçün çətinliklər yaradacaq:
“İki borudan asılı olan Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə problemlər yaranacağı açıq görünür – doğrudur, neftin qiymətinə günlük yox, ortalama baxmaq lazımdır. Hələlik 2025-ci ilin ilk 2 ayında orta qiymət 80 dollara yaxındır, amma martda bu rəqəm 72-73 dollara, apreldə isə 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin ilk yarısını büdcədə nəzərdə tutulan neftin ortalama 70 dollar səviyyəsinə yaxın tamamlasaq da, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil”.
Ekspert bildirib ki, neftin qiymətinin hər 1 dollar düşməsi günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir:
“Yəni ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu, gündə 2,5 milyon, ayda 75 milyon, ilə isə 900 milyon dollar daha az valyuta daxil olması deməkdir. Amma bu da son deyil, neft şirkətlərinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəəti azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq”.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ