İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin alimlərlə bağlı açıqlamasına ekspert şərhi: “Elmi adın geri alınması üçün...”  

“Beş il heç bir məqalə yazmayan birinə alim kimi baxmıram”. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır: “Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb, səmimi olaraq beş il heç nə yazmayıbsa, ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda, davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması yazılan işin keyfiyyətini müəyyən edir”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a bildirib ki, alim elmi yeniliklərini cəmiyyətə təqdim etməlidir:

“Əlbəttə, razılaşmadığım məqamlar var, amma hesab edirəm ki, nazirin yanaşmasında həqiqət payı var. Alim bir yaxud bir neçə sahə üzrə tədqiqat aparan, qanunauyğuluqları müəyyənləşdirən yaradıcı şəxsdir. Alim məşğul olduğu sahə üzrə sistematik fəaliyyətlə məşğul olmalıdır. Əgər sistematik fəaliyyət varsa, alim elmi yeniliklərini cəmiyyətə təqdim etməlidir. Bu yeniliklər onun yazdığı məqalələrdə, əsərlərində, əldə etdiyi ixtiralarda açıqlanır. Bu baxımdan Emin Əmrullayevin yanaşması haqlıdır. Lakin Azərbaycanda son illərdə məqalə sayının, istinad edilmənin çox olması dəb halını alıb. Nəticədə elmi etikaya yaraşmayan yanaşmalar ortaya çıxır. Dünyada da belə hallar müşahidə olunur. Ömrünün müəyyən dövrünü tədqiqatla məşğul olub, bir müddətdən sonra isə ekspert kimi fəaliyyət göstərənlər çoxdur. Belə olan halda onları tədqiqatçı hesab etmək olmaz”.

Ekspert qeyd edib ki, bir çox ölkədə elmi adları universitetlər, institutlar verir: “Elmi ad ömürlük verilir və geri alınması üçün kifayət qədər ciddi arqumentlər olmalıdır. İstənilən halda aktiv elmlə məşğul olan tədqiqatçını digərlərindən ayırmaq lazımdır”.

 

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR