Onlayn ictimai-siyasi qəzet
"Mən heç vaxt "bakılı, rayonlu" söhbəti etməmişəm. Məni düz başa düşmürlər. Nəyin ki, məni düzgün başa düşmürlər, başa düşmək istəmirlər. Tutublar yolunu ki, Bəhram belə dedi. Mən elə şey deməmişəm".
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə qonaq olduğu "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində deyib.
Zaman-zaman müsahibələrində və paylaşımlarında "şəhərli və rayonlu" məsələsinə görə tənqid olunan sənətçi bu mövzuya yenidən aydınlıq gətirib:
"Söhbət gedir paytaxtdan, şəhərdən və əlbəttə ki, rayondan, kənddən. Mənim babalarım, nənələrim hamısı rayonlarımızdan, kəndlərimizdən gəliblər. Mənim nənələrimin və babalarımın heç biri "Torqovı" küçəsində doğulmayıb. Gəlib, Bakıda. məskünlaşıblar. 1861-ci ildə Bakı şəhərinin əhalisinin sayı 7 minə heç çatmayıb. Təsəvvür edirsiniz!? Hərəmiz gəlmişik Baskaldan, kimi Yardımlıdan, kimi Şuşadan, kimi Naxçıvandan, kimi Qazaxdan, kimi Lənkərandan... Yəni formalaşıb olub şəhər...İnsanlar burada ali məktəbə gedirdilər və 5 il təhsil alıb bir çox mədəniyyət, etiket qaydalarına yiyələnirdilər. Ondan sonra işə düzəlib olurdular şəhərli... Yəni urbanizasiyanı keçmiş insan... Mən demirəm ki, rayondan gələn insan mədəniyyətsizdir. Onların da öz mədəniyyəti var. Amma elə məsələlər və məqamlar var ki, onları şəhərdə etmək olmaz. Şəhərli rayona, kəndə gedəndə onların qayda-qanuna əməl etməlidir. Çünki o rayonlunun gözü şəhərliyə öyrəşməyib. Əgər sən məscidə gəlmisənsə, onlar kimi namaz qılmalısan. Bu yazılmamış qanundur. Əvvəllər analarımız başına kəlağayı taxmamış qonşuya və kiminsə yas mərasiminə getməzdi. Amma Bakıda bu normal idi. Başaçıq gedə bilərdi bazara amma rayon yerində olmazdı. Əgər sən şəhərə gəlmisənsə qışqırmaq, çığırmaq olmaz, sakit danışmalısan. Mən millətimi sevən insanam. İstəyirəm sivil, müdrük, uzaqgörən, tərbiyəli, mədəniyyətli olaq ki, ölkəmizə gələn avropalı turistlər bizdən nələrisə götürüb özü ilə aparsın. Xarici turistlər Bakıya gəlib bizim şəhərimizin təmizliyindən danışırlar. Bu təmizliyi biz saxlamalıyıq. Şəhərimizi zibilləməli deyilik. Mənim dediyim də budur..."
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ