Onlayn ictimai-siyasi qəzet
Növbəti həftədə Vaşinqtonda NATO-nun yubiley sammiti baş tutmalıdır. Maraqlıdır ki, sammitə təkcə axır vaxtlar yaman “qərbpərəst siyasət” sərgiləyən və demək olar ki, KTMT-nın bütün tədbirlərini boykot edən Ermənistan deyil, Azərbaycan da dəvət alıb.
Əslində, sammitdə iştirak etmək üçün Bakının daha çox haqqı var, nəinki İrəvanın, çünki ermənilərin Qərblə təmasları hələ indi-indi başlayır və daha çox potensial xarakter daşıyır, nəinki real – bilinmir ki, “qərbpərəst erməni siyasəti” hara qədər inkişaf edəcək və nə qədər davamlı olacaq...
Azərbaycanda isə vəziyyət tamam başqadır. Bu ölkə hətta rus sülhməramlılarını da öz ərazisindən çıxarıb və Ermənistan bir yana, hətta qonşu Gürcüstandan fərqli olaraq bizim ərazilərimizin bir faizi belə Rusiyanın nəzarətində deyil. O ki qaldı Azərbaycanın Bloklara Qoşulmayan Dövlətlər Birliyində təmsil olunmasına və hətta burada liderlik etməsinə, bir neçə ay bundan əvvəl Bakıda səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq maraqlı işarə etmişdi: o bildirmişdi ki, bəzi keçmiş neytral dövlətlərin indi bir qismi NATO-nun üzvüdür! Onun sözünə qüvvət kimi qeyd edək ki, elə bu yaxınlarda daha dörd neytral ölkə Alyansla genişləndirilmiş əməkdaşlıqda maraqlı olduğunu bildirmişdi və onların arasında İsveçrə kimi klassik neytral ölkə də vardı.
Azərbaycanla bağlı onu da qeyd edək ki, ən yaxın vaxtlarda Bakı Türkiyənin hərbi standartlarını qəbul edəcək. Amma bəlli olduğu kimi, Türkiyənin hərbi standartları elə NATO standartlarıdır və bu o deməkdir ki, Azərbaycan ordusu dolayı yolla NATO standartlarını qəbul edəcək. Bütün bunlar o deməkdir ki, Bakı NATO ilə ciddi əməkdaşlıq üçün Cənubi Qafqazda ən hazır və əlverişli ölkədir. Amma burada başqa məqamlar da var ki, onların üzərindən sükutla keçmək olmur. Üstəgəl, onlar bir məsələyə aydınlıq gətirir: Ermənistan sammitin işində iştirak edəcəyini desə də, rəsmi Bakı hələ susur və bizim Vaşinqton sammitində iştirak edib-etməyəcəyimiz hələ nisbi sual altındadır.
Birincisi ona görə ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun Avropa İttifaqına və yaxud da NATO-ya inteqrasiya ilə bağlı hər hansı planı yoxdur. Amma ərz etdik ki, bu sammit daha çox yubiley sammitidir və burada hansısa ciddi sənədin imzalanması gözlənilmir.
Hətta deyilənə görə, Kiyev sammitə dəvət almayıb, səbəbini də belə deyirlər ki, Vaşinqton Moskva ilə onsuz da gərgin münasibətləri bir az da gərginləşdirmək istəmir. Fəqət, sammitin gedişində Bakı və İrəvanın xarici işlər nazirlərinin görüşü gözlənilir. Mümkündür ki, məhz buna görə Azərbaycan təmsilçisi Vaşinqtona yollansın. Amma elə bu günlərdə Azərbaycan prezidenti bəyan etdi ki, İrəvan öz konstitusiyasını dəyişməyincə, daha doğrusu, ona müvafiq düzəlişlər etməyincə, onunla heç bir sülh sazişi imzalamayacaq. Çünki bu saziş də Sürix protokollarının taleyini təkrar edə bilər: bir vaxt Ermənistanın Konstitusiya Məhkəməsi bu protokolları anti-konstitusion akt kimi ləğv etmişdi.
Bir sözlə, Bakı təkcə Nikol Paşinyanla yox, Ermənistanla sülh sazişi imzalamaq niyyətindədir və ona görə də ona təminat lazımdır ki, gələcək hakimiyyətlər Nikol Paşinyanla imzalanmış sazişi “konstitusiyaya zidd sənəd” adlandırmayacaq...
İkincisi, Vaşinqton sammitinə dəvət həm də Rusiya ilə bağlı məsələdir. Kreml dərhal buna reaksiya verdi: dedilər ki, Qərbin məqsədi Rusiyanın “yaxın müttəfiq”lərini ondan uzaqlaşdırmaqdır. Hələlik Ermənistan bəlli məsələdir, Azərbaycana gəldikdə isə, o, ona görə Moskvanın “yaxın müttəfiqi” hesab olunur ki, onun Avropa İttifaqı və NATO ilə bağlı hər hansı planı yoxdur – nə taktiki, nə də strateji! Əlbəttə, demək olmaz ki, Bakı bu iki geosiyasi və geoiqtisadi qurumla münasibətlərini yalnız və yalnız Rusiyanın maraqları ilə uzlaşdırır – yox, burada Azərbaycan hakimiyyətinin öz maraqları da var və onlar hazırda Rusiyanın maraqları ilə çox gözəl uzlaşır. Bütün hallarda, rəsmi Bakı Vaşinqton sammitilə bağlı qərar qəbul etməmişdən öncə saatlarını bir daha Moskvanın saatları ilə sinxronlaşdırrmağa çalışacaq. Amma qarşıdan COP-29 tədbiri gəlir və məsələnin qəlizliyi bundadır ki, başqasının dəvətini qəbul etməyənin öz dəvəti də qəbul olunmaya bilər. Biz isə COP-29-u yalnız və yalnız Rusiya və Çinlə birlikdə keçirə bilmərik. Ona görə də gəlin yüz ölçüb, bir biçək...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ