İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyin “Analitik Ekspertiza Mərkəzi” iddialara cavab verdi

“Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz, çünki...”

Milli Məclisin Səhiyyə komitəsinin 20 sentyabrda keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib ki, əhalidə dərman vasitələri ilə bağlı xeyli narazılıqlar mövcuddur: “Dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problem var. Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Qardaş Türkiyə ilə müqayisədə dərman qiymətlərində xeyli fərqlər var. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

Azərbaycanda dərmanların baha və keyfiyyətsiz olması haqda illərdir danışılır. Belə iddialar da var ki, bir çox işbazlar ucuz başa gəlsin deyə, bəzi xarici ölkələrdəki istehsalçılarla anlaşmaya gedərək, dərmanın tərkibini bahalı edən maddələrin faizini azaltdırır, onu ikiqat ucuz alır və gətirib ikiqat da baha satırlar. Həmçinin çoxlarımız şahidi olmuşuq ki, Türkiyədə Azərbaycan manatı ilə 10-15 manata olan dərmanlar Azərbaycanda 50-60 manata satılır. Həkimlər isə qeyd edirlər ki, pasiyentləri Türkiyədən, hətta İrandan eyniadlı dərmanı alırlar, həmin dərmanlar xəstələrə yaxşı təsir edir, Azərbaycandan alınan eyniadlı dərmanın isə təsiri olmur. Bunun səbəbi nədir? Bütün bunlar araşdırılırmı? Bəs görəsən, ölkəyə gətirilən dərman preparatlarının tərkibi yoxlanılırmı? Əvvəldə qeyd etdiyimiz iddiaların əsası varmı?

Qeyd edək ki, dərman preparatlarının qiymətləri ilə bağlı “Yeni Müsavat”ın ötən sayında verilən “Azərbaycanın dərman problemi - niyə baha və keyfiyyətsizdir” adlı yazıda məlumat verilib.

Dərmanların keyfiyyəti və tərkibi ilə bağlı sualları isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ünvanlamışdıq. Quruma göndərdiyimiz sorğuya cavabda qeyd edilir ki, Azərbaycana idxal edilən dərman vasitələrinin tərkibi yoxlanılır. Bu analizlər Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında aparılır. Mərkəzdən Azərbaycanda dərmanların keyfiyyətsiz olmasına və digər iddialarla bağlı suala da cavab verilib: “Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmayıb. Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz, çünki etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da öz növbəsində istehsalçının adına ziyan vurmuş olar. Əlimizdə olan məlumatlara əsasən deyə bilərik ki, bu iddialar əsassızdır”.

Qurumdan “Həkimlər qeyd edirlər ki, Türkiyədən, hətta İrandan eyniadlı dərmanı alırlar, həmin dərmanlar xəstələrə yaxşı təsir edir, Azərbaycandan alınan eyniadlı dərmanın isə təsiri olmur. Bunun səbəbi nədir” sualına isə belə cavab verilib: “Hər bir dərman vasitəsinin istehsal edildiyi ölkədən asılı olmayaraq normativ texniki sənədi olur. Əgər dərman vasitəsinin keyfiyyətinin yoxlanılması zamanı əldə olmuş nəticələr həmin normativ texniki sənəddə göstərilmiş keyfiyyət parametrlərinə cavab verirsə, dərman vasitəsi keyfiyyətli hesab olunur. Xaricdən alınan dərmanların təsiri barədə deyilənlər psixoloji faktordan irəli gəlir”.

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR