İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan modeli ilə Türkiyəyə birləşmək təklifi

Bu təklif nə qədər real ola və hansı nəticələr doğura bilər?

Şimali Kipr Türk Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklı maraqlı təklif səsləndirib. Onun sözlərinə görə, əgər Şimali Kipr müstəqil dövlət kimi tanınmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər. Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib. 

E.Arıklı alternativlər üzərində düşündüklərini deyib: “Özümüzü müstəqil dövlət kimi tanıda bilməsək də, ərazidə türklərin mövcudluğunu qorumalıyıq. Məsələn, Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasına bənzər bir model qurula bilər. Yəni Şimali Kiprin Türkiyənin tərkibində muxtar respublika statusuna keçməsi istisna edilmir. O halda xarici əlaqələrdə Ankaraya bağlı olsaq da, daxildə müstəqil qalacağıq. Bu məsələni gündəmə gətirəcəyik”. 

E.Arıklı əlavə edib ki, Şərqi Aralıq dənizi sahilləri neft və qazla zəngindir: “ABŞ və Avropa İttifaqı (Aİ) bölgənin sərvətini rahatlıqla istismar etmək üçün burada türklərin mövcudluğunun əleyhinədir. Kipr Respublikası onsuz da Aİ üzvüdür. Yəni onlara əsas maneə Şimali Kiprin varlığıdır, buranı idarə edə bilmədikləri bölgə kimi görürlər. Əgər Türkiyə və türk milləti buradan əlini çəksə, neft və qaz tamamilə ABŞ-la Aİ-nin nəzarətinə keçəcək. Nəticədə Şimali Kipr Türk Respublikası əsla tanınmayacaq”. 

Bu təklif nə qədər real ola və hansı nəticələr doğura bilər?

Akif Nağı namizəd olmaq üçün 500 imza topladı

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı burada qardaş Türkiyə amilinin nəzərə alınmasını çox vacib sayır: “Şimali Kirp rəhbərləri bu prosesi, bu məsələləri daha dərindən bilirlər. Çünki, məsələnin içərisindədirlər. Orada iqtisadi maraqları var. Siyasi maraqlar olmamış deyil. Geosiyasi maraqlar mövcuddur. Bütün bunların hamısını onlardan yaxşı bilən yoxdur. 50 ilə yaxındır ki, bu işin içərisindədir. Məsələnin hansı yollarla həll olunacağı ətrafında daim baş sındırırlar. İqtisadi maraqları çox doğru qabardırlar. Orada doğrudan da neft-qaz məsələsi var. Ona görə də Qərb orada maraqlıdır. Nəyin bahasına olursa olsun, oranı hansısa formada nəzarətə götürmək istəyirlər. Türkiyə rəhbərliyi də bu məsələ üzərində ciddi düşünməlidir. Hesab edirəm ki, deyilən fikir təsadüfi deyil. Məsələ həm Şimali Kıbrıs rəhbərliyi ilə müzakirə olunub, həm də böyük ehtimalla Türkiyə rəhbərliyi ilə də müzakirələr aparılıb. Sadəcə onun detalları düşünülməlidir ki, ağrısız-acısız bu proseslər keçsin. Hansısa bir Qərb dövlətinin, yaxud NATO-nun narazı bir formada müdaxiləsi olmasın. Yəni işi görəndə elə görmək lazımdır ki, onun nəticəsi müsbət olsun, daha mənfiyə getməsin. Amma şəxsən mən tərəfdarıyam ki, orada artıq uzun bir dövr ərzində onlar özlərini müstəqil dövlət kimi göstəriblər, bu məsələdə bu qədər gözləyiblərsə, bir qədər də gözləmək lazımdır. Burada tanınmaq məsələsi var. Dünya birliyi tərəfindən tanınmır, o tərəfdən də yunan Kipri ona qarşı çıxır. Çox yaxşı olardı ki, bu dövlət öz mövcudluğunu davam etdirsin, amma müstəqilliyi tanınsın, BMT-yə daxil olsun. Amma təəssüflər olsun ki, buna imkan vermirlər. Xatırlayırsınızsa, xeyli müddət əvvəl onların arasında münasibətlər çox gərgin idi. Belə təklif olundu ki, hər iki tərəf eyni vaxtda BMT-yə üzv qəbul olunsun. Türkiyə tərəfi də bunu bəyənmişdi. Şimali Kıbrıs türkləri də bəyəndilər. Amma son məqamda Qərb növbəti dəfə özünün qərəzli mövqeyini nümayiş etdirdi. Yunan Kipri qəbul etdilər, amma Şimali Kipr BMT-yə qəbul etmədilər. Orada da özlərinin əsl simalarını göstərdilər. Yenə də məsələyə baxılmalıdır. Bir müstəqil türk dövlətinin də meydanda olması çox yaxşıdır. Bu dövlətin beynəlxalq qurumlarda səs hüququ olmalıdır. Amma o imkanlar artıq tükənibsə, daha artıq dayanmaq mümkün deyilsə, yeganə yol kimi hesab edirəm ki, Türkiyənin tərkibinə muxtar respublika kimi qəbul olmaları bir çıxış yolu olardı. Amma burada da bunun təhlükəli cəhətləri var. Türkiyə unitar bir dövlətdir. Orada bilirsiz ki, müəyyən separatçı meyllər var. Bu proses qardaş ölkə daxilində separatçı meylləri qızışdıra bilər. Yəni orada kürdlər və digərləri olsun, bu məsələ hökmən nəzərə alınmalıdır. O şəkildə olarsa, Türkiyə üçün hansısa bir təhlükə yarana bilər. Hər şey ölçülüb-biçilməlidir. Hərtərəfli ölçülüb-biçiləndən sonra Türkiyə, Şimali Kipr və bütövlükdə türk dünyası üçün xeyirli olan fəaliyyət qəbul olunmalıdır”.  

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu 

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu bu məsələnin reallaşmasını çətin görür: “Şimali Kiprin Naxçıvan Muxtar Respublikası formasında bir status alması asan olmaya bilər. Naxçıvana Azərbaycan tərkibində muxtar respublika statusu verilməsi 100 il əvvəl regionda yaranmış siyasi situasiya ilə əlaqədar olub. Bu regionda üç əsas gücdən ikisi Türkiyə və Rusiya Naxçıvana özəl statusu tanıyıb, təminatçısıdır. Ancaq Kiprdə situasiya daha mürəkkəbdir. Ada yunan və türk tərəfinə bölünüb, ABŞ və Avropa İttifaqı yunan Kiprini dövlət olaraq tanıyıb. Üstəlik, uzun illərdir ki, tərəflər arasında barışıq prosesi davam edir. İndi türk tərəfi Türkiyəyə birləşmək istəsə, bu təkcə Kipr türklərinə deyil, həm də Türkiyəyə qarşı sərt sanksiyalara səbəb ola bilər. Yəni başqa deyimlə dünya türklərin sülhdən imtina etdiyini qəbul edəcək və bu yunanlar üçün üstünlük olacaq. Ancaq indiki halda əslində uzlaşmadan imtina edən yunanlardir. Halbuki dünya onlara dəstək verir. Bu mənada Türkiyə tərkibinə daxil olmaq Şimali Kiprə yeni nəsə verməyəcək. Onsuz da Türkiyə ada türklərini kifayət qədər müdafiə edir, dəstəkləyir. Kiprin şimalinin Türkiyəyə birləşdirilməsi isə, Ankaranın əl-qolunu bağlayacaq. Yəni sağlam bir plan deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR