Onlayn ictimai-siyasi qəzet
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik tərəfindən İƏT-in orqanı olan SESRIC-lə davamlı tərəfdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Mərkəzin təşkil etdiyi tədbirlərdə Nazirliyin əməkdaşlarının iştirak etdiyi, SESRIC-lə İƏT-n Bakıda fəaliyyətə başlayacaq Əmək Mərkəzi, habelə Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Zehra Zümrüd Selçuk iki qurum arasında əlaqələrin getdikcə genişlənməsi üçün müvafiq işlərin aparıldığını, İƏT-in fəaliyyətə başlayacaq Əmək Mərkəzinin əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə S.Babayev və Z.Z.Selçuk Nazirlik və SESRIC arasında gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən Anlaşma Memorandumunu imzalayıblar.
Sənədə əsasən tərəflər Nazirliyin institusional və insan resursları potensialını gücləndirmək məqsədilə xüsusi təlim kursları, seminar, iclas və təlim səfərləri kimi birgə fəaliyyətlərin təşkili və əlaqələndirilməsi, ümumi maraq doğuran mövzular üzrə birgə nəşr, hesabat və tədqiqatların hazırlanması üçün bilik və təcrübə mübadilələrinin aparılması, sosial sahədə birgə layihələrin hazırlanaraq icrası, aidiyyəti statistik məlumatların toplanması və təhlili üzrə potensialın gücləndirilməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcək.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ